Azərbaycan bazarında anormal vəziyyət: Dollar düşür, amma qiymətlər qalxır

Azərbaycan bazarında anormal vəziyyət: Dollar düşür, amma qiymətlər qalxır "Manat möhkəmlənən və ya dollar manata nisbətən ucuzlaşan zaman sahibkarlar 1 aydan sonra qiymət azalamalarının olacağını demişdilər. 1 ay arxada qaldı, amma hələ də qiymətlərdə eniş yoxdur”.

Bunu BakiPost.az-a iqtisadçı Vüqar Bayramov deyib.


Azərbaycan bazarında anormal vəziyyət: Dollar düşür, amma qiymətlər qalxır

O bildirib ki, xüsusən də idxal olunan malların qiymətinin enməməsi və ya enidirilməməsi təəccüb doğurmaya bilməz: "Bir ay öncə manat dollara nisbətən möhkəmlənməyə başladı. Belə ki, fevralın 3-də manatın dollar kursu əvvəli günə nisbətən 1.9200-dən 1.911-dək dəyişdi. Nəticədə, manat bu günə 1.7548 məzənnəsi ilə daxil oldu.

Manat möhkəmlənən zaman sahibkarlar 1 aydan sonra qiymətlərin azalacağını bildirmişdirlər. 1 ay olmasına baxmayaraq, hələ də qiymətlərdə hər hansı azalma yoxdur.

Əvvəlki günlərdə anbarlarda məhsulların olması bəhanə gətirilirdisə, artıq bu arqument də işləmir. Digər tərəfdən, xeyli sayda ərzaq məhsullarının saxlama müddəti günlərlə ölçülür. Maraqlıdır ki, dollar manata nisbətən möhkəmlənən zaman məhsulların qiymətinin artıran sahibkarlar indi nədənsə qiyməti aşağı salmaq haqda düşünmürlər”.

Vüqar Bayramov qeyd edib ki, mart ayının bayramlar ayı olduğunu da nəzərə alsaq, sahibkarların qiymət endirimlərində maraqlı olmayacağını proqnozlaşdırmaq çətin deyil: "Hətta əvvəlki illərin təcrübəsi göstərir ki, bayramlar zamanı qiymətlərin azalması deyil, artımı müşahidə edilir”.

İqtisadçı hesab edir ki, bazar qaydaları çərçivəsində qiymət monitorinqlərin gücləndirilməsinə ehtiyac var: "Bunu etmək lazımdır ki, qiymət azalmaları gözləyən istehlakçılar əksinə yeni qiymət artımları ilə üzləşməsinlər”.

Sevinc Yasinqızı
Tarix: 3-03-2017, 14:20
Xəbəri paylaş





Xəbər lenti