Rüfət Aslanlı “aslan” maaşı ilə gündəmdə

Rüfət Aslanlı “aslan” maaşı ilə gündəmdə Natiq Cəfərli: “Təkzibin normal şəkildə verilməməsi şübhələr yaradır”


Maliyyə Bazarlarına Nəzarət Palatası rəhbərliyinin əməkhaqları ilə bağlı sensasion məlumat dərc edilib. İki gündür mediada və sosial şəbəkələrdə ciddi müzakirə mövzusuna çevrilən bu məlumatda iddia edilir ki, Palatanın Direktorlar Şurasının sədri Rüfət Aslanlı ayda 65 min manat, müavinlərinin hər biri 38000, icraçı direktor 18000, departament direktorları 10000, sıravi işçilər isə 800-1500 manat rəsmi məvacib alırlar.


Təkcə Rüfət Aslanlı və 2 müavininin əməkhaqlarının ödənilməsinə ildə 2 milyon manat vəsait sərf edildiyi qeyd edilir.
Qeyd edək ki, Rüfət Aslanlının iddia edilən maaşı prezident İlham Əliyevin maaşından 4 dəfə, ölkədəki orta aylıq əməkhaqqından 130, orta aylıq pensiyadan 325 dəfə çoxdur.


Modern.az bu iddialarla bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasından cavab almağa çalışıb. Palata sorğuya cavab olaraq yayılmış məlumatları təkzib edib: “Bu cür məlumatlar həqiqətə uyğun olmadığından şərhə ehtiyac görmürük. Bunun həqiqət olmasına inanmaq özü sadəlövhlükdür”.


İki gün boyunca mediada və ictimai müzakirələrdə geniş rezonans doğuran bu xəbər təkzib olunsa da, yenə də onun mənbəyi maraq mövzusu olaraq qalır. Bu rəqəm havadanmı götürülmüşdü? Bunu yayan sayt kimə və hansı mənbəyə istinad edirdi? Yenə yazdıqları xəbərin arxasında dayanırlarmı?


Xəbəri yayan moderator.az saytının baş redaktoru Zülfüqar Hüseynzadə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, onlara gələn bir informasiya əsasında belə bir xəbər yayıblar. Amma müsahibimiz təkzib verildiyi üçün mövzunun da onlar üçün qapandığını dedi: “Məsələni ictimailəşdirdik. Kaş ki, doğru olmasın. Bizim əsas missiyamız prezidentin çağırışlaırna dəstək verməkdir. Bugünlərdə hətta Özbəkistan prezidenti demişdi ki, korrupsiyadan yazın. Biz bu cür məlumatı ictimailəşdirməklə həmin qurumun nüfuzuna xələl gətirmirik”.


“Könül istərdi ki, biz yanılaq, belə şeylər olmasın” deyən müsahibimizə görə, oxucular da onlara çoxsaylı müraciətlər edir. Baş redaktorun sözlərinə görə, indi hər kəs banklara borcludur. Bu məsələ ilə bağlı müvafiq qurumlara tapşırıq verilib ki, məsələ həllini tapsın, şəffaflıq olsun: “Banklar insanların mal-mülkünü alırlar, onları borclarına görə çox pis duruma salırlar. Amma bizim kimisə hədəfə götürmək fikrimiz yoxdur. Sadəcə, bu informasiyanı dəqiqləşdirmək imkanımız olmayıb. Dediyim kimi, təkzib yayılandan sonra isə mövzu bizim üçün qapandı”.


İqtisadçı ekspert Natiq Cəfərli isə hesab edir ki, prinsipial, texniki və qanunvericilik baxımdan belə məvacib durumunun olması mümkündür. Müsahibimiz xatırlatdı ki, Rusiyanın dövlət orqanlarında məvaciblər milyonlarla ölçülür: “Sadəcə, təkzibin normal şəkildə verilməməsi, ictimaiyyətə informasiyanın detallı çatdırılmaması şübhələr yaradır. Həmin qurumun rəhbərliyi bu məlumatdan sonra sakinləri qane edəcək səviyyədə açıqlama verməlidir. Dövlətin təsis etdiyi bir qurumdan söhbət gedir. Cəmiyyət orda çalışan insanların məvaciblərini bilməlidir. Bu açıqlama xatirinə açıqlama vermək şübhələri daha da artırır”.


N.Cəfərli bir daha vurğuladı ki, səslənən rəqəmlərin gerçəyi əks etdirməsi mümkündür. Amma hansı qurumun, hansı gəlirliliyin müqabilində bunun yazılması əsas sualdır: “Publik hüquqi şəxs olsa da, banklardan müəyyən üzvlük haqqı, faiz qazanır. Bu Palata keçən ili gəlirlə yox, zərərlə başa vurub. Yaradılışının ilk ilində zərərlə qapadıb ili. Əslində isə mən belə düşünürəm ki, dövlət idarələrində, nazirliklərdə çalışan insanlar yüksək maaş almalıdılar ki, korrupsiyanın qarşısını alsınlar. Şəffaf və açıq olmalı insanlar barədə informasiyalar da açıq olmalıdır. Nazir və məmurların həyat tərzinə baxanda məlum olur ki bu maaşla belə dəbdəbəli həyat tərzi keçirmək olmaz. Hansısa bir məmur bir imzası, qanunsuz bir əməli ilə milyonlar qazanırsa və yüksək maaşla onu bundan çəkindirmək mümkündürsə, bu, edilməlidir. Palatanın borcudur ki, ictimaiyyəti açıq şəkildə bu barədə məlumatlandırsın. Palata gəlirlər işləyirsə, top menecerlərin də yüksək məvacib alması tam mümkündür”.


Sevinc TELMANQIZI
Tarix: 13-07-2017, 09:04
Xəbəri paylaş





Xəbər lenti