Yunanıstanda bir neçə milyon dollarımız bata bilər

Yunanıstanda bir neçə milyon dollarımız bata bilər SOCAR-la anlaşmanı pozan yunan hökuməti depozit kimi qoyduğumuz 40 milyonu geri qaytarıbmı?


SOCAR yenidən Yunanıstanın qaz nəhəngi DESFA-nın səhmlərini əldə etməyə iddialıdır. Bu haqda Yunanıstanın Azərbaycandakı səfiri Dimitrios Tsoungas açıqlama verib. Səfir APA-ya açıqlamasında DESFA-nın yenidən tenderə çıxarılacağını xəbər verib:



“DESFA ilə bağlı yeni tender elan ediləcək. Bildiyimə görə, SOCAR yeni tenderdə iştirak etmək üçün öz marağını nümayiş etdirib”. Tender rəsmi olaraq elan edilməyib, amma artıq 5-6 şirkət rəsmi şəkildə tenderə maraq göstərdiyini açıqlayıb.
SOCAR-dan isə yunan səfirin açıqlamasına reaksiya gəlməyib. Xatırladaq ki, DESFA-nın alınması məsələsi 2013-cü ildən SOCAR-ın gündəmində idi. Həmin ilin iyulunda Yunanıstanın Dövlət Əmlakının İdarə Edilməsi Fondu şirkətin 66 faizlik səhm paketini SOCAR-ın 400 milyon avroya almasına dair sövdələşməni bəyənmişdi. Ancaq o zaman Avropa Komissiyası inhisarçılıq əsası ilə sövdələşməyə müdaxilə etmişdi. Ötən ilin sonunda isə SOCAR-ın DESFA şirkətinin səhmlərinin 66 faizini alması məsələsinin artıq öz aktuallığını itirdiyi açıqlanmışdı.


Bəs görəsən, SOCAR-ın tenderdə növbəti dəfə iştirakı baş tutacaqmı? DESFA-nın səhmlərinin alınması Azərbaycan enerji sektoru üçün nə vəd edir?

Yunanıstanda bir neçə milyon dollarımız bata bilər
“Yeni Müsavat”ın suallarını cavablandıran Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban bildirdi ki, əvvəlki tenderin nəticəsiz qalmasında SOCAR-ın heç bir günahı olmayıb: “Əvvəlki razılaşmanın baş tutmamasının səbəbi o idi ki, bu prosesin uzadılması nəticəsində Yunanıstan hökuməti tərəfindən bir sıra qanunlar dəyişdi və tenderin şərtləri ona uyğun gəlmədi. Nəticədə bu, SOCAR-ın biznesinin həmin şərtlər daxilində gəlirlilik səviyyəsinin aşağı düşməsinə gətirib çıxaracaqdı. Bu şərtlər Dövlət Neft Şirkətinin oradakı payını, iştirakını lüzumsuz edirdi. Razılaşmanın baş tutmamasının səbəbi bu idi. Ona görə də Azərbaycan Dövlət Neft Şirkəti təqribən 3 ay Yunanıstan hökuməti ilə danışıqlar apardı ki, 2016-cı ilin iyununda etdikləri dəyişiklikləri o tenderə aid etməsinlər. Ancaq onlar razılaşmadılar. Bu səbəbdən də tenderin nəticəsi olmadı”.


İlham Şabanın sözlərinə görə, yeni keçiriləcək tenderdə Dövlət Neft Şirkəti qalib gəlməyə də bilər: “Ona görə də Yunanıstan hökuməti təkrar tender elan edir. Təkrar tender o deməkdir ki, yeni şərtlər qoyulur və tenderdə iştirak edəcək şirkətlər onu əldə edirlər. Əlbəttə ki, Dövlət Neft Şirkətini o tenderin şərtləri qane edəcəksə, və ya orada iştirak edən şirkətlərdən daha sərfəli təkliflər irəli sürəcəksə, o zaman Dövlət Neft Şirkəti qalib ola bilər. Əgər o şərtlər onu qane etməyəcəksə və ya SOCAR-la yanaşı, digər şirkətlər daha rəqabətə uyğun şərtlər irəli sürəcəksə, bu o deməkdir ki, Dövlət Neft Şirkəti o tenderdə qalib olmayacaq. Tenderin qaydası belədir. Bu o demək deyil ki, təkrar keçiriləcək tenderdə, sadəcə, Yunanıstan hökuməti ilə SOCAR olacaq”.


Azərbaycanın əvvəlki tenderdə Yunanıstan hökuməti ilə bağladığı razılaşmaya əsasən qarşı tərəfə verilən 450 milyon dolların taleyinə gəlincə, İlham Şaban bildirdi ki, bu məbləğin yalnız 10 faizi Yunanıstan hökumətinə ödənilib: “Azərbaycan 400 milyonun 10 faizi şəklində depozit qoymuşdu. Yəni söhbət 40 milyondan gedirdi. Bu 40 milyon dollar o şərtlə Yunanıstana verilmişdi ki, əgər ARDNŞ bu müqavilədən boyun qaçırarsa, pul qarşı tərəfdə qalacaq. Ancaq bu proses Azərbaycan tərəfinin günahı üzündən baş vermədiyindən həmin vəsait Azərbaycan tərəfinə qaytarılmalıdır. Hazırda o vəsaitin qaytarılıb-qaytarılmamasını deməyə çətinlik çəkirəm. Çünki bunu SOCAR açıqlamalıdır. Yəqin ki, burada müəyyən prosedur qaydaları var”. Sözügedən tenderdə qalib gəlməyin Azərbaycan və SOCAR üçün nə dərəcədə əhəmiyyətli olmasına gəlincə, İlham Şaban bildirdi ki, bu cür pərakəndə satış şəbəkəsindən istifadə SOCAR-a daha yüksək gəlirlər gətirə bilər: “Bir var ki, qazı topdan satasan, bir də var pərakəndə... Təbii ki, pərakəndə satış qiymətləri qat-qat baha olur. Özü də Avropada bu daha bahadır. Statistikaya görə, Avropada Yunanıstan bazarı həmişə topdansatış qiymətlərinin bahalığına görə ilk üçlüyə daxil olub. 2013-cü ildə ARDNŞ sifarişi verən zamankı qiymətlərlə Avropanın sərhədində Rusiya qazının qiyməti 450 dollar olanda, pərakəndə satış qiyməti 1200-1350 dollar arasında dəyişirdi. Pərakəndə satış hər zaman daha baha olur və çox gəlir gətirir. Bu mənada DESFA-nın paylayıcı şirkət olması əlavə divident gətirir”.


Nərgiz LİFTİYEVA
Tarix: 17-02-2017, 08:53
Xəbəri paylaş





Xəbər lenti