Süd məhsulları adı altında süfrəmizə gələn təhlükə...

Süd məhsulları adı altında süfrəmizə gələn təhlükə... Gürcüstanda quru süddən hazırlanmış məhsulların süd məhsulu adı altında satılması qanunla qadağan edilib

Market və mağazalarda süd məhsulları adı altında satılan ərzaqların əksəriyyəti təbii süddən deyil, quru süddən hazırlanır. Bu məsələ geniş ictimaiyyətə bəlli olmasa da, mütəxəssislər təsdiqləyir ki, quru süddən hazırlanan məhsullar daha uzunömürlü olur. Bu isə təbii ki, məhsulun keyfiyyətində özünü büruzə verir və son nəticədə istehlakçıların aldadılması deməkdir. Bu mənada bir çox dövlətlərdə, o cümlədən Gürcüstanda quru süddən hazırlanmış məhsulların süd məhsulu adı altında satılması qanunla qadağan edilib. Tələb qoyulub ki, quru süddən hazırlanmış məhsulların üzərində analoji qeyd öz əksini tapsın.

İyulun 1-dən etibarən Gürcüstanın Milli Qida Agentliyi süd və süd məhsulları ilə bağlı yeni qaydalar tətbiq edib və həmin qaydalara görə yalnız maye süddən hazırlanmış süd məhsulların pendir və yağ kimi adlar vermək olar. Quru süddən hazırlanmış məhsulun “pendir” adlandırılması qadağan edilib. Yağ sözü də yalnız təbii süddən hazırlanmış yağlara aid ediləcək. Kərə yağı yalnız o məhsula deyiləcək ki, tərkibinin ən azı 39, ən çoxu 79 faizə qədəri təbii süddən hazırlansın. Bu qanunu pozanları isə təxminən 500 dollar həcmində cərimə gözləyir.


Bəs görəsən, Azərbaycanda bu sahədə vəziyyət necədir? İstehlakçı alacağı süd məhsulunun süddən, yoxsa quru süddən hazırlandığı haqqında məlumatı əldə edə bilirmi?

Bu suallara aydınlıq gətirmək üçün paytaxtda fəaliyyət göstərən marketlərə üz tutduq. Hər bir marketin süd məhsulları adı altında fəaliyyət göstərən hissəsi var ki, burada süd, ayran, xama, şor, kəsmik, yoqurt, yağ, pendir və sair ərzaqlar satılır. Həmin bölmədəki bir çox süd məhsullarının tərkibini araşdırsaq da, onun quru süddən və ya maye süddən hazırlandığını əks etdirən qeydlərə rast gəlmədik. Lakin istehlakçılara da sirr deyil ki, istər xaricdən idxal olunan süd məhsulları, istərsə də, yerli istehsal olan süd və süd məhsullarının əksəriyyəti quru süddən hazırlanır. Həmin quru süd də xaricdən idxal olunur.
Alıcılarla etdiyimiz söhbətdən isə bəlli oldu ki, onlar ümumiyyətlə məhsulun quru süddən hazırlanması ilə maraqlanmırlar. Daha çox ənənəvi dadlara, uzun illərdir istifadə etdikləri firmaların mallarına üstünlük verirlər. Alıcıların sözlərinə görə, quru süddən hazırlanmış südləri qaynadarkən onun təbii olmamasını görmək mümkündür. Hətta südlərin üzündə qaymaq əvəzinə sellofanı xatırladan nazik təbəqə əmələ gəlir və südün üzü kimi dağılmır, əksinə ələ götürəndə də elastikliyini qoruyur.
İstehlakçıları maraqlandıran digər məqam isə süd məhsulunun aylarla, bəzən illərlə keyfiyyətli qalması üçün onlara qatılan kimyəvi qatqılardır.

Bəs görəsən. quru süddən hazırlanan məhsullarının mənfi xüsusiyyəti nədir?

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, quru süddən hazırlanan məhsulların yararlılıq müddəti uzun olur və bu mənada istehsalçılar ona üstünlük verirlər: “Əgər bazarda satılan, xüsusən də, xaricdən gətirilən xama, qaymaq və digər süd məhsullarının yararlılıq müddəti üç aydan çoxdursa, bu, tərkibinə çoxlu kimyəvi maddələr vurulan "ölü" məhsul deməkdir. Həmin kimyəvi maddələr südün tərkibindəki canlı bakteriyaları öldürdüyü kimi, insan bədəninə düşəndə də bağırsaqlarda olan mikrofloranı məhv edir. Təəssüf ki, ölkəmizdəki süd məhsullarında bu hallar mövcuddur. Ancaq insanların sağlam və təmiz süd məhsulları istehlak etməsi üçün həm Səhiyyə Nazirliyi, həm də digər dövlət qurumları bu məhsulların yararlılıq müddətinin qısaldılması üçün işlər görməlidirlər”.

