Xəzərdə saxlanılan azərbaycanlılar: Baş Konsulluq onlarla görüşə cəhd edir


Xəzərdə saxlanılan azərbaycanlılar: Baş Konsulluq onlarla görüşə cəhd edir - ÖZƏL

Xəbər verildiyi kimi, Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidməti ölkənin ərazi sularında dörd azərbaycanlını saxlayıb. 

İnsident yanvarın 21-dən 22-ə keçən gecə baş verib: “Sərbaz” sərhəd gəmisi Xəzərin dəniz hüdudlarında xidmət apararkən radiolokasiya stansiyası ilə hədəf aşkar edib. Sərhədçilər beynəlxalq kanallarla sual göndəriblər, amma hədəf cavab verməyib. Nəticədə “Sərbaz” hədəfə doğru yollanıb”. 

Məlumata əsasən, dayanmaq tələbinə cavab verməyən qayıq cənub-qərb istiqamətində uzaqlaşıb. Bununla əlaqədar sərhəd gəmisi təqibə başlayıb: 

“Nəticədə sərhədçilər 1971, 1975, 1978 və 1983-cü il təvəllüdlü dörd Azərbaycan vətəndaşını saxlayıblar. Qazaxıstan Respublikası dövlət sərhədinin qəsdən qanunsuz keçilməsi” maddəsi ilə ilkin istintaq başladığını bildirib. 

Xarici İşlər Nazirliyindən Cebhe.info-nun sorğusuna cavab olaraq bildirilib ki, hazırda Baş Konsulluğumuz tərəfindən saxlanılmış Azərbaycan vətəndaşları ilə görüşün keçirilməsinə dair Qazaxıstanın aidiyyəti qurumları ilə iş aparılmaqdadır: 

“Qazaxıstan Respublikasının Mangistau vilayətinin Baş Prokurorluğundan ölkəmizin Qazaxıstanın Aktau şəhərindəki Baş Konsulluğuna daxil olan məlumata əsasən bildirmək istərdik ki, 21 yanvar 2020-ci il tarixində Qazaxıstanın su ərazisində qeyri-qanuni üzən “Bayda” tipli gəmi saxlanılmış və gəmidə olan Azərbaycan Respublikası vətəndaşları Quliyev Bəxtiyar Aydın oğlu, Əliyev Nazim Mirzəli oğlu, Əhmədov Akil Şamil oğlu və Əliyev Nail Rəsul oğlu həbs olunmuşlar. Onlara qarşı Qazaxıstan Respublikasının Cinayət Məcəlləsinin 392-ci maddəsinin 1-ci bəndi (dövlət sərhədinin bilərəkdən pozulması) ilə cinayət işi açılmışdır. Hal-hazırda Baş Konsulluğumuz tərəfindən saxlanılmış Azərbaycan vətəndaşları ilə görüşün keçirilməsinə dair Qazaxıstanın aidiyyəti qurumları ilə iş aparılmaqdadır. Məsələ Baş Kondulluğumuzun nəzarəti altındadır”. 

Tarix: 25-01-2020, 08:53
Xəbəri paylaş





Xəbər lenti