Azərbaycan böyük bazar axtarışında: TAPACAQ?

Azərbaycan böyük bazar axtarışında: TAPACAQ? Cibutidən başlayan ixracat ölkəyə nə qazandıracaq?

Natiq Cəfərli: “Keyfiyyətli məhsulların bahalı bazarlara - Avropaya, Amerikaya ixracı daha önəmli olmalıdır”


Afrikada ilk dəfə olaraq Azərbaycan məhsullarının satışı həyata keçirilib.Satış Cibutidə fəaliyyət göstərən məşhur “Casino”, “Al-Gamil” və “Cash Center” supermarketlərində reallaşıb.Sözügedən supermarketlərin Birləşmiş Ərəb Əmirliklərinin şəbəkəsinə aid olduğu bildirilir. Azərbaycan istehsalçılarının - “Gilan Holding”, “Azersun Holding” şirkətlər qrupu, “Aznar” QSC, “Az-Granata” MMC, “Delta Group”, “Şami Keçi Ferması” MMC, “Xurcun” şirkətlərinin istehsalı olan şirələr, çaylar, konservləşdirilmiş tərəvəz məhsulları, quru meyvələr və “Gazelli Group” şirkətinin təbii kosmetika məhsulları həm yerli, həm də Cibutidə yaşayan çoxsaylı əcnəbilərə təklif olunur. Həmçinin, ölkəmizin istehsalı olan yeyinti məhsulları ilə yanaşı, kənd təsərrüfatı məhsulları satışa çıxarılıb.

Belə ki, ölkəmizdə yetişdirilən meyvələr alma, armud, qarpız, o cümlədən, tərəvəz məhsulları xiyar, pomidor, kök, çuğundur, soğan və kələm qeyd olunan supermarketlərdə alıcılara təqdim olunur. Həmin məhsullar “Silk Way Airlines”ın Bakı-Cibuti birbaşa yük aviareysləri vasitəsilə “Made in Azerbaijan” brendi adı altında Cibutiyə gətirilir.


Azərbaycan məhsullarına yol açılır

Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi üzrə bir sıra tədbirlər həyata keçirilir.Bu məqsədlə də Azərbaycan məhsullarının xarici bazarlara ixrac edilməsi istiqamətində stimullaşdırıcı tədbirlər görülür.Hazırda ölkəmizdə qeyri-neft sektorunda istehsal edilən bəzi məhsullar dünyanın bir sıra ölkələrinə ixrac edilir.Ənənəvi olaraq Azərbaycan məhsullarının satışına Rusiya bazarlarında üstünlük verilir.Bu bazar Azərbaycan üçün ən əlverişli hesab olunur.Praktikada yeni və böyük bazarlara məhsul ixracını həyata keçirməyin çox çətin olduğu anlaşılır.Bəzi ekspertlər isə Azərbaycan brendinin Afrika bazarına çıxarılmasını uğurlu hesab etmir.Çünki Cibuti bazarı elə də bahalı hesab olunmur və alıcılıq qabiliyyəti aşağıdır.Bu qəbildən olan ekspertlər bildirir ki, qeyri-neft sektoru sahələrinin ciddi potensiala malik ixracyönümlü məhsullarının istehsalının təşkili və xarici bazarlara çıxarılması məsələləri diqqətlə öyrənilməlidir.Bunun üçün ilk növbədə dünya təcrübəsinin tətbiqinə geniş yer verilməli, ölkənin xarici ticarət konsepsiyasının daha işlək, səmərəli fəaliyyət mexanizmləri hazırlanıb həyata keçirilməlidir.Qeyri-neft sektorunda müəyyən addımların atılmasına baxmayaraq, bu sektor hələ davamlı və yüksək artım sürəti toplaya bilməyib.Ölkə hələ də neftdən asılılığını əhəmiyyətli dərəcədə azalda bilməyib.

Maraqlıdır, daha hansı ölkələrə Azərbaycan məhsullarının ixracını təşkil etmək olar?Ümumiyyətlə, yeni konturların cızılması üçün nələr etmək mümkündür?

“Kənd təsərrüfatı məhsulları yaxşı imic qazanıb”
Azərbaycan böyük bazar axtarışında: TAPACAQ?


İqtisadçı-ekspert Natiq Cəfərli “Cümhuriyət” qəzetinə bildirib ki, ölkə məhsullarını digər ölkə bazarlarına çıxarılmasını düşünərkən bir neçə önəmli faktlar nəzərə alınmalıdır:

“İlk öncə daşınma sifarişinin qiymətlərinin razılaşdırılmasına və uyğun marşrutun seçilməsinə diqqət edilməlidir. Məhsulların daşınması daha yaxın və ucuz başa gələn ölkələr daha sərfəli olur.İkinci, məhsullar satılan ölkələrdə vergi və gömrük siyasətinə diqqət yetirmək lazımdır ki, Azərbaycan məhsulları rəqabətə davam gətirsin, bazarlara çıxarkən rəqiblərindən baha olmasın və keyfiyyətdə onlardan geri qalmasın. Bu amilləri nəzərə alaraq demək olar ki, Azərbaycanın xüsusən də kənd təsərrüfatı məhsulları və onun emalından əldə olunan istehlak mallarının bazarlara çıxarılması üçün kifayət qədər münbit şərait var. Azərbaycanın kənd təsərrüfatı məhsulları yaxın çevrədə, o cümlədən, Rusiya bazarında kifayət qədər imic qazana bilib. Ölkəmizin məhsulları bu bazarlarda ən azından reklam olunmadan da satıla bilir.Amma yeni bazarların və yeni imkanların yaradılması üçün daha çox çalışmaq lazımdır.Çünki Azərbaycanın ənənəvi ixrac edə biləcəyi məhsullar bazarında çox kəskin rəqabət var”.

