Killer Ruslan Mansurov qadından birgə yaşadığı kişini öldürmək sifarişi aldı


13 il istintaqdan gizlənən azərbaycanlı killer Ruslan Mansurov Ukraynada saxlanılaraq Rusiya Federasiyasına təhvil verilib.

Virtualaz.org xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

36 yaşlı muzdlu qatil barəsində Arxangelsk vilayət prokurorluğunda 2006-cı ildə Rusiya Cinayət Məcəlləsinin “sifarişlə qətl törətmə” maddəsilə cinayət işi açılıb. Mənbənin yazdığına görə, R. Mansurov 2006-cı ildə Arxangelsk vilayətinin Kotlas-Koryajma avtomagistralında  25 yaşlı Kotlas sakinini xüsusi amansızlıqla qətlə yetirməkdə şübhəli bilinir. Təhqiqat zamanı məlum olub ki, sifarişi R. Mansurovun tanışı, 23 yaşlı qadın verib. O, 50 min rubl qarşılığında ona fiziki güc tətbiq edən və təhdid edən birgə yaşadığı şəxsi öldürməyi sifariş edib.

R. Mansurov təklifi qəbul edib və 2006-cı il iyunun 14-də həmin şəxsə ümumi tanışları ilə birlikdə Koryajma getməyi təklif edib. Yol kənarından meyvə almaq və göbələk toplamaq bəhanəsilə avtomobili meşəliyə sürüb və qurbanını orada öldürüb. Meyiti meşədə basdırmaq istəsələr də, orada göbələk yığan şəxs bunun qarşısını alıb və bu da cinayətkarları qorxudub.

2006-cı ilin sonunda qətlin sifarişçisi olan qadın və onun həmyaşıdı – cəsədi gizlətməyə kömək edən şəxs məhkəmə qarşısına çıxarılıb və hər ikisi həbs edilib. Lakin qətlin birbaşa icraçısı istintaq orqanlarından gizləndiyi üçün beynəlxalq axtarışa verilib.

Cinayətdən sonra Mansurov xaricə qaçmağı bacarıb. Əvvəlcə Azərbaycanda yaşayıb, sonra Gürcüstana köçüb.

Keçmiş cinayətlərin açılmasına yönəlmiş birgə iş sayəsində Rusiya Federasiyası Arxangelsk vilayəti və Nenets Muxtar Dairəsi üzrə İstintaq Komitəsinin əməkdaşları axtarışda olan şəxsin yerini müəyyən ediblər. Təhqiqat aparılan şəxsin ölkə sərhədlərini tərk etməsi, soyadını və digər şəxsi məlumatlarını dəyişdirməsi işi bir qədər mürəkkəbləşdirsə də, 2019-cu ilin sentyabr ayında Odessa hava limanında pasport nəzarətindən keçərkən Mansurov tutulub və Rusiya Federasiyasına verilib. İstintaq və dindirmə zamanı o, günahını etiraf etməyib.

Cinayət işi Rusiya Federasiyasının Arxangelsk vilayətində və Nenets Muxtar Dairəsində araşdırılıb və Arxangelsk Regional Məhkəməsinə göndərilib.

Tarix: 10-01-2020, 09:13
Xəbəri paylaş





Xəbər lenti