Yumurtadan yun qırxan kəmfürsətlər: Subsidiya qənimləri...

Yumurtadan yun qırxan kəmfürsətlər: Subsidiya qənimləri... Mən statistikanın rəsmi rəqəmlərini açıqlamaq və məsələni həmin rəqəmlər üzərində də qurmaq istəmirəm. Çünki rəqəmlərin maraq doğuracağına da inanmıram. Sadəcə bildiyiniz vəziyyəti düzgün şərh etmək istəyirəm. Məmur özbaşınalığı məlumdur, heç kəs öz yerində deyil. Regionların sosial iqtisqadi inkişaf proqramlarının icrası görüntü xarakteri daşıyır. Strateji yol xəritəsi təəssüflər olsun ki, şablon elmi əsaslarla, lakin heç bir real meyarlara və milli xüsusiyyətlərə əsaslanmadan gündəliyə gətirilmiş mövzu körkəmi daşıyır. Kənd təsərrüfatının inkişafı üçün ayrılan subsidiyalar yerli icra hakimiyyətləri tərəfindən kütləvi mənimsənilir. Fəaliyyət sahələrinin rentabellilik səviyyəsi düzgün araşdırılmır. Şəkər çuğunduru, pambıq, çəltik, buğda kimi subsidiyalı sahələrin icra başçıları tərəfindən monopoliyası kəndlilərin həqiqi məhsul yaradan fəaliyyətini sıradan çıxarır. Ayrılan bir neçə min manat (subsidiya) yardıma görə icra başçıları arealın xüsusiyyətlərinə uyğun olmayan yalançı təsərrüfatlar yardırlar.

Heyvandarlıq və yemçilik fəaliyyəti ilə məşğul olan fermerlərin otlaq (örüş) və əkin sahələri zəbt olunur. Yemin qiyməti sürətlə qalxır. Ona görə də kəndlilər heyvandarlıqla məşğul olmağı əlverişsiz sahə hesab edərək bu işlə vidalaşmalı olurlar. Həmin səbəbdən də bir çox regionlarda ətin qiyməti 30 faiz bahalaşıb. Hətta bu gün paytaxtdakı qiymətlərdən daha baha qiymətə təklif olunur. Qaş düzəltdiyimiz yerdə göz çıxarırıq. Əlbəttə ki, artıq çox gecdir. Sanki ölkənin taleyi zamanın öhdəsinə buraxılıb. Harada qırılar qırılsın! Bunun başlıca səbəbi isə ləyaqətli və dürüst insanların kənara çəkilməsi, yumurtadan yun qırxan kəmfürsətlərin (hansı ki, nəfsinin hökmü ilə yaşayır) önə çıxmasıdır. Əgər gerçəkliyi nəzərə alsaq bəlkə də bu günümüzdə ölkədə ləyaqətli insanların sayı heç dövlət hakimiyyətinin vəzifələrini icra edəcək sayı qədər deyil. Bu gün çoxluq təşkil edən yaltaqlığın yeganə səbəbi qorxu və özünə sevgidir. Qorxaq,oğru, yalançı və özünə vurğun insanlardan xüsusi keyfiyyətlər gözləmək sədəlövhlükdür.

Yeri gəlmişkən qeyd etməliyəm ki, kim ölkə maraqlarını müdafiə edirsə, onu düşmən adlandırmağın səbəbi də özlərini prezidentə sədaqətli göstərməklə öz xəyanətlərini ort - basdır etməkdir. Çünki həqiqətin ortaya çıxması məmurların əsl simasını və fəaliyyətini ifşa edə bilər. Ona görə də guya sədaqət nümayiş etdirirlər. Əslində vəziyyətin pis mənada dəyişdiyi halda prezidentə ilk xəyanət edə biləcək şəxslər də bu qəbil simasız varlıqlardır. Ləyaqətli insan öz mövqeyini həmişə qoruyur və ideyasına sədaqətli olur.

