Əhməd Əhmədzadənin idarəsində dövlət vəsaiti necə “komplektləşdirilir”?: ÖZƏL

Əhməd Əhmədzadənin idarəsində dövlət vəsaiti necə “komplektləşdirilir”?: ÖZƏL Meliorasiya və Su Təsərrüfatı ASC-nin Texnoloji-İstehsalat

Komplektləşdirmə İdarəsində müəmmalı maliyyə əməliyyatları...

“Art-Proje” MMC, “Hidro-M” MMC, “Grand Motors” MMC, “Cavidan-M ”

MMC, “Kaskad-Hidro” MMC və s.

Xeberinfo.com: Hesablama Palatası kimi mötəbər dövlət qurumunun Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində (ASC) ciddi maliyyə pozuntuları aşkarlaması ictimai arenada Əhməd Əhmədzadənin son 24 il ərzində fasiləsiz rəhbərlik etdiyi quruma maraq yaratdı. Məlumata görə, dövlət strukturlarında, xüsusilə də Maliyyə, Kənd Təsərrüfatı və İqtisadiyyat Nazirliklərində də dövlət büdcəsindən Meliorasiya və Su Təsərrüfatı ASC-yə ayrılan maliyyə vəsaitlərinin taleyindən narahatlıq mövcuddur.
Elə xeberinfo.com-a daxil olan məlumatlar da narahatlıqlara ciddi əsasların olduğundan xəbər verir. Məlumatlara görə Meliorasiya və Su Təsərrüfatı ASC-nin Texnoloji-İstehsalat Komplektləşdirmə İdarəsindəi müəmmalı maliyyə əməliyyatları həyata keçirilməkdədir. Məlumatlı şəxsin bildirdiyinə görə, Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadənin ən yaxın adamlarından biri sayılan Tofiq Alışov adlı şəxsin rəhbərlik etdiyi Texnoloji-İstehsalat Komplektləşdirmə İdarəsinin bir neçə şirkətlə həyata keçirdiyi maliyyə əməliyyatları şübhə doğurur ki, onların sırasında iki şirkətlə aparılan əməliyyatlar xüsusi ilə diqqəti çəkir.
Bunun səbəbi isə hüquqi ünvanı Abşeron rayonu, Xırdalan şəhəri 27-ci məhəllə, ev 4, mənzil 23-də yerləşən “Art-Proje” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ilə Sumqayıt şəhəri, məhəllə 15, ev 3/6, mənzil 34-də qeydiyyatda olan “Hidro-M” adlı şirkətə eyni bir şəxsin, Əkram Musa oğlu Əliyevin rəhbərlik etməsidir. Bu arada sual doğur: necə olur ki, ayrı-ayrı şəhərlərdə yerləşən iki müxtəlif şirkətə eyni bir şəxs rəhbərlik edir və bu şirkətlərlə də çox böyük maliyyə əməliyyatları həyata keçirilir? Bu suala biz cavab verə bilməsək də, ümüdvarıq ki, Melioarasiya və Su Təsərrüfatı ASC-nin rəhbər şəxsləri, Texnoloji-İstehsalat Komplektləşdirmə İdarəsinin rəisi Tofiq Alışov aydınlıq gətirməkdə çətinlik çəkməyəcək.
Bu istiqamətdə xeberinfo.com-a daxil olan digər məlumatlar da, bu əməliyyatlarda şübhəli məqamların mövcudluğu şübhəsini artırır. Aradakı məbləğ də heç də kiçik rəqəmlərlə ifadə olunmur. Belə ki, Tofiq Alışovun rəhbərlik etdiyi Texnoloji-İstehsalat Komplektləşdirmə İdarəsi ilə Əkram Əliyevin rəhbərlik etdiyi “Art-Proje” MMC-i arasında bir əməliyyatın həcmi nə az, nə çox düz 775 130 manatdır.
Texnoloji-İstehsalat Komplektləşdirmə İdarəsi ilə Əkram Əliyevin rəhbərlik etdiyi ikinci şirkət, “Hidro-M” MMC-i arasında isə bir neçə maliyyə əməliyatı həyata keçirilib. Bu maliyyə əməliyyatlarının ümumi məbləği isə 230 min manatdan artıqdır. İstisna deyil ki, Tofiq Alışov Əkram Əliyevlə başqa maliyyə əməliyyatları da həyata keçirib.
