BAHALAŞMADAN SONRA:Süfrəmizdən yoxa çıxan ərzaqlar:Ət yerinə toyuq, pendir yerinə şor

BAHALAŞMADAN SONRA:Süfrəmizdən yoxa çıxan ərzaqlar:Ət yerinə toyuq, pendir yerinə şor Rusiyada iqtisadi böhran, bu ölkəyə qarşı sanksiyaların artırılması əhalinin sosial vəziyyətinə ciddi təsir göstərib. “İnFOM” şirkətinin keçirdiyi rəy sorğusu da əhalinin üzləşdiyi durumun getdikcə ağırlaşdığını göstərir. Belə ki, rəy sorğusunun nəticələrə əsasən, Rusiya vətəndaşlarının 25 faizi kolbasa, pendir, balıq və dəniz məhsullarına qənaət edir. Rəyi soruşulanların 28 faizi isə ətə və toyuq məhsullarına artıq pul xərcləməməyə çalışdığını bildirib. Bunun səbəbini isə respondentlər aldıqları əmək haqqının zəruri ehtiyacları qarşılamaması, şəxsi büdcədə qənaətə məcbur qaldıqları və ilk növbədə ərzaqla bağlı məhdudiyyətlər tərbiq etmələri ilə izah ediblər.

Sorğunun nəticəsini dəyərləndirən iqtisadçılar balıq və dəniz məhsulları bahalı ərzaqlara aid olduğundan həmin məhsullardan imtinanın artmasını normal qəbul etsələr də, kolbasa və pendirlə bağlı eyni fikri irəli sürmürlər.

Kolbasa Rusiyada o qədər də bahalı məhsul hesab edilmədiyindən onun belə menyudan çıxaranların artması ölkədə ciddi iqtisadi böhranın göstərici kimi dəyərləndirilir.Bəs görəsən, böhranla üzləşən Azərbaycanda insanlar menyudan hansı ərzaq məhsullarını çıxarıblar? Əgər çıxarıblarsa, yerinə nə qoyublar?

Bahalaşan məhsullar: ət, yağ, balıq süd, meyvə-tərəvəz...

BAHALAŞMADAN SONRA:Süfrəmizdən yoxa çıxan ərzaqlar:Ət yerinə toyuq, pendir yerinə şor

İlk öncə onu deyək ki, yaxın zamanda ölkəmizdə bu istiqamətdə sosioloji sorğu keçirilməyib. Bu məsələdə ancaq marketlərdə aparılan müşahidələr, fərdi qaydada söhbətlər və Dövlət Statistika Komitəsinin məlumatlarına inanmaqdan başqa yol yoxdur. Statistika Komitəsinin məlumatına görə, 2016-cı ilin yanvar-oktyabr aylarında azuqə, içki və tütün məmulatlarının qiymət indeksləri

2015-ci ilin eyni dövrünə nisbətən bahalanıb:
- Çörək məmulatları və yarmalar - 17%
- Ət məhsulları - 5,5%
- Balıq məhsulları - 12,8%
- Süd məhsulları, pendir və yumurta - 11,2%
- Yağ və piylər - 25,3%
- Meyvə - 10,5%
- Tərəvəz - 4%
- Qənd, cem, bal, şokolad və konfetlər - 19,4%
- Digər kateqoriyalara aid edilməyən ərzaq məhsulları - 22,3%
- Qəhvə, çay, kakao - 29,3%
- Mineral sular, sərinləşdirici içki və şirələr - 25%

- Araq, brendi (konyak) - 15,1%
- Tütün məmulatı - 55,8%


Oktyabr ayından sonra dolların məznnəsində artımın olduğunu nəzərə alsaq, ötən müddətdə qiymətlərin daha çox bahalaşdığını söyləmək olar.