O ki, qaldı vergilərə, Vergilər Nazirliyi heç bir işi özbaşına görmür. Sadəcə mexanizmin əsas qolu olduğu üçün diqqət ona yönəlir. Onu da xüsusi qeyd etməliyəm ki, vergi sistemi ümumiyyətlə hazırkı monetar siyasətlə ziddiyət təşkil edir. Dünya praktikası var, ona əsaslanmaq lazımdır. Məsələn, ABŞ-ın D. Reyqan dövründə, B. Britaniyanın M.Tetçer hakimiyyəti dövründə inflyasiyanın qarşısının alınması məqsədilə Fredmen konsepsiyası ilə yanaşı ciddi vergi güzəştləri də tətbiq olunmuşdu. Beləliklə problem uğurla həll olunmuşdu. Hətta D. Reyqanın dövründə dövlət aparatına işgüzar sferanın ciddi rəğbəti yaranmışdı. Bizdə isə əmək haqları azaldılır, yüksək bank faizləri tətbiq olunur, büdcə xərcləri azaldılır, tədavüldəki pul kütləsinin artımı məhdudlaşdırılır, məcmu gəlir azalır, vergilər isə sərtləşdirilir və artırılır. Belə təcrübənin analoqu yoxdur. Bu şəraitdə vergilərin ÜDM-də (ümumdaxili məhsul) payı 12-15 faiz ola bilməz. Bildiyimiz kimi ÜDM – ölkə daxilində istehsal olunan əmtəə və xidmətlərin məcmu dəyərini xarakterizə edir. Əsas hissəsini isə neft təşkil edir. 12-15 faiz vergilərin tətbiqi elə qiymətlərin artımı deməkdir. Bu gün reallıq onu göstərir ki, ticarət obyektləri ən yaxşı halda xərclər nəzərə alınmadan (ortalama) cəmisi 10-15 faiz ticarət əlavəsi ilə işləyirlər. Xərclər çıxıldıqdan sonra (icarə haqları, aşınma, əmək haqqı,kommunal xidmətlər və s. digər) isə yaxşı halda bu faiz dərəcəsi 6 faiz təşkil edir. Sual ortaya çıxır, dövriyyənin 6 faizi qədər qazancdan 15 faiz vergi vermək mümkündürmü ? Əlbəttə ki, yox. Bir yandan isə vergi borcları üzrə cinayət məsuliyyəti yaradan sanksiyalaşdırılmış tələb icra olunduğu halda məhkəmələr tərəfindən təkrar və eyni növ məsuliyyətin yaradılmasının anlaşılmazlığıdır. Beləliklə sahibkar hərtərəfli zərərə məruz qalır. Heç bir elmi və iqtisadi əsaslar olmadan Vergi Məcəlləsinə konstitusiyaya zidd müddəalar əlavə olundu. Keçid müddəaları ziddiyətli və dəyişkən müdaxilələrə məruz qoyuldu. Sahibkarlıq və investisiya mühiti məhv edildi.Ona görə də vergi sistemi bu gün soyğunçuluq xüsusiyyətləri ilə xarakterizə olunur. O da gizli deyil ki, sadələşdirilmiş vergi ödəyicilərinə mal qalığının uçot məlumatlarına daxil edilməsi ilə bağlı yoxlamalar açılır. Malların hansı tarixdən vergi ödəyicisinin sahibliyində olması barədə mənbə araşdırılmadan, izahat alınmadan yüksək ( 10, 20, 40 faiz) (qanunun geriyə qüvvəsi olmadığı halda) maliyyə sanksiyalarına məruz qoyulur. Vergi qanunvericiliyi barədə bütün qaranlıq və aydın olmayan məqamlar vergi ödəyicilərinin xeyrinə şərh edilməli olduğu halda bunun əksi baş verir. Sahibkarlar kütləvi şəkildə ölkəni tərk edir. Çünki burada sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq maliyyə itkisi ilə üzləşmək riski yaradır. Ona görə də investisiya mühiti tamamilə sıradan çıxıb. Bu vəziyyətdən isə yerli icra başçıları, və yüksək çinli məmurlar məmnuniyyətlə istifadə edirlər. Əsas mənbələr vergidən yayındırıldığı üçün yük yenə də kiçik sahibkarlıq subyektlərinin üzərinə düşür və diskriminasiya əlamətləri meydana gəlir. Burada isə yenə də Vergilər Nazirliyi günahlandırılır.

Əgər biz həqiqətən də ölkədə sosial iqtisadi şəraiti yaxşılaşdırmaq istəyiriksə, ziddiyətli təbəqələşmənin, təhlükəli inflyasiyanın, sosial partlayışın qarşısını almaq istəyiriksə şablon konsepsiyanı kənara qoyub kadr islahatlarına və vergitutmanın strategiyasına yenidən baxmalıyıq. Vergilərin ticarət döviyyəsinə yönəldilməsi ənənəsinə son qoymalıyıq. Elmi və iqtisadi əsaslarla xarakterizə olunan və yalnız gəlirlilik amilinə əsaslanan vergi sistemi və rejimi yaratmalıyıq. Əgər bir qədər də ləngisək, nəzərə almalıyıq ki, iqtisadi problemlərin vulkan həddinə üç aydan da az vaxt qalıb.
Yumurtadan yun qırxan kəmfürsətlər: Subsidiya qənimləri...

Elçin Qurbanov, iqtisadçı ekspert
Tarix: 25-07-2017, 00:16
Xəbəri paylaş





Xəbər lenti