Marketlərin yeni qorxusu: Səbəti dolu müştəri

Marketlərin yeni qorxusu: Səbəti dolu müştəri Cəmi 40 qəpik endirim, onda da ayrı-seçkilik

Dollar-manat münasibətlərinin getdikcə “gərginləşməsi” hər şeydən əvvəl ərzaq səbətimizə təsir göstərir. Bahalaşma son 1 ilin ən çox müzakirə olunan mövzularından olmaqla yanaşı, az qala hər gün yeni-yeni məlumatlarla “zənginləşir”. Hər gün hansısa marketdə, ərzaq istehsalçısı və ya isxalçısı olan şirkətdə qiymətlərin bahalaşması barədə xəbərlər oxuyuruq. Marketlərdə artıq açıq-aydın narazılıq eşidilir, təkcə alıcılar yox, həm də satıcılar arasında. Təbii ki, onlar da satıcılıqdan əldə etdikləri vəsaiti alıcı kimi xərcləyirlər, buna görə də narazı görünmələri təbiidir.Digər tərəfdən alıcılıq qabiliyyətinin azalması onları da işlərini itirmək riski qarşısında qoyur.Bu isə onlar üçün daha təhlükəlidir.

Bahalaşan malların kiçik siyahısı

Market insanların ən çox əsəbiləşdiyi yerdir.Artıq belə də demək olar.Çünki evdəki hesab marketdəki hesaba uyğun gəlmir. Hər dəfəsində bir az da bahalaşan ərzaq məhsulları alıcılıq qabiliyyətinin aşağı düşməsi ilə nəticələnir. Bəzi məhsullarda qiymət artımının bir neçə qəpiklə yekunlaşdığını güman edirik, lakin bu qəpiklər sonra qəbzlərdə hiss ediləcək dərəcədə artım yaradır.

Qiymətlərə diqqət yetirək:

1 litrlik “Final” zeytun yağı artıq 9 manata atılır.Bir müddət isə bu qiymət 8 manat 50 qəpik idi.1 kq-lıq “Tanelli” makaronu 1 manat 60 qəpiyə təklif edilir.Məhsulun bir neçə gün əvvəlki qiyməti 30 qəpik daha ucuz idi.Yarım kiloqramlıq “Doymak” makaronları artıq 1 manata qədər bahalaşıb.Halbuki yerli istehsal olan bu makaronu bir müddət əvvəl 85 qəpiyə almaq mümkün idi.Qablaşdırılmış “Səba” toyuğu ən azı 4 manat 70 qəpiyə satılır. Bu məhsulun qiyməti yeni il öncəsi 4 manat 30 qəpiyə idi. 2 lt “Möcüzə” yağı 6 manat 80 qəpiyə təklif edilir.Bu məhsulda da bahalaşma azı 30 qəpik olub. 250 qramlıq “Beta” və eyni çəkidə digər çaylar 5 manat 20 qəpikdir. Bu çaylarda qiymət artımı 40 qəpikdir.“Final” tomat pastası 2 manat 50 qəpikyə satılır.Burda da qiymət artımı 30 qəpik olub.

Bahalaşdı... “Anchor”un ayranı çıxdı


Ən çox bahalaşan ərzaq malları arasında yağ və ət üstünlüyünü saxlayır. Azərbaycan alıcısı üçün daha tanınmış hesab edilən kərə yağlarında qiymət artıq böyük alıcı kütləsinin cibinə uyğun deyil. “Anchor” yağında qiymət marketlərdə nasılı olaraq dəyişir. Amma ümumi halda qiymət hər kiloqram üçün 11 manata yaxındır.Lakin maraqlıdır ki, uzun illər bu yağdan istifadə edən alıcılar son aylar keyfiyyətdə yaranan problemlərdən şikayətçidir.Şirkətin Facebook səhifəsində tez-tez bu barədə iradlar eşidilir.Müştərilər qiymət bahalaşdıqdan sonra yağın keyfiyyətinin azaldığını bildirirlər.Əsas şikayətlər yağın tərkibində ayranın çoxluğundandır. Alıcılardan birinin dediyinə görə, artıq bu yağdan imtina edib: “ 7 il idi ki, yalnız “Anchor” kərə yağından istifadə edirdim. Çox da razıqalırdım.Son 3 dəfə razı qalmadım, həm rəngindən həm de dadından.Artıq almıram, verdiyim pula dəymir.Hərdəfə 5 kq-a 50 manat verirdim.Qiymət qalxıb, keyfiyyət düşüb”.

