Beynəlxalq Bankdan görünməmiş tələb: Kreditlər 3 gündə təcili qaytarılsın

Beynəlxalq Bankdan görünməmiş tələb: Kreditlər 3 gündə təcili qaytarılsın Azərbaycan Beynəlxalq Bankının (ABB) yeni rəhbərliyi bir neçə il müddətinə verilmiş kreditlərin vaxtından əvvəl qaytarılmasını tələb edir. Səbəb kimi kredit müqaviləsinin bir şərtinə istinad edilir. Həmin şərtə görə kreditin qaytarılmaması nəticəsində banka zərər dəyməsi ehtimalı yarandıqda, bank kreditin vaxtından əvvəl qaytarılmasını tələb edə bilər.

Cebhe.info-nun məlumatına görə, bu barədə hüquqşünas Əkrəm Həsənov məlumat verib.



O bildirib ki, söhbət ötən il əmanət müqabilində verilən kreditlərdən gedir:

"2016-cı ilin yayında Beynəlxalq Bank müştərilərinə yeni məhsul təklif etmişdi: dollarla 3 faizlə əmanət qoy, manatla təminat olan əmanətin 75 faizi həddində 7 faizlə kredit götür. Bununla bank həm dollara olan tələbatını təmin etmişdi, həm də pulların yastıq altından çıxarılıb iqtisadiyyata yatırılmasına nail olmuşdu. Deyilənə görə, məhsul nəticəsində bank 50 milyon dollardan çox vəsait cəlb etmiş və 80 milyon manata yaxın kredit vermişdi".

Hüquqşünasın qənaətincə, kreditin qaytarılmaması nəticəsində banka zərərin dəyməsi mümkün deyil:

"Məsələn, ötən ilin iyunun 23-də müştəri banka 100 000 dollar (həmin dövrdəki 1 dollar=1,53 manat məzənnəsi ilə 153 000 manat ekvivalenti) əmanət qoyub və 114 000 manat kredit götürüb. Beləliklə də kreditin əmanətə nisbəti 75 faiz idi. Bu gün isə 1 dollar 1,74 manatdır. Başqa sözlə, kreditin məbləği 114 000 manat olduğu halda təminat kimi yerləşdirilən əmanətin ekvivalenti 174 000 manatdır. Yəni, kreditin əmanətə nisbəti 65 faizə düşüb. Göründüyü kimi, ötən müddət ərzində kreditin əmanətə nisbəti təminatı daha da etibarlı edib. Buna görə də bank üçün hər hansı mümkün zərərdən söhbət belə gedə bilməz".

Əkrəm Həsənov bildirib ki, buna baxmayaraq, Beynəlxalq Bank 3 gün ərzində kreditin təcili bağlanmasını tələb edir:

“Əks təqdirdə, müştəriləri nəinki kreditin əmanətdən tutulması ilə, həmçinin hüquq-mühafizə orqanlarına şikayətlə hədələyir. Bu, misli görülməmiş quldurluq və dərəbəylikdir. Nəticədə bank sisteminə ağır zərbə vurulur. ABB belə edirsə, bundan sonra kim banka əmanət qoyar, bankdan kredit götürər, sistemə etimad edər? Nəhayət, bankın bu hərəkəti açıq-aşkar kəskin devalvasiya anonsudur: manatı yığıb dollara çevirmək istəyir ki, devalvasiyadan qazansın. Görünən odur ki, bunun manatın süni şəkildə bahalaşdırılması dövründə olması da təsadüfi deyil".

Yeganə Oqtayqızı
Tarix: 28-02-2017, 15:50
Xəbəri paylaş





Xəbər lenti