Dollar Novruz ərəfəsində “cücərə” bilər

Dollar Novruz ərəfəsində “cücərə” bilər Qubad İbadoğlu: “Mərkəzi Bank müdaxilə etməzsə, böyük ehtimalla martın sonunda dolların məzənnəsi artacaq”


Bu il martın 1-nə olan məlumata görə, Azərbaycanda pul bazası 6 milyard 987 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankı xəbər verir ki, bu, 1 ay əvvəllə müqayisədə 344,7 mln. manat və yaxud 4,7% azdır. İlin əvvəlinə nisbətən nağd pul kütləsi 873,5 mln. manat və yaxud 11,11% azalıb, son 1 ildə isə 598,5 mln. manat və yaxud 9,37% artıb.


Bəs görəsən, son bir ayda pul bazasının 4,7 faizi necə və hansı səbəbdən azalıb? Dövriyyədə olan pul kütləsinin azaldılması məqsədli şəkildəmi həyata keçirilir?


Bu prosesin manatın məzənnəsinin qorunmasında rolu nədir?


Məlumat üçün qeyd edək ki, pul bazası dedikdə pul kütləsinin Mərkəzi Bank tərəfindən qısa müddət ərzində dəyişdirilə bilən hissəsi nəzərdə tutulur. Pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarının qalıqları) daxildir. Pul kütləsi dövriyyədə olan nağd və qeyri-nağd ödəniş vasitələrinin məcmusudur.


“Yeni Müsavat”ın suallarını cavablandıran iqtisadçı ekspert Qubad İbadoğlu bildirdi ki, bu siyasət məqsədli şəkildə aparılır: “Bu siyasət Mərkəzi Bankla Maliyyə Nazirliyinin birgə layihəsi hesab oluna bilər. Çünki son nəticədə dövriyyədə manat kütləsinin azalması əks dollarlaşma effekti yaradır. Dollara tələbat azalır. Dolların məzənnəsinin kəskin artımının qarşısını alır. Eyni zamanda manatın dövriyyədən yığışdırılması, manatla olan pul kütləsinin azalması son nəticədə həm də iqtisadiyyatın kiçilməsinə, işgüzar aktivliyin aşağı düşməsinə gətirib çıxarır. Bunun obyektiv səbəbləri də var. Çünki ilin ilk iki ayı yalnız cari xərclər dövlət büdcəsindən maliyyələşdirilir. Əsaslı kapital qoyuluşları isə əsasən bu aydan başlayır. Bu il Azərbaycan dövlət büdcəsində təxminən 2,5 milyard investisiya məqsədli vəsait nəzərdə tutulub. Ancaq bu vəsaitin ayrılması ilk iki ayda mümkün deyil. Çünki ən azından vəsaitlərin bölgüsü ilə bağlı Nazirlər Kabinetinin qərarı fevral ayının sonunda verilir. Ondan sonra artıq vəsaitlərin hansı infrastruktur işlərinə yönəldiləcəyi bəlli olur. Real olaraq bu vəsaitlərin bölüşdürülməsi prosesi ilin birinci 3 ayında müşahidə olunmur.

Bu proseslər mart ayının sonlarından başlayır. Bu baxımdan, dövriyyədə pul kütləsinin genişlənməməsinə səbəb olan amillərdən biri də investisiya mühitinin hələ reallaşmamasıdır”.

Dollar Novruz ərəfəsində “cücərə” bilər


Qeyd edək ki, mart ayının sonunda FED-in uçot dərəcələrini artıracağı gözlənilir. Məlumata görə, ABŞ Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcələrini mart ayının 14-15-də keçirəcəyi növbəti iclasında artırması ehtimalı 52%-ə yüksəlib.
Bu barədə dünya uçot dərəcələri proqnozları adlı maliyyə hesabatında bildirilir. Qeyd edək ki, bu sənəd uçot dərəcələrinin fyuçers müqavilələrinin dinamikası əsasında hazırlanır.


Xatırladaq ki, keçən həftə FED-in uçot dərəcələrini artırması ilə bağlı ehtimal 40%, bundan əvvəlki həftə isə 34% təşkil edib. Adətən bu göstəricinin 50%-dən aşağı olması FED-in uçot dərəcələrini artırmağa meylli olmamasını göstərir. Hazırda isə bu ehtimal 50 faizin üzərindədir. Bu da böyük ehtimalla uçot dərəcələrinin artırılacağından xəbər verir. Gözlənilən nəticə manatın təkrarən dollar qarşısında dəyərdən düşməsinə səbəb ola bilər.


Bu məsələ ilə bağlı danışan iqtisadçı alim Qubad İbadoğlu bildirdi ki, mart ayında bir çox səbəblərdən Azərbaycanda dollara tələbat artır: “Digər faktorlar da aktivləşərsə, daxildə də fəallıq olarsa, mart ayında dolların məzənnəsi möhkəmlənə bilər. Bu o halda baş verə bilər ki, Mərkəzi Bank valyuta bazarına müdaxilə etməsin. Əgər müdaxilə etməzsə, böyük ehtimalla biz məzənnənin artacağını müşahidə edə bilərik. Həmçinin uçot dərəcələrinin artırılmasına gəlincə, hazırkı vəziyyəti proqnozlaşdırmaq çox çətindir. Çünki bu ölkədə uçot dərəcələrinin artırılması ilə bağlı hələ ki yetkin bir qərar formalaşmayıb”.


Nərgiz LİFTİYEVA
Tarix: 3-03-2017, 09:27
Xəbəri paylaş





Xəbər lenti