Afrika və Asiya bazarlarının “sirri”

İqtisadçı onu da qeyd edib ki, Azərbaycan Avropa, eləcədə də Amerika bazarlarına açılmaq istəsə, ilk öncə bu ölkələrlə arasında normal tərəfdaşlıq müqavilələri olmalıdır:

“Gömrük və vergi rüsumları Azərbaycan məhsullarının bazarlarda qiymətini tənzimləyir. Digər tərəfdən, logistik marşrutlar doğru-düzgün seçilməlidir ki, daşınma xərcləri baha olmasın.Ən nəhayət, keyfiyyət məsələsi həll olunmalıdır.Xarici bazarlara çıxarkən keyfiyyət sertifikatlarının alınmasına ehtiyac var. Əslində, Afrika və Asiya bazarlarında bu, daha rahatdır. Hesab edirəm ki, Azərbaycan istehlakçılarının Afrika və Asiya bazarlarına üz tutmağa can atması həm də bununla bağlıdır. Çünki orada keyfiyyət göstəriciləri Avropada, Amerikada olduğu kimi sərt qaydalarla tənzimlənmir. Azərbaycan istehsalçıları bazarlarda özlərinə yer tutmaq istəyirsə, mütləq qlobal bazarın oyun qaydalarına uyğun addım atmalıdır. Beynəlxalq aləmdə tanınan sertifikatların alınması və məhsulun keyfiyyətinin kifayət qədər yüksək səviyyədə olması, bazara giriş və yer tutmaq üçün vacib amillərdən biridir.Hələ Azərbaycanın artım tempi o qədər də yüksək deyil ki, həm daxili, həm də xaricdəki artan tələbatı ödəməyə qadir olsun.Ona görə də ilk növbədə ölkə daxilində məhsuldarlığın artırılmasına çalışmaq lazımdır.Həmçinin bazarlara daha tez və keyfiyyətli çıxış əldə edə biləcəyi məhsulların ilk növbədə ixracatını həyata keçirmək lazımdır. Bu da birbaşa və yarımfabrikat şəkildə kənd təsərrüfatı məhsulları ola bilər”.

Hədəf böyük bazarlar olmalıdır

Bu gün Afrikada Azərbaycan məhsullarının satışını həyata keçirən böyük holdinqlər və qruplardır.Ötən gün 80 tondan artıq yararsız Azərbaycan kartofu Qazaxıstandan geri qaytarıldı.Belə çıxır ki, fərdi şəkildə sahibkarlıq fəaliyyəti göstərən insanların bazarlara çıxardığı məhsulların keyfiyyətinin yoxlanılması nəzərdən qaçır?

Natiq Cəfərlinin sözlərinə görə, böyük şirkətlərin bazarlara çıxış imkanları daha çoxdur:

“Bundan əlavə həmin holdinqlərin təcrübəsi çoxdur, həm də öz məhsullarını daha çox tanıtmaq üçün əlində sərbəst maliyyə vəsaiti olur. Azərbaycan dövləti böyük şirkətlərə yox, on minlərlə kiçik fermerlərə və istehsalçılara dəstək olmağı hədəf götürməlidir.Onlara daşınma xərcləri ilə bağlı güzəştlər olunmalıdır, həmçinin orta və uzun vadili aşağı faizli kreditlərin verilməlidir.Bəzi ölkələr inkişafına baxdıqda görürük ki, məhz kiçik və orta sahibkarlıq həmin ölkələrin həm ixracatının, həm də iqtisadiyyatının bel sütununu təşkil edir.Bir neçə şirkətə dəstək verib on minlərlə fermerə və istehsalçıya dəstək verməmək səhv yanaşmadır.Dövlət sertifikatların alınmasında onlara kömək etməlidir.Lazım gəlsə, dövlət sertifikatların ödənişini özü etməlidir ki, onlar fərdi qaydada bazarlara çıxa bilsin.Bundan əlavə daşınma xərclərinə və məhsulun tanıtımına yardımlar etməlidir.Onsuz da böyük şirkətlər müxtəlif sxemlərlə fəaliyyətlərini həyata keçirirlər”.

Ekspert daha bir önəmli məsələyə diqqət çəkib:

“Azərbaycan dövləti də, şirkətləri də çalışıb daha çox varlı bazarlara çıxış əldə etməlidir. Yəni, Cibuti, eləcə də Afrikanın digər ölkələri kasıb bazarlardır. Onlarda həm qiymətlər aşağıdır, həm də kifayət qədər aşağı həcmdə məhsul satmaq mümkün olur.Buna görə də keyfiyyətli məhsulların bahalı bazarlara - Avropaya, Amerikaya ixracı daha önəmli olmalıdır.

Elə bir şərait yarana bilər ki, sahibkarın Afrikada satdığı məhsulun 1 kiloqramını Avropada ikiqat qiymətə satmaq olar.Təbii ki, bu da sahibkarın gəlirinə təsir göstərir.Afrika bazarlarında alıcılıq qabiliyyəti aşağı olur.Ona görə də keyfiyyətli məhsulların daha çox gəlir gətirən bazarlara çıxmasına üstünlük vermək lazımdır”.

Yeganə Oqtayqızı
Cebhe.info
Tarix: 12-07-2017, 00:41
Xəbəri paylaş





Xəbər lenti