Rüfət Aslanlı ilə Ramiz Rzayev "razılaşma"sı bank böhranını çözəcək, yoxsa...? - Gəlişmə

Rüfət Aslanlı ilə Ramiz Rzayev "razılaşma"sı bank böhranını çözəcək, yoxsa...? - Gəlişmə Milli Məclisin ötən iclasında millət vəkili Zahid Oruc bank zülmündən cana doymuş məmləkət insanın ürəyindən xəbər verən bir təkliflə çıxış edərək yenidən Konstitusiya Məhkəməsiunə müraciət edilməsinin zəruriliyini əsasınadırmışdı:

"İki devalvasiya nəticəsində vətəndaşlarla banklar arasında yaranmış vəziyyəti tənzimləmək üçün Konstitusiya Məhkəməsi məlum prosesə baxdı, lakin bankların xeyrinə qərar çıxardı. Bunun nəticəsində insanlar məhkəməyə baş vururlar, amma nəticə Konstitusiya Məhkəməsindəki çərçivədən kənara çıxmır və on minlərlə insanların əleyhinə qərarlar verilir. Vətəndaş da məhkəmədə özünün hüququnun qorunmadığını görərək özünə əl qatır, bir sıra hallarda özünü yandırır və s. Sanki bizim kitablarda oxuduğumuz mənzərə baş vermiş olur. Məhkəmə-bank-vətəndaş üçbucağında insanlar hüquqi vasitələrlə özlərinin müdafiəsini görmürlər. Ona görə də parlament vasitəsilə biz Konstitusiya Məhkəməsinə həmin hüquqi müddəalara yenidən baxılması üçün müraciət etməliyik. Axı 100 minlərlə insanın hamısından, birə bir, yüzdə yüz yalnız bankın xeyrinə qərar çıxarırlar. Bəs o zaman hakimlərin, məhkəmə təsisatının, ədliyyə sistemimizin hüququ nədən ibarətdir?"

Həmin müraciətdən bir neçə gün sonra Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlının qurumun bir neçə nəfər rəhbər şəxsi ilə Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşməsi haqqında Moderator.az-a məlumat daxil olub. Bildirilir ki, Rüfət Aslanlı ilə Ramiz Rzayev hər iki qurum arasındakı "əməkdaşlıq məsələlərini" müzakirə ediblər.

Odur ki, indi bir suala cavab axtarmaq zərurəti yaranıb. Belə bir görüş olubsa tərəflər nələri müzakirə ediblər? Olmaya Zahid Orucun təklifini dəyərləndirmək qərarına gəlinib? Amma adamın heç inanmağı gəlmir ki, hökümət bu məsələdə vətəndaşın halına acımağa başlayıb və situasiyanı mülayimləşdirmək üçün hərəkətə keçilib. Axı Rüfət Aslanlı parlamentin ötən iclaslarında rəhbərlik etdiyi qurumun az qala məhkəmələrin səlahiyyətini mənimsənilməsi kimi yozulan qanun layihəsi ilə Milli Məclisə təşrif buyuranda deputatların top atəşinə tutulmuşdu. Nəticədə həmin qanun layihəsi gətirildiyi kimi də geri qaytarılmışdı. İndi nə baş verdi ki, yenidən Maliyyə Bazarlarına Nəzarət Palatası ilə Ali Məhkəmə arasında hansısa məsələnin müzakirəsi aktuallıq kəsb etsin? Şər deməsən xeyir gəlməz, bəlkə heç bu görüşdəki razılaşma gözləntilərin əksinə olaraq vətəndaşın başında çatlayacaq. Kim bilir, bəlkə Ali Məhkəmədə vətəndaşların xeyrinə qərarların çıxarılması üçün "kvota" müəyyənləşdiriləcək? Hər halda çox maraqlı situasiya yaranıb və biz mövzunu davam etdirərək hüquqşünasların, bank məsələləri üzrə mütəxəssislərin məsələyə münasibətini, şərhini öyrənərək oxucularımıza təqdim etməyə çalışacağıq. Çünki heç kimə sirr deyil ki, bu gün banklarla vətəndaş arasında yaranmış böhran ümummilli məsələyə çevrilib və bu problemdən çözüm tapılmadığına görə vəziyyət ötən hər gün qəlizləşir, nəticədə Zahid Orucun təbirincə desək, özünə əl qatan, çıxış yolunu özünü yandırmaqda görən insanların sayı artır.

Bizi izləyin...
Tarix: 8-06-2017, 12:56
Xəbəri paylaş





Xəbər lenti