Sahibkarların super-market qarşıdurması

Sahibkarların super-market qarşıdurması Bir müddət əvvəl paytaxtın Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində yerləşən “Safa Store” adlı super-marketdə “Riyad” Mühafizə Xidməti əməkdaşlarının iştirakı ilə baş vermiş davaya görə həbs olunan sahibkar Azadxan Xanməmmədovun vəkili yaxınları onun sifarişlə həbs olunduğunu iddia edir. Bu haqda onlar iyulun 18-də keçirdikləri mətbuat konfransında danışıblar.
Vəkil Ceyhun Yusifov deyir ki, birinci mərtəbəsində super-marketin yerləşdiyi binanı Azadxan Xanməmmədovun təsisçisi olduğu şirkət tikib. Mağazanın yerləşdiyi ərazi də onun mülkiyyətindədir, qeyri-yaşayış sahəsinin Reyestr Xidmətindən alınmış çıxarışı da var: “Amma “Xalid Faiqoğlu” MMC-nin sahibi olan Faiq Seyidovla Azadxan müəllim tanış olandan sonra onların arasında centlmensayağı razılaşma olub. Azadxan müəllimə söz verib ki, ona məxsus qeyri-yaşayış sahəsində mağaza açıb, ona da icarə pulu verəcək. Amma sonradan vədinə əməl eləməyib. Bunu görən Azadxan müəllim də əmlakını geri tələb edib. Binəqədi Rayon Məhkəməsində mülki qaydada iddia qaldırılıb”.
Vəkilin sözlərinə görə, məhkəmədə mülki mübahisə davam etdiyi vaxtda Azadxan Xanməmmədov sözügedən əmlakını qorumaq məqsədi ilə “Riyad” Mühafizə şirkəti ilə müqavilə bağlayıb. Şirkətin 10-a yaxın əməkdaşının iştirakı ilə səhər saat 7 radələrində super-marketdə dava olub.
Bu hadisənin video-görüntüləri də yayılmışdı. Həmin görüntüləri mağazadakı kameralar qeydə alıb.
Vəkil isə deyir ki, Faiq Seyidov və adamları mühafizə xidmətinin işçilərini təxribata çəkiblər, nəticədə dava düşüb: “Məqsədli şəkildə münaqişə yaradıblar”.
Hadisədən sonra mühafizə xidmətinin davada iştirak edən əməkdaşları ilə yanaşı, Azadxan Xanməmmədov da həbs olunub. O, baş vermiş xuliqanlığın təşkilində ittiham olunur: “Halbuki, Azadxan müəllim hadisə yerindən uzaqlaşandan təxminən 20 dəqiqə sonra bu olaylar baş verib. Bunu telefon antenlərindən çıxarış da təsdiqləyir. Hazırda istintaqı Bakı Şəhər Baş Polis İdarəsi aparır. Hadisəyə görə dörd nəfər həbsdədir, təxminən yeddi nəfər haqqında da polis nəzarətinə vermə qətimkan tədbiri seçilib. Hadisə ilə heç bir əlaqəsi olmayan adama təşkilatçı ittihamı vermək yalnız sifariş əsasında ola bilər. Faiq Seyidov bizim qarşımızda şərt qoyur ki, Azadxan müəllim əmlakdan əl çəksin, o da şikayətini geri götürəcək. Bu nə deməkdir?”
Həbsdə olan sahibkarın həyat yoldaşı Əsmər Fətullayeva isə Azadxan Xanməmmədovun səhhətində ciddi problemlər olduğunu bildirib. Həyat yoldaşının günahsız olduğunu vurğulayaraq, heç olmasa, ev dustaqlığına buraxılması üçün dövlət başçısı və xanımından kömək istəyib. Əsmər Fətullayeva mətbuat vasitəsilə onlara müraciət edib.
Vəkil də Azadxan Xanməmmədovun iki dəfə ağır cərrahiyyə əməliyyatı keçirdiyini, durumunun ağır olduğunu bildirib: “Təcridxanaya dərman daşımaqla məşğuluq”.
“Xaliq Faiqoğlu” MMC-dən isə iddiaların yalan olduğu, Faiq Seyidovun istintaqın gedişinə heç bir təsir göstərmədiyi, məsuliyyətə cəlb olunanların mağazaya hücuma görə cəzalandırıldığı bildirilib.

azadliq.info
Tarix: 18-07-2017, 16:45
Xəbəri paylaş





Xəbər lenti