“Anchor”dan saxtakarlıq etirafi?

Alıcı bu iradını şirkətin də diqqətinə çatdırıb.Aldığı cavab isə belə olub. Əslində şirkət hər gün artan şikayətlərə eyni qaydada cavab verib: “Təəssüf edirik ki, bu cür hal ilə qarşılaşmısınız. “Anchor” kərə yağını yalnız güvəndiyiniz, soyuducuları işlək olan dükanlardan alın. Bağlamanın üzərində qeyd olunmuş Yeni Zenlandiya məhsullarının barkod prefiksləri bunlardır: 940, 941, 942, 943, 944, 945, 946, 947, 948 və 949. Qeyd edək ki, soyuducunun üzərində istilikölçən (termometr) olmalıdır və dərəcəsi 5°C-dən artıq olmamalıdır”. Deməli, dolayısı ilə bu yağın da saxtalaşdırılması ehtimalı təsdiqlənir. ““Anchor” kərə yağını yalnız güvəndiyiniz, soyuducuları işlək olan dükanlardan alın” demək məhz saxtakarlıq ehtimalının mümkünlüyünü göstərir. Ancaq kim zəmanət verə bilər ki, ad-sanı ilə öyünən supermarketlər də daha çox qazanc əldə etmək üçün saxtakarlığa əl atmırlar?

Cəmi 40 qəpik endirm, onda da ayrı-seçkilik

Növbəti narazılıq endirim kampaniyaları ilə bağlıdır.Müştərilərdən biri - “Cəmi 40 qəpik endirim edirlər, o da hansısa kartı olanlara.Yəni, əvvəllər çoxlu alış-veriş edib bonus qazananlara cüzi endirim edirlər” - deyir. Şirkət isə buna cavab olaraq “Marketlərdə kampaniya çərçivəsində 200 q “Anchor” kərə yağını endirimlə hər kəs ala bilir, lakin “Bazarstore” supermarketində “Anchor” kərə yağını endirimlə almaq üçün marketə məxsus xüsusi karta ehtiyac var. Hər bir müştəri bu kartı marketin kassasından ödənişsiz əldə edə bilər”,-deyə vurğulayıb.

Çörək də hədiyyə verilir

Endirim, hədiyyə və bonus kampaniyaları son zamanlar marketlərin müştəri qazanmaq və ya müştəri itirməmək üçün ən çox istifadə etdiyi metoddur.İşə yaramadığını söyləmək olmaz.Müəyyən qədər də olsa, nəticəsi olur.Müştəri endirim və hədiyyə olan marketləri araşdırır və seçimi onlarla bağlı olur.Son zamanlar marketlərdə 30 və ya 50 manatdan artıq alış-veriş edən alıcılara hədiyyələrin təklif edilməsi artıb. Hədiyyələr sırasında əsasən duru yağ, meyvə siropları və nə qədər qəribə də olsa, çörək də olur. Marketlərdən biri isə hər 10 manatlıq bazarlıq edən müştəriyə iki gün boyunca pulsuz 1 ədəd çörək təklif edib.Sizcə nəticəsi olmayıbmı?Olub. Hətta satıcılar deyir ki, bəzi alıcılar 20 manatlıq alış verişi gün ərzində 2 dəfə fərqli zamanlarda ediblər ki, hər 10 manat üçün 1 pulsuz çörək alsınlar. Bunun insanların pulsuz çörəyə bu qədər ehtiyacının olması, yoxsa sadəcə kampaniyadan yararlanmaq istəyi ilə bağlı olduğunu isə söyləmək çətindir.

