Kürdəmir Mədəniyyət və Turizm İdarəsi ixtisarları necə təsdiqlədi? - ilginc təkzib

Kürdəmir Mədəniyyət və Turizm İdarəsi ixtisarları necə təsdiqlədi? - ilginc təkzib Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsinin rəis müavini Vaqif Aliyev özünün və rəisi Elman Məmmədov barəsində yayımlanmış xəbərlərimizə təkzib məktubu göndərib

Ulus.Az xatırladır ki, idarə ilə bağlı iddialara E.Məmmədov özü yox, müavini münasibət bildirib. Poetik üslubda yazılmış təkzib mətnində ziddiyyətli məqamlar var.

V.Alıyev qeyd edir ki, mənim idarə rəisinin vəkili rolunda çıxış etmək və müxtəlif bəhanələrlə “həqiqətləri” inkar etmək fikrim yoxdur: “Hesab edirəm ki, Elman müəllimin özünün də buna ehtiyacı yoxdur.

Amma, kifayət qədər demokratik və humanist bir insanı tənqidçi medianı boğmağa çalışan bir qüvvə kimi təqdim etməyiniz başa düşülən deyildir?

Kifayət qədər savadlı və idarəçilik üslübü ilə seçilən E.Məmmədov işlədiyimiz dövrdə heç vaxt yazıda qeyd edildiyi kimi “mənə heç kim bata bilməz” tonunda çıxış etməmiş, kollektiv üzvlərinin hər birinin ən yaxın dostu, tələbkar rəhbəri olmağı bacarmışdır”.

Amma çox hörmətli V.Alıyevin bu ibarəli sözlərindən də aydın olur ki, müavin rəisin vəkili rolunda çıxış edir.

Hətta “kollektivdə hamının dostu” olan E.Məmmədovun tələbkarlığından yazan rəis müavini bu təkzib mətni ilə demək istəyir ki, elə bu məktubu yazmağı da E.Məmmədov özü tələb edib.

İşdə nöqsanlar ola bilər deyən V.Alıyev hər şeydən yazsa da, əslində heç nədən yazmayıb, xəbərlərdəki iddialardan söz açmayıb.

Sonra rəis müavini 7 may 2017 – ci il tarixdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94 – cü ildönümünə həsr edilmiş ATV telekanalı ilə Kürdəmir rayon İcra Hakimiyyətinin birgə layihəsindən yazıb.

Bildirib ki, konsertdə iştirak edən minlərlə iştirakçı içərisində E.Məmmədov da olub və ön cərgədə əyləşməyib.

Amma rayon rəsmiləri, ictimaiyyəti həmişə ön sıralarda olur. Ən azı 2-ci cərgədə. Amma buna dair sujet və görüntünü də təqdim edə bilməyiblər.

Sonra da V.Alıyev etiraf edir ki, deyəsən “vəkil” rolunda çıxış etdim. Sanki, bu təkzibi yazmaq onun müstəqil qərarı olub.

Ulus.Az xatırladır ki, hörmətli V.Alıyev idarənin İmişli və Xocavənddə ixtisarlar aparmasına aydınlıq gətirib.

Rəis müavini deyib ki, İmişli və Xocavənd rayonlarında ixtisarlar aparılmır, sadəcə 2014–cü ildə monitorinqlərin nəticələrinin icrası istiqamətində gecikmiş tədbirlər bu gün həyata keçirilir.

Məqsəd insanları ixtisar etmək yox, onların iş şəraitini yaxşılaşdırmaq, müəssisələrin normal iş ahənginin bərpası istiqamətində sağlamlaşdırıcı tədbirlər həyata keçirməkdir.

Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsinin əməkdaşları regionun əhatə etdiyi rayonlara ezam edilərkən mədəniyyət sahəsində islahatların sürətləndirilməsinə xidmət edən təkliflərlə çıxış edirlər.

V.Alıyevin bu sətirlərindən heç nə anlamaq olmur və spekulyasiya xarakterli cümlələrdən ibarətdir. Çünki bu sözlər ixtisarların olduğunu təsdiq etməkdir.

Rəis müavini geniş təkzib mətninin sonunda vurğulayır: “Yazı müəllifi ilə təxminən bir il öncə tanış olmuşuq, şəxsiyyətinə və qələminə, obyektivliyinə şübhə etmirəm. İnanıram ki, müəllif səmimi hisslərimizi bölüşmək, məsələlərə eyni prizmadan baxmaq, əldə olunmuş faktları qərəzsiz və aşkarcasına təhlil etmək üçün vaxt ayırmağa, müzakirə masasında əyləşcəyimizə imkan tapacaqdır. Yəqin ki, o zaman biz informasiyaları bir daha təhlil edəcəyik”.

Çox hörmətli V.Alıyevin fikirlərinə hörmət edərək, onun mövqeyini olduğu kimi işıqlandırmışdıq və heç bir qərəzimiz olmadığını nümayiş etdirmişdik.

Ancaq təəssüf ki, E.Məmmədov müavini V.Alıyev kimi nəzakət nümayiş etdirmir, barəsindəki ittihamlardan danışmır. Medianın işi yazmaq və tərəflərə yer verməkdir.

Ulus.Az
Tarix: 16-06-2017, 08:59
Xəbəri paylaş





Xəbər lenti