Pulumuzun 49 faizi ərzağa xərclənir

BAHALAŞMADAN SONRA:Süfrəmizdən yoxa çıxan ərzaqlar:Ət yerinə toyuq, pendir yerinə şor

Qiymətlərin bahalaşması fonunda əhalinin alıcılıq fəaliyyəti aşağı düşsə də, satılan malların dəyəri artıb. İqtisadçılar bunu qiymət artımı ilə izah edirlər. 2016-cı ildə pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin səviyyəsini müqayisəli qiymətlərlə 1,5 faiz üstələyərək 30,2 milyard manata bərabər olub. Dövlət Statistika Komitəsindən bildiriblər ki, istehlakçılara 15,1 milyard manatlıq və ya 2015-ci ilə nisbətən real ifadədə 2,1 faiz çox ərzaq məhsulları, içkilər və tütün məmulatları, 0,8 faiz çox qeyri-ərzaq məhsulları satılıb. Hesabat ilində istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 49,9 faizi ərzaq məhsulları, içki və tütün məmulatlarının, 17,4 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,3 faizi elektrik malları və mebelin, 5,6 faizi avtomobil yanacağının, 1,4 faizi əczaçılıq və tibbi malların, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,6 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.2016-cı ildə istehlak məhsullarının 10,9 faizi hüquqi şəxs statuslu müəssisələr, 55,7 faizi fərdi sahibkarlar tərəfindən, 33,4 faizi isə bazar və yarmarkalarda satılıb. Ötən il əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 261,0 manat təşkil edib və 2015-ci ilin müvafiq göstəricisinə nisbətən nominal ifadədə 36,1 manat artıb. Ticarət şəbəkəsində adam başına orta hesabla hər ay 130,3 manatlıq ərzaq məhsulları, içki və tütün məmulatları, 130,7 manatlıq qeyri-ərzaq məhsulları alınıb.

Vaz keçmədiklərimiz: Öncə ərzaq, sonra geyim

İqtisadçı Vüqar Bayramovun sözlərinə görə, Azərbaycanda xərclərin 60 faizi istehlak mallarına sərf olunur. İqitsadçı deyir ki, son zamanlar geyim mallarına xərclənən vəsait azalsa da, ərzaqdan sonra ikinci yerdə məhz geyim malları dayanır. Bu da yəqin ki, azərbaycanlıların daha yaxşı geyinmək həvəsindən irəli gəlir. Ərzaq mağazalarından sonra ikinci yerdə məhz geyim mağazalarının çoxluğu və həmin obyektlərdəki alqı-satqı dinamikası bunu söyləməyə əsas verir.

“3220 manat nisyəm var”

Rəqəmlər heç də az deyil və pulumuzun yarısını ərzağa xərcləməyimiz də çoxlarına təəccüblü gəlmir. Ancaq qiymət artımı fonunda ərzaq səbətimizdən hansı məhsulların çıxarılması da maraqlıdır. Marketlərdə aparılan müşahidələr və satıcılarla söhbət göstərir ki, əhali daha çox qiyməti artan məhsullardan imtina edir. Bu sıraya ilk növbədə ət daxildir. Hazırda qiyməti təqribən 10-13 manat arasında dəyişən ət Azərbaycan süfrəsinin əsas nemətlərindən hesab olunsa da, görünən odur ki, cibimiz getdikcə damaq zövqümüzlə uyğunlaşmır. Qəssablar nisyə mal verməkdən çəkindiklərini və ancaq ən yaxın adamlara nisyə ət verməyə başladıqlarını deyir. “14 ildir ki, qəssab işləyirəm. Ötən ilki kimi vəziyyət hələ görməmişdim. Nisyə dəftərim olub, amma aybaay pullar ödənib. Bir neçə nəfər vardı ki, ailə başçısı Rusiyada idi, onlar 3-4 aydan bir ödəyirdilər. Amma bilirdim ki, verəcəklər. İndi nisyə dəftərini bir kənara tullamışam. Özümə də söz vermişəm ki, daha əlimə götürməyəcəyəm. İçində nə qədər borc olduğunu da əzbər bilirəm- 3220 manat. Təkcə ötən ilin borcudur. Ondan əvvəlki illərdən borc qalmayıb. Yeni ildən hamıya dedim ki, nisyə mal satmayacağam. Çünki qiymət hər gün dəyişir, mən özüm də daha nisyə mal ala bilmirəm. Əvvəl rayondan gətirib kəsib satandan sonra pulunu ödəyirdim. İndi qayda dəyişib, yerində pulunu ödəməsəm, vermirlər. Mən də əlimdəki pulu belə dövr etdirirəm. Nisyə versəm, o da qalacaq köhnə ildəki kimi dəftərdə”,- bunu qəssab Eyvaz dayı deyir.

