“Korrupsiya haqda şikayətlərinə görə qisas alırlar...” - Tarixçi alim və həyat yoldaşının məhkəməsi

“Korrupsiya haqda şikayətlərinə görə qisas alırlar...”
“Elmlər Akademiyasında ekspedisiyada iştirak etməyən adamların hesablarına böyük məbləğlərdə pullar köçürülüb. Məsələn, Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun arxeoloji xidmət şöbəsinin müdiri Qoşqar Qoşqarlı ekspedisiyada iştirak etmədiyi halda, ona pul köçürüldüyünü komissiya ortaya çıxarıb. Eləcə də başqa şəxslərin də hesablarına pullar köçürülməsi müəyyənləşdirilib...”
Fevralın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində vəkil Abusəməd Səmədov Səmədov vəsatətini əsaslandırarkən bu barədə məlumat verib. Bu vəkil Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun kadrlar şöbəsinin keçmiş müdiri Gülüstan İsayevanın hüquqlarını müdafiə edir.

36 yaşlı Gülüstan İsayeva həyat yoldaşı, həmin institutun elmi işçisi olmuş, tarixçi alim Səbuhi Hüseynovla birlikdə mühakimə olunur. Onlar Qarabağda - işğaldan azad olunmuş ərazilərdə tədqiqat aparmaq üçün ayrılmış 92 min manat vəsaitin mənimsənilməsində ittiham olunur.

Lakin onlar özlərini təqsirli bilmir, böhtana məruz qaldıqlarını, institutda baş verən korrupsiya halları haqda şikayətlərinə görə prokurorluğa şikayət olunmaqla, onlardan qisas alındığını deyirlər. Vəkilləri də bildirib ki, Gülüstan İsayeva və həyat yoldaşı institutdakı korrupsiya və özbaşınalıqlar haqda AMEA rəhbərliyinə, başqa qurumlara şikayət edib. Şikayətlərində vurğulayıblar ki, korrupsiya və özbaşınalıqlar nəticəsində institut idarəolunmaz vəziyyətə gəlib. Ona görə də xaosun dayandırılmasını xahiş ediblər. Bu şikayət əsasında komissiya yaradılıb, institutda yoxlamalar aparılıb, xeyli pozuntular, yeyintilər aşkarlanıb:

“Ekspedisiyalarla bağlı çoxsaylı pozuntular aşkarlanıb. Ekspedisiyada iştirak etməyən adamların hesablarına pullar köçürülüb. Amma Gülüstan İsayeva və Səbuhi Hüseynovla bağlı heç bir pozuntu üzə çıxmayıb. Buna baxmayaraq, institut rəhbərliyi qisas almaq üçün məhz bu adamlar haqqında prokurorluğa məktub göndərib ki, onlardan şübhələnirik. Səbəb budur ki, onların şikayətindən sonra yoxlama başlayıb. Çünki yoxlama onların şikayəti əsasında başlayıb”, - vəkil Abusəməd Səmədov bildirib.

Müdafiəçi Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılan istintaqdan narazılığını bildirib. Tarixçi alim və həyat yoldaşına qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə) maddəsilə irəli sürülmüş ittihamın fərziyə və ehtimallara əsaslandığını, ortaya heç bir mötəbər sübut-dəlil qoyulmadığını deyən vəkil cinayət işinin yenidən araşdırılması üçün istintaqa qaytarılmasını istəyib: “Burada ali təhsilli insanlara, alimə, Azərbaycan qadınına, anaya atılan şər-böhtandan söhbət gedir. Bu iş hərtərəfli araşdırılmalıdır...”

Cinayət işinin istintaqa qaytarılması haqda vəsatətin müzakirəsi martın 1-də keçiriləcək növbəti məhkəmə iclasına saxlanılıb.

Gülüstan İsayeva və Səbuhi Hüseynov həbsdə deyil. Onların 4 yaşlı bir övladı var. Səbuhi Hüseynov bildirib ki, onun birinci nikahından daha iki övladı var.
//Bizimyol.info//
Tarix: 22-02-2023, 21:33
Xəbəri paylaş





Xəbər lenti