Xanımını 5-ci mərtəbədən atmaqda suçlanan direktorun cinayəti - kəsilmiş barmaq, "bir baş çəkmişəm" mesajı


Bakıda baş verən dəhşətli qətl hadisəsinə görə məhkəmə iclası davam etdirilir. Bu dəfə də məhkəmədə gərginlik yaşanıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını yaşadığı binanın 5-ci mərtəbəsindən ataraq öldürməkdə təqsirləndirilən Ramiz Taxveli hakim önünə çıxarılıb. İşə hakim Rasim Sadıxovun sədrliyi ilə baxılır.

Əvvəlcə onu qeyd edək ki, təqsirləndirilən R.Taxveli Müalicə Müəssisəsində müalicə alır. O, məhkəməyə əlil arabasında gətirilir və deyilənə görə, özünü idarə edə bilmir, psixoloji problemləri var. Bu gün baş tutan prosesdə də Ramiz Taxvelinin davranışlarını idarə edə bilmədiyi müşahidə edilib.

Amma istintaq Taxvelinin səhhətində heç bir problemin olmadığı qənaətinə gəlib.

Zərərçəkmiş tərəf də bununla razılaşmır, Ramiz Taxvelinin bilərəkdən bu cür davrandığını deyir. Mərhumun anası Samirə Süleymanova Ramiz Taxvelinin davranışlarını şou adlandırıb.

Sonuncu məhkəmə iclasında R.Taxvelinin vəkili Q.İbrahimov vəsatətlə çıxış edib. Vəkil məhkəmə protokolu ilə tanış olmaq istədiyini bildirib. Məhkəmə vəsatəti təmin etməyib.

Bundan sonra Q.İbrahimov məhkəmə tərkibində olan hakimlər Novruz Kərimov və Rasim Sadıqova etiraz edib. Vəkil etirazını bununla əsaslandırıb ki, hər iki hakim şahidlərin dindirilməsinə müdaxilə edərək obyektiv məhkəmə araşdırması aparılmasına şərait yaratmırlar.

"Şahidlərdən biri Ramiz Taxvelinin maşınından narkotik tapıldığına şahidlik etdiyini deyirdi. Amma maşının hansı hissəsində narkotik olduğunu bilmirdi. Hakim Rasim Sadıqov "saxlanc yeri" deyərək şahidi istiqamətləndirib. Digər şahid isə "102 xidməti"nə zəng edən şəxsdir. Şahid əvvəlcə dedi ki, bir nəfərin özünü atdığını görüb. Suallardan sonra isə mərhumun özünü binadan atdığını görmədiyini dedi. Lakin Novruz Kərimov şahidin bu ziddiyyətli sözlərinə müdaxilə edərək "yəqin həmin vaxt elə zənn edib" deyə şahidə istiqamət verib. Bu isə onu göstərir ki, məhkəmə tərkibi ittiham tərəfini müdafiə edir və bu işdə maraqlıdır" - deyən vəkil vəsatətinin Bakı Ağır Cinayətlər Məhkəməsinin sədrinə çatdırılmasını istəyib.

Məhkəmə müşavirədən sonra vəsatəti təmin etməyib. Hakim bu qərarı belə əsaslandırıb ki, bu məhkəmə gedişatının uzadılmasına hesablanıb.

Vəkil daha bir vəsatət verib. Müdafiəçi bildirib ki, hadisə baş verən binanın qarşısındakı binada Faiq Qəhrəmanlıya məxsus mənzildə kamera görüntüsü olub: "Protokolda da görünür ki, həmin görüntülərə baxış keçirilib. 10 dəqiqəlik görüntü 1 saatdan artıq izlənilib. Mən Faiq Qəhrəmanlıdan həmin görüntülərə baxmaq üçün icazə istədim. Amma icazə vermədi. Bildirdi ki, kamera sensorlu olduğu üçün ancaq hərəkət olan zaman intihar baş verən ərazini çəkə bilərdi. O dedi ki, həmin an məhəllədən maşın da keçmədiyi üçün kamera hərəkətdə olmayıb. Mən həm Faiq Qəhrəmanlının, həm də baxış protokolunu tərtib edən müstəntiqin məhkəmədə dindirilməsini istəyirəm".

