Mingəçevirdə polis əməkdaşı bıçaqlanıb

 Hadisə şəhərin polis rəisi və əməliyyat işləri üzrə rəis müavini vəzifələrinin boş qaldığı bir vaxtda baş verib. Mingəçevir şəhər sakini, polis mayoru Rəşad Məzahir oğlu Məmmədov bıçaqlanıb. Kəsilmiş və deşilmiş xəsarətlər alan R.Məmmədov xəstəxanaya yerləşdirilib. Çox keçmədən R.Məmmədova bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb. Bu, əvvəllər məhkum olunmuş şəhər sakini Xamis Sadıqovdur. İlkin məlumata görə, içkili vəziyyətdə küçədə nalayiq ifadələr işlədən X.Sadıqov bu hərəkətlərinə görə ona irad tutan polis zabitinə bıçaqla xəsarət yetirib.
Hadisəni törətməkdə şübhəli bilinən X.Sadıqov saxlanılaraq istintaqa təhvil verilib.
Maraqlı olan hadisənin şəhərin polis rəisi və əməliyyat işləri üzrə rəis müavini vəzifələrinin boş qaldığı bir vaxtda baş verməsidir.
Qeyd edək ki, bir neçə gün öncə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə Mingəçevir şəhər Polis Şöbəsinin rəisi, polkovnik Teymur Hacıyev tutduğu vəzifədən azad olunaraq Bakı şəhər Baş Polis İdarəsinə əməliyyat işləri üzrə rəis müavini, Mingəçevir ŞPŞ-nin əməliyyat işləri üzrə rəis müavini, polkovnik leytenant Azay Ağayev isə Daşkəsən rayon Polis Şöbəsinə rəis təyin olunub.
O da maraqlıdır ki, T.Hacıyev Mingəçevirə polis rəisi postuna bu ilin fevralında, A.Ağayev isə Mingəçevir ŞPŞ rəisinin əməliyyat işləri üzrə müavini vəzifəsinə bu ilin aprelində təyin olunmuşdu.
 SIAM.AZ
Tarix: 6-10-2019, 08:50
Xəbəri paylaş





Xəbər lenti