Ölüm faktında həkim səhlənkarlığının cəzası nədir – RƏSMİ CAVAB

 


Zaur Əliyev: “İddiaları əsaslandıracaq sənədlər, faktlar toplanılır və araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim edilir”

 

“Əgər tibb müəssisələrində ölüm faktı baş verirsə, bu, dərhal aidiyyəti qurum tərəfindən araşdırmaya götürülür. Ölümdə həkim səhlənkarlığı ilə bağlı məqam varsa, xəstəxanın səlahiyyəti ondan ibarətdir ki, həmin tibb işçisinə töhmət versin”.

 

AYNA xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) İdarə Heyətinin sədri Zaur Əliyev bu gün YAP-ın binasında keçirdiyi mətbuat konfransında belə deyib.

 

“Bu, həm də qeydə alınan ölüm faktının ağırlıq dərəcəsindən asılıdır. Bu halda həmin şəxs tutduğu vəzifəsindən uzaqlaşdırıla bilər. Zəruri iddiaları əsaslandıracaq sənədlər, faktlar varsa, toplanılır və araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim edilir. Artıq məhkəmə-tibbi ekspertiza, Səhiyyə Nazirliyinin komisiyyaları məsələyə müdaxilə edir. Aparılan araşdırmanın yekun nəticələrinə uyğun olaraq qərar verilir”, - sədr bildirib.

 

Əliyevin sözlərinə görə, hüquq-mühafizə orqanları da yekun nəticə əsasında müvafiq cəza tədbiri seçir: “Nəticədən asılı olaraq, tibbi personal və həkim müəyyən cəzaya və ya müəyyən məbləğdə cərimə məsuliyyətinə cəlb olunur. Agentliyin işi isə bu kimi hadisələrin düzgün araşdırılması üçün zəruri faktları hüquq-mühafizə orqanlarına təqdim etməkdir. Ölüm faktında həkim və tibbi personalın günahı sübuta yetirildiyi təqdirdə, onlar tutduqları vəzifədən kənarlaşdırılırlar”.

Tarix: 20-02-2020, 22:07
Xəbəri paylaş





Xəbər lenti