Alıcı tapmayan mallar kampaniyaya

Bəzi marketlər isə əsasən satışı çox olmayan məhsulları hədiyyə kampaniyasına çıxarırlar.Məsələn, qışda Azərbaycan alıcısı üçün hardan gətirildiyini belə bilmədiyi meyvə siropunu almaq maraqlı deyil.Buna görə də sözügedən məhsulun satışında yüksək nəticə əldə etmək mümkün olmadığına görə məhsul hədiyyə kampaniyasna çıxarılıb.Hər 30 manatlıq alış-veriş edənə 300 qr-lıq meyvə siropu hədiyyə edilir.Amma hər alıcının birdəfəyə 30 manatlıq alış-veriş etmək imkanı varmı?Təbii ki, günün şərtləri nəzərə alınaraq söyləmək olar ki, yox.Belə olan halda supermarketlərin hədiyyəli kampaniyaları da istənilən qədər müştəri toplamaq missiyasını yerinə yetirə bilmir.

“Səbəti dolu olan müştəri görəndə qorxuruq”



Satıcılar isə ən çox alıcılarn he şeyi istəyib heç nə ala bilməməsinə əsəbləşir.Kassaların ətrafında hər zaman piştaxtalara qaytarılmaq üçün qoyulan mallar görmək mümkündür.Alıcı marketdə dolaşır, gözünə xoş gələn və yaxud ehtiyacı olan məhsulları götürür, kassaya yaxınlaşandaisə məlum olur ki, yetəri qədər pulu yoxdur. Kassadakı satıcılar alıcının mümkün qədər daha çox şey almasını istəyir, buna görə də malların təriflənməsinə bir neçə dəqiqə zaman ayırır, qiymətləri başqa marketlərlə müqayisə edir, alış-veriş həcminin çox olacağı təqdirdə hədiyyə veriləcəyini, bonusun artacağını dönə-dönə vurğulayır. Amma faydasızdır.“İndi belə hallar çox olur. Marketi gəzib səbəti doldururlar,kassada növbə tuturlar, mallar kassaya vurulandaisə deyirlər ki, pulu çatmayacaq, geri qaytarmaq istəyir. Mallar kassaya vurulandan sonra silmək çətin prosesdir.Rəhbərlik də hamımıza tapşırır ki, kassaya vurulmadan həll edək.

Buna görə də səbətini dolu gördüyümüz müştəri yaxınlaşanda qorxuya düşürük. Bir də gördün hər şeyi kassaya vurdun, pulunu vermək zamanı çatanda dedi ki, pulu azdır. Belə olanda iş böyüyür, danlanan da biz oluruq. Amma bir tərəfdən də deyirlər ki, malları tərifləyin ki, alıcı imtina etməsin.Bir adamın pulu yoxdursa, nə qədər tərifləsək də ala bilməyəcək.Bir qadın gəlmişdi, kassaya malını vurduq, 74 manatlıq oldu. Rəqəmə baxıb dedi ki, bu qədər pulu yoxdur, ancaq əti götürə bilər. Sonra da dedi ki, ətin də hamısını götürə bilmir, ancaq yarisini kəsib verək. Belə müştərilər də olur.Evdən çıxanda bilmirlər ki, nə qədər pulları var?Elə bil adama əziyyət etməkdən xoşları gəlir.Danlanan da biz oluruq”, - deyə market satıcısı qarşılaşdığı hadisələrdən birini danışır.Amma sözlərində inciklik olsa da, qəzəb yoxdur. Çünki o qadının yerində hər an hər birimizin, eləözünün də ola biləcəyini yaxşı anlayır...

Sevil Ağazadə
Cebhe.info
Tarix: 29-01-2017, 18:38
Xəbəri paylaş





Xəbər lenti