Ekspert onu da vurğuladı ki, ölkədə qida təhlükəsizliyi ilə bağlı ciddi problemlər yaşanır: “Bu ilin fevralın 10-da ölkə başçısı Qida Təhlükəsizliyi Agentliyinin yaradılması ilə bağlı fərman imzaladı və hazırda bu sahədə iş gedir. 15 ilə yaxındır ki, bununla bağlı ABŞ Dövlət İnkişaf Agentliyinin, Avropa İttifaqının, FAO adlanan beynəlxalq təşkilatın çoxsaylı təşəbbüsləri olub. Lakin hökumət ölkədə səhv siyasət yeridir. Bu məsələdə biznesi dəstəkləyən siyasət yeridir və istehlakçı hüquqları arxa planda qalıb. Ölkədə təhlükəli qidalar istehsal olunur. Təsadüfi deyil ki, İqtisadiyyat Nazirliyi özü də elan verdi ki, bu qidalardan ehtiyatlı olun. Bu yanlış siyasətin nəticəsi odur ki, bütün vətəndaşlar apteklərdə növbəyə durublar. Gürcüstanda atılan addım çox effektli bir addımdır. Azərbaycanda ardıcıl işlər görülməlidir. Sovet vaxtından bizim insanların beyninə oturmuş bir düşüncə var ki, “İvanovka” mal nişanı altında satılan məhsullar keyfiyyətlidir. Halbuki bu məhsullar quru süddən hazırlanır. Qafqaz MMC “İvanovka” mal nişanı altında quru süddən məhsul hazırlayır. Biz dəfələrlə İqtisadiyyat Nazirliyi qarşısında məsələ qaldırmışıq, lakin qarşısı alınmır. İstehlakçıların hüquqları pozulur. Ən pis cəhəti isə odur ki, onun tərkibində bəzən baytarlıq dərmanlarının qalıqları, antibiotiklər olur. Bunlar insanların orqanizminə düşəndə insanların antibiotiklərə davamlılığını əmələ gətirir. Xəstələnən zaman İnsanlara antibiotik vuranda artıq təsir etmir. Yerli və xarici süd məhsulları var ki, həftələrlə günün qabağında saxlayırsa, lakin xarab olmur. Bu o deməkdir ki, onlar tamam kimyalaşmış məhsullardır. Dadı, qoxusu isə normaldır. 4 ay , 5 ay yararlılıq müddəti olan süd məhsulları var ki, onlar hamısı kimyalaşıb”.
Eyyub Hüseynov süd məhsullarından istifadə ilə bağlı tövsiyələr də verdi: “İstehlakçılar bütün südləri qaynadıb içməlidirlər. Çünki onların keyfiyyəti kifayət qədər təmin olunmayıb. Hazırda BMT-nin FAO təşkilatı ərzaq məhsullarının təhlükəsizliyi haqqında qanun layihəsini müzakirə edir. Qanun bazası möhkəm olmadığından ölkədə kütləvi və tədrici zəhərlənmələr mövcuddur, ona görə də istehlakçılar ehtiyatlı olmalıdırlar. Bundan əlavə, öncəliklə məhsulun yararlılıq müddətinə fikir verilməlidir. Əgər istehsal və yararlılıq müddəti yapışdırılıb qoparılan kağızda qeyd olunubsa, həmin məhsulları almasınlar, bundan başqa, bəzən yararlılıq tarixi qapaqda da yazılır, istənilən vaxt həmin qapağı dəyişmək mümkün olduğundan bu tip məhsullardan da imtina etsinlər.

Həmçinin saxlanma şəraitinə uyğun yerdə saxlanmayan məhsulları da almasınlar. Hər bir istehlakçı özü təcrübə aparmalıdır, əgər aldığı məhsul 10-15 günə xarab olmursa, bu məhsullardan uzaq olsunlar. Həmçinin vakuum şəraitində bağlanmış məhsulun qapağı şişibsə, açanda qıcqırmış tam verirsə, üstündə göbələklər əmələ gəlibsə, o məhsuldan istifadə etməsinlər".
Süd məhsulları adı altında süfrəmizə gələn təhlükə...
Süd məhsulları adı altında süfrəmizə gələn təhlükə...
Süd məhsulları adı altında süfrəmizə gələn təhlükə...
Süd məhsulları adı altında süfrəmizə gələn təhlükə...
Süd məhsulları adı altında süfrəmizə gələn təhlükə...
Tarix: 12-07-2017, 09:11
Xəbəri paylaş





Xəbər lenti