Hərbi hissə əsgərin güllə yarasından öldüyünü deyir, Müdafiə Nazirliyi təsdiqləmir


Azərbaycan ordusu

“N” saylı hərbi hissədə xidməti vəzifəsini yerinə yetirərkən güllə yarasından həlak olan Namazəliyev Bəxtiyar Əvəz oğlu haqqında məlumat Müdafiə Nazirliyində yoxdur”.


Bu barədə Bizimyol.info-ya Bəxtiyar Namazəliyevin qardaşı, İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində məskunlaşmış Füzuli rayonu, Horadiz kəndindən məcburi köçkün Namazəliyev Vəli Əvəz oğlu bildirib. O, deyib ki, Silahlı Qüvvələrin şəxsi heyətində qardaşının ata adı (Əvəz oğlu deyil, Əli oğlu yazılıb) dorğu yazılmaması problemə səbəb olub.

“Qardaşım Bəxtiyar Namazəliyev 04.06.1994-cü il tarixində Füzuli rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağrılıb. O, həmin ilin noyabrın 4-də hərbi hissədə təlim zamanı atəş nəticəsində həlak olub. Bu fakt həmin tarixli, 1189 nömrəli bildirişdə və 01.03.1995-ci il tarixli 485069 nömrəli ölüm haqqında şəhadətnamə ilə təsdiq edilib. Amma Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 06.12.2018-ci il tarixli məktubunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarda itkin düşmüş əsgərlərin siyahısında qardaşım Bəxtiyar Namazəliyevin adının olmadığı deyilir. Ona görə də, mərhum qardaşımın təlim zamanı həlak olması faktının müəyyən olunmasından ötrü məsələni ictimailəşdirmək məcburiyyətində qaldım”,- deyə Vəli Namazəliyev bildirib.

O deyib ki, qardaşının adı həlak olmuş hərbçilərin siyahısında olmadığı üçün ona sığorta ödənişi verilmir.

Məsələ ilə bağlı Müdafiə Nazirliyindən bildirilib ki, hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında Namazəliyev Bəxtiyar Əvəz oğlunun xidməti və həlak olması barədə məlumat aşkar olunmayıb.

Tarix: 7-11-2019, 13:11
Xəbəri paylaş





Xəbər lenti