Məhəmməd Hadi küçəsində ağac kəsənlər cəzalandırıldımı...


Sakinlər ərazidə abadlıq işləri aparıb, kəsilən ağacların yerinə yenilərini əkiblər...

Bakıda dövlətin ciddi nəzarəti sayəsində ağacların kəsilməsi, qırılması halları azalıb. Hansısa məhəllə sakini hətta eyvanına uzanan, ona maneə yaradan ağacın budağını belə icazəsiz kəsə bilməz. Ekspertlərin fikrincə, indiki halda bu, olduqca yaxşı haldır. Çünki getdikcə əhalisi artan iri şəhərlərdə, paralel olaraq yaşıllığı da çoxaltmaq lazımdır. Ancaq bütün tapşırıqlara, göstərişlərə, cərimələrə baxmayaraq, yenə də ağacları kəsənlərə az da olsa rast gəlinir.

Ötən həftələrdə Məhəmməd Hadi küçəsi, 93/99 ünvanında 100-dən çox ağacın kəsilməsi və köçürülməsini misal göstərə bilərik. 

Bəs hazırda qeyd etdiyimiz ərazidə durum necədir? Ağacları kəsən sahibkar cəzalandımı?

Məlumat üçün qeyd edək ki, ağacların kəsildiyi ərəfədə “Yeni Müsavat” qəzetində çoxsaylı yazılar, reportajlar dərc olundu. Daha sonra müvafiq qurumların rəsmiləri əraziyə yolandılar.  Mayın 8-də ərazidə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov da gedib, vəziyyətlə maraqlandı.

RüstÉm Temirov ile ilgili görsel sonucu

Öyrəndik ki, artıq ərazidə tamamilə yaşıllıq salınıb. Köçürülən ağaclar yerinə qaytarılmaqla yanaşı, yeniləri də əkilib. Sakinlərlə söhbətimiz zamanı onlar bildirdilər ki, məhəllədə uşaq, böyük, bir sözlə, hər kəs ağaclara qulluq edib onları qoruyurlar. Sakinlər həftə sonları iməcilik də təşkil edib, ərazini abadlaşdırmaq istiqamətində işlər görürlər. Sakinlərin sözlərinə görə, ərazidə yaşıllığın qorunmasına “İDEA” İctimai Birliyi tərəfindən də nəzarət var. Ağacı kəsənlərin aqibətinə gəlincə isə sakinlər söylədilər ki, həmin şəxslər polis tərəfindən aparılıb, barələrində qanunla müvafiq tədbirlər görülüb.

Hadisə cinayət tərkibi yaratdığından torpaq mülkiyyətçisi Həzrətəli Temirov (ərazi onun adına oğlu Rüstəm Temirov tərəfindən rəsmiləşdirilib) barəsində toplanmış araşdırma materialları qanunamüvafiq tədbirlərin görülməsi üçün Baş Prokurorluğa göndərilib.

Lakin Rüstəm Temirov modern.az saytına açıqlamasında mövcud durumla razılaşmayıb. O bildirib ki, həmin ərazi onun şəxsi mülkiyyətindədir:

“2012-ci ildə Ukrayna dairəsinin yaxınlığında mənim 24 sot çıxarışlı sənədi olan torpaq sahəm vardı. Məndən xahiş edildi və həmin torpağı dövlət fonduna verim. Həmin yerdə hərbçilər üçün bina tikilib. Düşündüm ki, dövlət üçün lazımdırsa, mən bunu etməliyəm. Məhəmməd Hadi küçəsi, 93/99 ünvanındakı torpaq da onun əvəzinə mənə Bakı Şəhəri İcra Hakimiyyəti tərəfindən verilib. Niyə mən qanuni mülkiyyətçisi olduğum torpaqla bağlı problem yaşamalıyam?! Mən istəyirəm ki, hər şey halallıqla olsun. Amma baxıram ki, elə ən böyük haqsızlığı, haramlığı mənə qarşı edirlər. Məni şantaj edirdilər ki, jurnalistləri çağırıb ağacları kəsdiyini deyəcəyik. Mən bütün bunlar ola bilər deyə, foto və videoçəkilişlər aparmışam...”

MÉhÉmmÉd Hadi küçÉsindÉ aÄac kÉsÉnlÉr ile ilgili görsel sonucu

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərindən Məhəmməd Hadi küçəsində baş verənlərlə bağlı “Yeni Müsavat”a açıqlama göndərilib. Açıqlamada bildirilir ki,  Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən vətəndaşların müraciətləri əsasında Bakı şəhərinin Xətai rayonu ərazisində, habelə Lənkəran və Quba regional meşə təsərrüfatı mərkəzlərində aparılmış monitorinqlər nəticəsində meşələrdə və xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və digər yaşıllıqların icazəsiz kəsilməsi ilə təbiətə xeyli və külli miqdarda ziyan vurulması faktları müəyyən edildiyindən toplanmış materiallar araşdırılması üçün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib:

“Baş İdarə tərəfindən aparılmış ilkin araşdırmalarla Bakı şəhəri Xətai rayonu, M.Hadi küçəsi 93 və 99 saylı binaların arasında əvvəllər sakinlər tərəfindən 0,24 hektar sahədə salınmış bağ sahəsində 25 ədəd ağac və kolun kəsilərək məhv edilməsi və digər 98 ədədinin isə başqa əraziyə köçürülməsi ilə təbiətə xeyli miqdarda ziyan vurulmasına şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə (qanunsuz ağac kəsmə) cinayət işi başlanılıb. Hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən ibtidai istintaqı aparılan hər üç cinayət işi üzrə təqsirli şəxslərin dairəsinin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları, ətraf mühitə vurulmuş ziyanın ödətdirilməsi və nəticələrinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər davam etdirilir”.

Bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Baş Prokurorluq tərəfindən bundan sonra da bu kimi cinayətlərin törədilməsinə səbəb və şərait yaradan halların müəyyən edilərək aradan qaldırılması və bu sahədə baş verən neqativ halların qarşısının alınması məqsədilə zəruri tədbirlər görüləcək.


Tarix: 21-05-2019, 10:09
Xəbəri paylaş





Xəbər lenti