Biznes sektoru iflic edən səbəblər və cavabdeh qurumlar...

Biznes sektoru iflic edən səbəblər və cavabdeh qurumlar... Əkrəm Həsənov: “Bu siyasət sayəsində Mərkəzi Bank devalvasiya və inflyasiya ilə uğurla mübarizə aparır, amma iqtisadiyyatı, ödəniş sistemini iflic edir”

Bank sektorunda yaşanan böhran real sektora da ciddi təsir edib. Bankların kreditləşməni demək olar ki, dayandırması biznesə cəlb olunan vəsaitlərin həcminin kəskin azalmasına səbəb olub. Nəticədə bağlanan, fəaliyyətini dayandıran obyektlərin sayı gündən-günə artır.

Bu durum iqtisadçıları da narahat edir. Onlar biznes sektorunun iflic olmasının səbəblərini yanlış pul-kredit siyasətinin aparılmasında görürlər.


İqtisadçı ekspert Əkrəm Həsənov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Azərbaycanın biznes sektorunun yeganə maliyyə mənbəyi kreditlər olduğundan , indi kreditləşmənin dayanması sahibkarları çətin vəziyyətə salıb: “Məlum olduğu kimi, biznes yalnız cəlb edilmiş vəsait hesabına fəaliyyət göstərə bilər. Vəsait də iki formada cəlb oluna bilər: sərmayə (şəriklik) və kredit. Orta və iri biznes bir-iki nəfərin sərmayəsi hesabına işləyə bilməz, çünki xeyli vəsait lazımdır. Qiymətli kağızlar bazarı isə Azərbaycanda çox zəifdir. Buna görə də çoxsaylı insanların vəsaitinin səhmdar cəmiyyətlərinə cəlb edilməsi təcrübəsi bizdə yoxdur. Təəssüf ki, nə sabiq Qiymətli Kağızlar Komitəsi, nə də onun varisi olan Maliyyə Bazarlarına Nəzarət Palatası ölkədə qiymətli kağızlar bazarının səmərəli fəaliyyəti üçün indiyədək heç bir əməli iş görməyib. Buna görə də ölkədə biznesin maliyyələşdirilməsinin şəriklik formasından çox az istifadə olunur. Bu da kreditin rolunu xeyli artırır". Yəni sahibkar başqa sahibkarlarla birləşib iş görə bilmir (qanunvericilik, institutlar, mexanizmlər və s. imkan vermir)”.
İqtisadçının sözlərinə görə, sahibkarların mütləq əksəriyyəti yalnız kredit götürməklə işləyə bilir: “Buna görə də hazırda kreditləşdirmənin zəifləməsi biznesin də iflic olması deməkdir. Real sektora pul çatmırsa, o işləyə bilməz. Təəssüf ki, Mərkəzi Bankın hazırda yürütdüyü sərt pul siyasəti məhz kreditlərşdirmənin boğulmasına yönəlib. Son 2 ildə Mərkəzi Bank milli valyutada olan pul kütləsini iki dəfə azaldıb. Deməli, dövriyyədə pul kəskin azalıb. Hətta azalan pul kütləsinin də əksər hissəsi real sektora çatmır, sadəcə bank sisteminin öz daxilində dövr edir. Belə ki, Mərkəzi Bank depozit hərracları keçirərək yüksək faiz dərəcəsi (12-14%) bankların pulunu əmanət kimi götürür. Təbii, Mərkəzi Bankdan risksiz gəlir götürə bilən bank real sektora baş qoşmaq istəmir”.

Ə. Həsənovun fikrincə, məhz bunun sayəsində Mərkəzi Bank devalvasiya və inflyasiya ilə uğurla mübarizə aparır, amma iqtisadiyyatı, ödəniş sistemini iflic edir: ”Bu, tamamilə səhv siyasətdir. Hesab edirəm ki, Mərkəzi Bank pul kütləsini ölkə iqtisadiyyatının tələbatına uyğun artırmalı, yəni banklara kreditlərinin verilməsinə davam etməlidir. Özü də Mərkəzi Bank uçot dərəcəsini də endirməlidir. Hazırda 15%-dir, çox yüksəkdir. Belə faizlə pul alan bank sahibkara hansı faizlə versin? Yüksək faizlə kredit götürən sahibkar həmin faizi necə ödəsin? Elə buna görə də kreditləşmə zəifləyib. Paralel yüksək faizli depozit hərracları təcrübəsinə son qoyulmalıdır. Pul bank sırf sistemində deyil, real sektorun tələbatı üçün dövr etməlidir”.
İqtisadçı onu da diqqətə çatdırdı ki, burada mühüm problemlərdən biri də Mərkəzi Bankın banklara verdiyi kreditlərin valyuta bazarına axmasıdır: “Buna görə də kreditlərin təyinatı üzrə istifadəsi mexanizmi yaradılmalıdır ki, vəsaitlər nəticədə real sektora çatsın. Bunun üçün də Mərkəzi Bank və Palata əl-ələ verib işləməlidir. Bunun üçün də onlar ilk növbədə Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun deyil, milli maraqları rəhbər tutmalıdır. Məlum olduğu kimi, sözügedən beynəlxalq maliyyə institutları sırf ABŞ maraqlarından çıxış edərək digər dövlətlərin maliyyə orqanlarından Federal Ehtiyat Sisteminin filialları kimi istifadə edir. Biz maliyyə suverenliyimizi bərpa etməliyik. Devalvasiya olursa olsun, bu artıq əsas məsələ deyil. Nə vaxta kimi maliyyə orqanlarımız bütün hərəkətlərini dollar məzənnəsi ilə ölçüb-biçəcək. Bizə müstəqil pul siyasəti yürütmək lazımdır”.

Nərgiz Liftiyeva
Tarix: 3-07-2017, 21:48
Xəbəri paylaş





Xəbər lenti