Bu məlumatı xeberinfo.com-a təqdim edən şəxs Texnoloji-İstehsalat Komplektləşdirmə İdarəsi ilə “Grand Motors” MMC-i arasında həyata keçirilən maliyyə əməliyyatlarına da diqqət çəkilməsini zəruri sayır. Məlumata görə Texnoloji-İstehsalat Komplektləşdirmə İdarəsi ilə “Grand Motors” MMC-i arasındakı maliyyə əməliyyatlarının həcmi 2 milyon 700 min manatdan artıqdır. Bu əməliyyatlar sırasında 4 ədəd “HYUNDAİ İX 35” və 1 ədəd “SANTA FE” kimi bahalı avtomobillərin alınması da var ki, onlara 200 min manatdan artıq büdcə vəsaiti sərf olunub.
Qeyd edək ki, əldə etdiyimiz məlumatlar sırasında bir başqa fakt da çox diqqətçəkici idi. Belə ki, Tofiq Alışov Mütəllim Hüseyn oğlu Məmmədov adlı şəxsin cəmi 4 manat nizamnamə kapitalı olan və Suraxanı rayonu, Zığ şəhər tipli qəsəbəsi, Zığ şossesi, ev-1-də yerləşən şirkəti ilə 1 milyon 375 min manatlıq maliyyə əməliyyatı həyata keçirib. Guya Mütəllim Məmmədovun rəhbərlik etdiyi 4 manatlıq “Cavidan-M ” MMC bu 1 miyon 375 min manatın müqabilində Texnoloji-İstehsalat Komplektləşdirmə İdarəsinə yumşaq inventar, yataq ləvazimatı və xüsusi geyimlər satıb.
Xeberinfo.com-a daxil olan digər məlumata görə, Tofiq Alışovun Sabir Həmidov və Sabir Məmmədovla birgə həyata keçirdiyi maliyyə əməliyyatları da şübhə doğurur. Məsələn, Tofiq Alışovun rəhbərlik etdiyi Texnoloji-İstehsalat Komplektləşdirmə İdarəsi ilə Sabir Həmidovun rəhbərlik etdiyi, Nərimanov rayonu, Ziya Bünyadov prospekti ev 110 K-da qeydiyyatda olan “Kaskad-Hidro” MMC-i ilə bir maliyyə əməliyyatı 1 milyon 807 min manatdan artıq olub. Mənbə bildirir ki, guya “Kaskad-Hidro” MMC-i bunun müqabilində Texnoloji-İstehsalat Komplektləşdirmə İdarəsinə şar birləşmələri, klapanlar, siyirtmələr, əl ilə idarə olunan dönən siyirtmələr və elektrik inteqrallı siyirtmələr satıb. Mənbə bildirir ki, “Kaskad-Hidro” MMC-nin belə mallar idxal edib-etmədiyi araşdırılsa çox ciddi faktlar aşkarlana bilər.
Göründüyü kimi, hər il milyonlarla və hətta on milyonlarla dövlət vəsaiti Əhməd Əhmədzadənin tabeliyində olan, Tofiq Alışovun rəhbərlik etdiyi idarənin xətti ilə əli ilə xərclənir. Olsun, amma... hara və necə? İndi buyursun, Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbər şəxsləri ölkənin hazırkı məlum iqtisadi durumunda belə bədxərcliyi cəmiyyətə izah etsin görək. Azərbaycan vətəndaşlarının isə büdcə vəsaitlərinin necə və hansı məqsədlərlə istifadə olunması ilə bağlı Melioarasiya və Su Təsərrüfatı ASC-nin rəhbərliyindən açıqlama tələb etmək hüququ və haqqı var.
Bütün bu məlumatlarla bağlı Texnoloji-İstehsalat Komplektləşdirmə İdarəsinin rəisi hörmətli Tofiq Alışovu da dinləmək istədik. Bu şəxslə telefon əlaqəsi yarada bilsək də, müxtəlif bəhanələrlə suallarımızı cavablandırmaqdan yayındı...
Qarşıdakı günlərdə aidiyyatı dövlət strukturları ilə bu və digər məlumatları aydınlaşdırmaqla mövzunu davam etdirməyə çaslışacağıq

obyektiv.org
Tarix: 12-08-2017, 15:49
Xəbəri paylaş





Xəbər lenti