Problemli kreditləri hökumətin əvəzinə kimsə silməyəcək

Problemli kreditləri hökumətin əvəzinə kimsə silməyəcək Ölkənin sosial-iqtisadi göstəricisinin əyani sübutu olan ödəmə vaxtı keçmiş kreditlər son bir ildə 15 faizədək artıb. Problemli kreditlərin ümumi həcmi bu il iyunun 1-nə 1 739,8 mln. manat təşkil edib. Bu isə, əvvəlki ayla müqayisədə 9,15 faiz çoxdur. 2017-ci ilin iyunun 1-nə problemli kreditlər ümumi kredit portfelinin 11,76 faizini təşkil edib.
Problemli kreditlər hər ay əvvəlki dövrlə müqayisədə azalmaq əvəzinə, artır. Bu kreditlər ilin əvvəliylə müqayisədə 121,4 milyon manat (8,25 faiz), son 1 ildə isə 212,7 milyon manat (15,4 faiz) artıb.
Ekspertlər deyir ki, problemli kreditlərin həcminin durmadan artmasının ən sadə səbəbi gündəlik həyat tərzinə bağlıdır. Orta aylıq əməkhaqqının müqabilində ölkə vətəndaşının normal yaşam tərzi sıfıra bərabərdir. Aylıq əməkhaqqının hazırkı həddi kiçik bir ailənin qida, geyim, təhsil, sağlamlıq, kommunal ödənişlər, təsərrüfat xərclərini ödəməyə imkan vermir. Normalda hər bir insanın istirahət, asudə-mədəni vaxt hüququndan istifadə etməsi də vacibdir. Fəqət deyilənlərin hamısını bir ayın maaşı çərçivəsində idealcasına həll etmək hələ heç bir ortabab ailəyə nəsib olmayıb.
Təhsilhaqqı problemi günümüzün aparıcı mövzusudur. Bu sahədə yaşanan çətinlikləri həll etməyin yeganə yolu da kredit götürməkdən keçir. Bütün orta, kasıb ailələrin ödənişli əsaslarla oxuyan övladlarının təhsil haqqını vermək üçün kredit götürməkdən qeyri hansı yolu var?!
Doğrudur,xaricdə təhsil, iş, biznes kreditləri kimi unikal təcrübə mövcuddur. Lakin bu təcrübə Azərbaycan vətəndaşları üçün xülya olaraq qalır. Ölkə banklarının yalnız verdiyi istehlak kreditlərinin hazırkı aqibəti isə göz qabağındadır.
Problemli kreditlərin ocağı olan bank sektorunun yarıtmaz vəziyyəti vətəndaşları çıxılmaz duruma salıb. Normal fəaliyyəti çoxdan yadırğamış bu sektorun özü hazırda problem içindədir. Dalbadal bağlanan bankların real vəziyyəti insanların onlara inamını qırıb. Qarşılıqlı əməkdaşlığın fayda vermədiyi bank sektorunda indi müştəri-bank problemi çəkişmə mövzusu olub. Ümumiləşdirsək, insanların təkcə gündəlik ehtiyacları üçün deyil, mənzil və digər böyük problemlərini həll etmək üçün banklardan götürdüyü krediti qaytara bilmir. Hazırkı iqtisadi şərtlər altında isə vətəndaşın kreditini qaytarması reallıqdan uzaq məsələdir. Nəticədə, problemli kreditlərin həcmi azalmayacaq. Maraqlıdır, kredit götürən şəxsin öz vəsaitini qaytarması qabiliyyəti sıfıra bərabər olduğu halda, ona güzəşt olunmur. Problemli kreditlərin artan statistikasını verməkdənsə, onlardan bəzilərinin silinməsi, yaxud hansısa formada güzəştlərin edilməsiylə məsələni həll etmək isə kimsəni maraqlandırmır.

azadlıq.info
Tarix: 14-07-2017, 19:32
Xəbəri paylaş





Xəbər lenti