Sabiq Baş prokuror: “Elə bir məmur yoxdur ki, sifarişlə iş görməsin”


Sabiq Baş prokuror: “Elə bir məmur yoxdur ki, sifarişlə iş görməsin”

Ardıcıl olaraq icra başçılarının korrupsiya cinayətləri ilə həbs olunmaları digərləri üçün dərs olmur

 

Azərbaycanda son zamanlar Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşları tərəfindən rayon icra hakimiyyətlərində (RİH) əməliyyatlar keçirilir, qanunsuzluqlara yol vermiş başçılar saxlanılır və onların barəsində məhkəmə hökmü ilə həbs qərarı çıxarılır. Bu günlərdə həbs olunan icra başçılarının sırasına biri də əlavə olundu - Ağstafa və Neftçala RİH başçılarının ardınca Biləsuvarın rəhbəri Mahir Quliyev.

 

Bildirilir ki, Mahir Quliyev birinci müavini Xanlar Məmmədov vasitəsilə, karantin rejimindən dolayı maddi yardıma ehtiyacı olan şəxslərə sosial yardım üçün ayrılan vəsaitin bir qismini hissə-hissə mənimsəyir, habelə, köməkçisi Pöhran Şahbazov və tabeçiliyində olan başqa vəzifəli şəxslər vasitəsilə yerli icra hakimiyyəti və digər dövlət orqanlarının vəzifəli şəxslərindən, eləcə də rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlardan müxtəlif adlar altında pul vəsaitləri tələb edirmiş.

 

Görünən odur ki, ardıcıl olaraq icra başçılarının korrupsiya cinayətləri ilə həbs olunmaları digər RİH başçlıları üçün dərs olmayıb. Bəs, buna səbəb nədir? Ümumiyyətlə, məmurlara nəzarət necə təşkil olunmalıdır ki, bu cür hallar baş verməsin?

İLYAS İSMAYILOV ƏLİ İNSANOVUN MÜDAFİƏSİNƏ QALXDI: “Bu cür alimin ...

Azərbaycan SSR Baş prokuroru və Azərbaycan Respublikasının ilk Ədliyyə naziri, Milli Məclisin sabiq üzvü, Ədalət Partiyasını sədri İlyas İsmayılov AYNA-ya açıqlamasında, belə halların qarşısının alınması üçün ilk növbədə milli qanunvericilik bazasının yaradılmalı olduğunu deyib: “Çox təəssüf ki, ölkədə nəzərdə tutduğum qanunvericilik bazası hələ də yaradılmayıb. Korrupsiya ilə uğurlu mübarizə dövlət işçilərinin gəlirləri üzərində ciddi nəzarətin olmasını, onların gəlirlərini, əmlakları barədə mənbəyini, ödənilən vergilərin miqdarını göstərməklə, deklarasiya verilməsini tələb edir. Bu barədə hələ 2005-ci ildə qanun da qəbul olunub, ancaq məlum olmayan səbəblərdən indiyə qədər bu qanun tətbiq edilmir”.

 

“Hamımıza məlumdur ki, bizdə varlı adamlar biznesmenlər yox, vəzifəli şəxslərdir. Bu şəxslər vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, qanunla qadağan olunmuş sahibkarlıq fəaliyyətləri ilə məşğul olurlar. Birbaşa korrupsiyaya aparan yollardan biri də budur. Düşünürəm ki, bununla bağlı qanun layihəsi tezliklə Milli Məclisə göndərilməlidir”, - deyə sabiq nazir vurğulayıb.

 

İ.İsmayılovun fikrincə, sözügedən tədbirlər görülsə, çox mətləblərin üstü açıla bilər: “Əgər sadaladığım məsələlər öz təsdiqini rəsmi sürətdə tapsa, çox faktları üzə çıxarmaq olar. Çünki bu gün elə bir məmur yoxdur ki, sifarişlə iş görməsin. Ortada zəncirvari proses gedir, hamısı bir-biri ilə iş tutur”.

Sanki hardansa bomba düşürdü...` - İlham İsmayıl

Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) zabiti, təhlükəsizlik üzrə ekspert İlham İsmayıl da AYNA-ya açıqlamasında məmurların rüşvət aldıqlarının kimsəyə sirr olmadığını qeyd edib: “Elə şərait yaratmaq lazımdır ki, məmurlar rüşvət almasınlar. Heç cür mümkün deyil ki, icra başçıları bu işi təkbaşına görsünlər. Yəni, bu, zəncirvari reaksiya formasında baş verir”.

 

“Bu proses uzun müddətdir ki, davam edir. Amma son 6-7 ay ərzində proseslər daha geniş formada vüsət almağa başlayıb. Buna da səbəb cəmiyyətdə məmur özbaşınalığı və rüvətxorluğuna qarşı narazılıqların artmasıdır. Bu narazılıqları da səngitmək üçün rayonlarda özlərini kiçik padşah hesab edən icra başçıları həbs olunur. Çünki onların hamısının fəaliyyətindən razı qalmaq mümkün deyil. Ona görə də bəziləri ələ keçirlər. Ümumiyyətlə, bütövlükdə mahiyyət dəyişməsə, sadəcə nəzarətlə bu məsələ həll olmayacaq”, - İ.İsmayıl bildirib.

 

Ekpert proseslərin davam edəcəyini də düşünür: “Bu proses hələ bir müddət davam edəcək. Çünki rüşvətin qarşısını tezliklə almaq mümkün deyil. Rüşvətin qarşısı alınmadığı təqdirdə də bu cür hallar artacaq. Sadəcə elə etmək lazmdır ki, rüşvət dayansın. Onu da hansısa bir əməliyyatla etmək mümkün olmayacaq. Çünki iki dəfə əməliyyat olmasına rəğmən, yenə də bu hal təkrarlandı.Yəni, rüşvətin kökünü kəsmək lazmdır ki, belə proseslər də baş verməsin”.


Müəllif: Mərahim Nəsib   
Tarix: 1-05-2020, 22:21
Xəbəri paylaş





Xəbər lenti