İş adamı məhkəmədə “GünayBank”ın keçmiş sədr müavininə 200 min dollar bağışladı - TƏFƏRRÜAT


“GünayBank”ın keçmiş sədr müavini növbəti dəfə hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Emin Zeynalovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında zərərçəkmişlərdən Eldar Abbasov ifadə verib. O, deyib ki, dollar alqı-satqısı üçün Emin Zeynalova 600 min dollar verib. Abbasov deyib ki, Emin Zeynalovla ailəvi tanışlığı, özü ilə də yaxın münasibətləri olub.

Hakim Abbasova ifadə verməyi təklif edib. Abbasov deyib ki, danışılacaq bir söz yoxdur: "600 min verdim. Sonra da hər şey məlumdur. Nə danışaq?".

Hakim Abbasovdan nə qədər pulunun geri qaytarıldığını soruşub. Abbasov bildirib ki, pulun cəmi 60-70 min dolları geri qaytarılıb. Zərərçəkmiş pulun 500 min dollarının qaytarılmasının kifayət etdiyini deyib.

Daha sonra prokurorun çoxsaylı suallarını cavablandıran Abbasov bunları deyib: "Eminin bankda işlədiyini bilirdim. Yeni valyuta dəyişmə məntəqələri açırdılar. Biz də tez-tez görüşürdük. Mən onlardan lazım olanda dollar alırdım. Görüşlərdən birində söhbət düşəndə mənə dedi ki, istəsən, dövriyyəyə dollar buraxa bilərsən. Mən də razılaşdım. Verdiyim pula görə aylıq gəlir olurdu. 400 min dollar verəndə ayda təxminən 5 min gəlir olurdu. Sonra da 200 min verdim. Bəzən çox da olurdu. Mənim özüm bizneslə məşğulan. 5-6 obyektim var".

Daha sonra Eldar Abbasov Emin Zeynalovun vəkili Kamandar Nəsibovun suallarını cavablandırıb. Kamandar Nəsibov zərərçəkənə Emin Zeynalova verdiyi 600 min dollara görə aylıq qazancı barədə suallar verib. Zərərçəkmiş aylıq 5 min dollar və ya daha artıq qazanc əldə etdiyini deyib. Eldar Abbasovun dediklərindən məlum olub ki, onun həmin ərəfədə ümumi qazancı 50 min dollara yaxın olub.

Kamandar Nəsibov sualları davam etdirən zaman zərərçəkmiş narazılıq edib. Əvvəlcə verdiyi 600 min dollardan 100 min dollarını bağışlayan Eldar Abbasov daha 100 min dolları bağışladığını deyib. "Yaxşı 200 min də keçirəm. 400 min dollarını versin, bəsdi" - deyə zərərçəkmiş bildirib.

Prosesdə Tamerlan Şeyxzamanov fa ifadə verib. Ona dəymiş zərər 100 min dollardır. Tamerlan Şeyxzamanov aylıq qazancının 3 min dollar olduğunu deyib. O, bildirib ki, ümumi olaraq 42 min dollar qazanıb. O, 100 min dollarının tam olaraq alınmasını istəyib. Emin Zeynalovun vəkilinin suallarını cavablandıran Tamerlan Şeyxzamanov 100 min dollardan heç bir güzəşt etməyəcəyini deyib. Tərəflərin təkliflərindən sonra Tamerlan Şeyxzamanov bu barədə düşünəcəyini deyib.

Zərərçəkmiş Rüfət Kərimov isə məhkəmədə dindirilən zaman deyib ki, o da eyni məqsədlə Əmin Zeynalova pul verib. Rüfət Kərimov deyib ki, özündən qələbə dostlarına məxsus pulları da Əmin Zeynalova verib. Ümumi zərər 1 milyon 500 min dollardır.

Prosesin davamında Kamandar Nəsibov "Günaybank"ın rəhbəri Mahmud Məmmədovun da məhkəmədə dindirilməsini istəyib. Məhkəmə vəsatəti baxılmamış saxlayıb. İttihamda yazılır ki, Emin Zeynalov "GünayBank"da sədr müavini olan zaman müxtəlif şəxslərdən külli miqdarda pul alıb. Həmin şəxslərə vəd edib ki, bankdan kənar valyuta dəyişməklə qısa zamanda qazanc əldə edəcək, onlara da qazanc verəcək.

Bu məqsədlə Emin Zeynalov Rəşad Qəribovdan 200 min dollar, bacısının əri Fərid Məmmədov 1 milyon dollar, Tamerlan Şeyxzamanovdan 100 min dollar, M.Məmmədəliyevdən 2,5 milyon dollar, Əmrah İldırımzadədən 300 min dollar, Rövşən Əlizadədən 200 min dollar, Eldar Abbasovdan 600 min dollar, Rüfət Kərimovdan 1.4 milyon dollar, İlkin Nuriyevdən 750 min dollar, Orxan Vəliyevdən 4 milyon dollar, Vazeh Xələfovdan 20 min dollar, Elnur Talıbovdan 45 min dollar, Elgün Bağırovdan 1 milyon 850 min dollar, Türkiyə vətəndaşı Zivari Sərdar Mustafa oğlundan 4.5 milyon dollar, Araz Süleymanovdan 1.5 milyon dollar, Rahim Məmmədovdan 500 min dollar, Sahib Səfərovdan 3.5 milyon dollar, Tural Bağırovdan 1 milyon 460 min dollar, Heydər Süleymanovdan 134 min dollar alıb. Ümumi zərər 30 milyona yaxındır.

İş yoldaşı Xalidə Məmmədovanın isə evini satdığını və yeni ev almaq istədiyini bilib. Ona tanışları vasitəsi ilə sərfəli ev alacağını vəd edərək 143 min 700 dollar nağd pulunu ələ keçirib. Törətdiyi əmələ görə ona qarşı Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə ittiham irəli sürülüb. Emin Zeynalov elan olunmuş ittihamla özünü təqsirli bilməyib.

Emin Zeynalov "Kapital Bank"ın (adı "BUSBank" olanda) keçmiş rəhbəri Zakir Zeynalovun oğludur. Z. Zeynalov 2000-ci ildə yaradılmış Birləşmiş Universal Səhmdar Bankı (BUS) İdarə Heyətinin Sədri vəzifəsinə təyin edilib. O, 4 avqust 2004-cü il tarixinə kimi həmin vəzifədə işləyib. Daha sonra “Finans Lizinq” ASC Müşahidə şurasının sədri vəzifəsində çalışıb. Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və maliyyə institutları” kafedrasının dosentidir.

Qeyd edilir ki, E.Zeynalovun pulunu mənimsədiyi şəxslər arasında yüksək vəzifəli məmurlar da var.

Tarix: 27-11-2019, 17:01
Xəbəri paylaş





Xəbər lenti