“İstintaqın nəticəsini gözləyək”- sabiq polis rəisi Binəqədidəki qətllər barədə danışdı


Binəqədi rayonunda Mübariz Budaqlının odlu silahdan açılan atəşlə qətli ilə bağlı araşdırmalar davam edir. Rəsulzadə qəsəbəsində avtomobildə güllələnən Mübariz Budaqlının qətlinin kriminal dairələr arasındakı münaqişənin təzahürü ola biləcəyi ehtimalları var. Qətlin “Emin 444” ləqəbi ilə tanınan kriminal avtoritet Emin Səfərovun qətli ilə əlaqəli olması iddiaları da yayılıb.

Nə baş verir? 1 ay fərqlə 2 qanlı qətlin törədilməsi cinayətkarlığın baş qaldırması kimi təqdim oluna bilərmi?

Sabiq polis rəisi, istefada olan polkovnik-leytenant Mahmud Hacıyev deyir ki, cəmiyyət olan yerdə cinayət də olacaq: “Binəqədi rayonunda ard-arda törədilən cinayətlər o demək deyil ki, ölkədə kriminogen durum kəskindir. Cəmiyyətdə hər cür insan var. Düşüncə tərzləri fərqli olan insanlar varsa, konfliktlərin olması da qaçılmazdır. Cinayətsiz cəmiyyət yoxdur. Sovet vaxtı deyirdilər ki, biz sosializmdə yaşayırıq, sosializm tam qələbə çalandan sonra kommunizmə keçid olacaq, həmin dövrdə cinayətkarlıq, cinayət olmayacaq. Əlbəttə ki, bu utopiya idi. Bu məntiqə sığmayan fikirlər idi. Cəmiyyət var olan yerdə cinayət də olacaq. Bu baxımdan mən cinayətin baş verməsini təbii qəbul edirəm”.

Mahmud Hacıyev deyir ki, cinayətlərin törədilməsi səbəblərini öyrənən kriminalogiya elmi var: “Kriminalogiya 3-5, 8-10 illik dövrlərdə baş verən oxşar cinayətlərin başvermə səbəblərini öyrənir. Cinayət hansı zonada, hansı silahla, üsulla və s. məqamlar nəzərə alınmaqla araşdırılır. Hansı zonada bu və ya digər cinayətin artma səbəbləri öyrənilir. Hüquqşünaslar, psixoloqlar, psixiatrlar kompleks halında araşdırma aparırlar. Bu və ya digər cinayəti törətmiş şəxsin psixoloji durumu, yaşam tərzi, iş şəraiti və digər faktorlar nəzərə alınır. İnsan var ki, cinayəti psixoloji durumundakı naqisliklərə görə törədir. Mümkündür ki, şəxs emosional olsun və hər hansı bir hadisədən affekt vəziyyətə düşsün cinayət törətsin. Olur ki, şəxsdə ruhi pozğunluq var, amma bundan heç yaxınları da məlumatlı deyillər. Hansısa hadisənin təsiri altında belə pozğunluq özünü büruzə verir və cinayət törənir. Bu baxımdan hüquq-mühafizə orqanlarının niyə vaxtında tədbir görüb bu və ya digər cinayətin qarşısını almaması haqda ittihamlar həmişə haqlı deyil”.

Mahmud Hacıyev deyir ki, cinayət varsa, cinayətkarlıqla mübarizə də var. Şəxs hər hansı bir səbəbdən cinayət törədirsə, onun cəza alacağı da gözləniləndir. Binəqədidə baş verən cinayətlərə görə həbslər oldu. Qəddar qətli törədənləri də, küçənin ortasında qanqsterlik edənləri də tutub istintaqa təhvil veriblər. Həmin adamlar cinayət məcəlləsinə uyğun cəzalarını da alacaqlar. Bu adamlar istintaqa cəlb ediliblər və məhkəmə qarşısına da çıxarılacaqlar. Əlbəttə ki, belə cinayətlərin olması, ard-arda baş verməsi ictimaiyyət arasında əlaqəli ola biləcəkləri haqda ehtimalların yayılmasına səbəb ola bilər. Dedi-qoduya, şayiələr yayılır. Lakin istintaq, məhkəmə olan yerdə ehtimallara yer qalmır. İstintaqda bu cinayətlərin əlaqəli olub-olmaması, cinayətlərin baş vermə səbəbləri diqqətlə araşdırılıb yoxlanılır. Yəqin ictimaiyyətə bu cinayətlərin əlaqəli olub-olmaması haqda da məlumat veriləcək”.

Mahmud Hacıyev deyir ki, hər 2 iş üzrə qətlə yetirilən şəxslərin əvvəllər məhkum edilməsi hələ bu cinayətlərin əlaqəli olması demək deyil: “Düzdür, hər 2  öldürülən şəxs yenicə həbsdən çıxıblar. Ola bilər ki, bu işlərin əlaqəsi də var. Mümkündür ki, bu adamların “içəri”dən əlaqələri olub. Amma hazırda istintaq gedir. İstintaqçılar bütün versiyaları araşdırmalıdırlar. Əsas 2-3 versiya götürülməli və bu qətllərin əlaqəli olub-olmaması, cinayətlərin baş vermə səbəbləri, digər xüsusatlar aydınlaşdırılmalıdır. İstintaq gedir, nəticəsini gözləməliyik”.

Mahmud Hacıyev deyir ki, yaxşı istintaqçılar əsasən 2-3 ağlabatan versiyanı müəyyən edib həmin versiyalar üzrə araşdırma aparırlar: “Elə də olur ki, özlərini ağıllı göstərmək üçün 10-15 versiya ortaya qoyub özlərini dolaşığa salırlar. Peşəkar istintaqçı, əməliyyatçı isə belə dolaşığa getməz. Ona görə də peşəkarlar əsasən 2-3 versiya üzərində işləyirlər. Bu ağır qətl işlərini də çox güman ki, peşəkarlara tapşırıblar. Hər halda Binəqədidə baş verən qətllərlə bağlı detallı araşdırma aparılıb ortaya nəticə qoyulacaq”.

Sabiq polis rəisi deyir ki, hüquq mühafizə orqanlarında çalışdığı müddətdə serial cinayətlərin açılmasında iştirak edib: “Nizami rayonunun ərazisində, metronun “Neftçilər” stansiyasından Nizami Rayon İcra Hakimiyyətinə doğru qalxan pilləkənlərdə qadınların çantalarını başlarına vurub əllərindən alırdılar. Hətta bu haqda o dövrdə mətbuatda “24-cü bölmənin “sumka əməliyyat”ı adlı məqalə də yazılmışdı. Adamlar axşam saat 11-dən sonra qadınların başlarına küt alətlə vurub çantalarını alıb qaçırdılar. 15-ə yaxın qadına qarşı belə cinayət olmuşdu. Həmin vaxt da mətbuatda Nizami rayonunda serial cinayətlər və hüquq mühafizə orqanları haqda yazırdılar. 3 nəfəri tutduq, məlum oldu ki, başqa rayonların ərazisində də cinayət törədiblər. Buna görə də Binəqədidəki qətllərlə bağlı da nəticə çıxarmağa tələsmək lazım deyil, istintaqın nəticəsini gözləmək lazımdır. Bu cinayətlərə mən “qanunauyğunluq” kimi baxıram. Cinayətsiz cəmiyyət olmur”.  “Yeni Müsavat”


Tarix: 14-06-2019, 17:17
Xəbəri paylaş





Xəbər lenti