Həftədə 80 kilqoram ət satılır

BAHALAŞMADAN SONRA:Süfrəmizdən yoxa çıxan ərzaqlar:Ət yerinə toyuq, pendir yerinə şor

Onun sözlərinə görə, əvvəl həftədə 2 dəfə dana, bir dəfə isə qoyun kəsirmiş, amma indi həftədə ancaq bir heyvan kəsə bilir: “Əvvəl siyahı tuturduq, o siyahıya əsasən heyvan kəsirdik, bilirdik ki, 3 günə ət satılıb qurtaracaq. İndi həftədə ancaq bir gün-bazar günü heyvan kəsirəm. Dükan özümün olduğuna görə icarə haqqı vermirəm, oğlumla birlikdə işlədirik. İcarə haqqı verməli olsam, sərf etməzdi. Ət qalıb köhnələndə də çox adam almır. Hamı istəyir ki, əti təzə-təzə alsın, amma alıcılıq o qədər aşağı düşüb ki, həftədə 70-80 kiloqramlıq dananın ətini zorla satıb qurtarırıq. Hələ ətin 20 kiloqramını burdakı 1 restoran və 1 kafe götürür. Soyuducu kameralar var, olmasa, adam “bankrot” olar. Ət qalıb xarab olar”.

Kərə yağı yerinə “Tulçinka”, ət yerinə toyuq, pendir əvəzinə şor...

Market satıcıları isə deyir ki, daha çox alınan və ya imtina edilən malların ümumi siyahısını bilmək mümkündür. Çünki marketlər mallarla məhz bu tələbə əsasən təmin edilir. İmtina edilən mallar arasında əsasən bahalı kərə və zeytun yağları, sümüksüz ət, qazlı içkilər, müxtəlif çeşiddə şokolad məmulatları, kolbasa, süd məhsulları, eləcə də əsasən uşaqlar üçün alınan şirniyyatlar üstünlük təşkil edir. Satışı azalan ət məhsullarının yerini əsasən toyuq əti, paxlalı bitkilər, müxtəlif tərəvəzlər tutur. Nə qədər qəribə olsa da pendir də marketlərin az satılan məhsulları sırasına düşüb. Müşahidə apardığımız 2 marketdə qiyməti 6 manatdan başlayaraq artan pendirin yerini əsasən qiyməti 3 manatdan başlayan şor və ya süzməyə verdiyini öyrəndik. Zeytun və müxtəlif şorabalar da az satılan məhsullar sırasına daxil olur. Həmçinin konservləşdirilmiş tərəvəzlər də marketlərdə imtinanın çox olduğu məhsullar arasındadır. Alıcıların səbətində bahalı, kiloqramı 12 manata satılan Yeni Zellandiya və ya 14 manatdan başlayan qiymətlərələ təklif edilən Fransa istehsalı olan kərə yağlarının yerini kiloqramı 4-5 manatdan başlayan Rusiya və Ukrayna yağları tutmağa başlayıb. Xüsusilə, 5 kiloqramı 19 manata təklif edilən “Tulçinka” yağı ən çox alınanlardandır. Görünür, Azərbaycanda alıcılıların hansı ərzaqlardan imtina etdiyini öyrənmək üçün sosioloji sorğu keçirmək, sadəcə marketlərin kassası yanında müşahidə aparmaq da bəs edər.

Sevil Ağazadə
Cebhe.info
Tarix: 11-02-2017, 21:03
Xəbəri paylaş





Xəbər lenti