Hakim bildirib ki, cinayət işi materialında belə bir protokol var. Lakin hakim qeyd edib ki, verilən vəsatətə sənədlərin tədqiqi mərhələsində həmin protokol elan edilən zaman baxılacaq. Məhkəmədə sənədlərin tədqiqi mərhələsi başlayıb. Sənədlər elan olunan zaman məlum olub ki, Ramiz Taxverdiyev hadisədən bir neçə dəqiqə əvvəl vatsap sosial şəbəkəsinə kəsilmiş barmaq şəkli qoyub. Daha sonra isə qayınanası ilə danışıb. O, mərhum yoldaşı ilə problemlərindən danışıb. Başqa bir sənəddə isə Ramiz Taxvelinin vatsapda dostuna "bir baş çəkmişəm" yazdığı yazışma var. O, bununla narkotik vasitə istifadə etdiyini bildirib.

Müdafiəçi məhkəmə iclasının gedişinin audio və video görüntülərlə lentə alınmasını istəyib. Vəkil işin daha şəffaf araşdırmasının təmin edilməsi üçün vəsatətinin təmin edilməsini istəyib.

Məhkəmə vəsatəti təmin etməyib və bildirilib ki, hər prosesdə protokol tərtib edilir. Vəkil daha sonra Ramiz Taxvelinin işçisi olmuş Rəna Məmmədovanın şahid qismində dinirilməsi barədə vəsatət qaldırıb. Vəkil Rəna Məmmədovanın Ramiz Taxvelinin avtomobilinə baxışda iştirak etdiyini və avtomobildən narkotik maddə - marixuana tapıldığını iddia edib. Bu səbəbdən vəkil həmin qadının dindirilməsini istəyib. Məhkəmə vəsatəti təmin edib.

İttihamda yazılır ki, Taxveli ilk qızının epilepsiya xəstəsi olaraq doğulmasında mərhum arvadı Adelyanı daim günahkar bilib. Bu səbəbdən də onların arasında mütəmadi olaraq mübahisə olub. Sonuncu dəfə ötən il dekabrın 9-da axşam saat 22 radələrində marixuana qəbul edib. Adelyanı yuxudan oyadaraq döyüb, saçından tutub sürüyərək otaqları gəzdirib və uşaqları ilə vidalaşmağa məcbur edib.

İttihamda göstərilir ki, həmin vaxt yataqda olan xəstə qızı Aliyanı götürərək yerə çırparaq yuxudan oyadıb. Səsə digər övladları da oyanıb. Uşaqlar atalarına yalvararaq analarını döyməməsini istəyib. Taxveli arvadını sürüyərək balkona çıxarıb və balkondan aşağı atıb.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələr əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddələri ilə ittihamı irəli sürülüb.

Xatırladaq ki, hadisə Nəsimi rayonu, 381-ci məhəllə, R.Behbudov küçəsi ev 65, mənzil 51-də baş verib. Taxveli Ramiz Pərviz oğlu həyat yoldaşı, 1988-ci il təvəllüdlü Taxveli Adelya Azər qızını yaşadığı binanın 5-ci mərtəbəsindən atıb. Nəticədə qadın aldığı xəsarətdən hadisə yerində keçinib.

Əvvəlcə mərhumun intihar etdiyi deyilirdi. Lakin araşdırmalardan sonra hadisənin intihar yox, qətl hadisəsi olduğu üzə çıxmışdı. Araşdırmalar zamanı o da məlum olub ki, R.Taxvelidə narkotik qəbulu nəticəsində psixi pozğunluq yaranıb. Bildirək ki, Ramiz Taxveli “Buta Palace”nin art direktoru olub.


Tarix: 2-08-2019, 18:12
Xəbəri paylaş





Xəbər lenti