Bakının ev bazarında “savaş”: “Bahalaşacaq” elanı nəyə hesablanıb?

Bakının ev bazarında “savaş”: “Bahalaşacaq” elanı nəyə hesablanıb? Yay mövsümünün sonuna doğru yaxınlaşdıqca bahalaşma barədə proqnozlar özünü doğrultmağa başlayır. Əvvəlki illərin təcrübəsi sentyabrdan yeni tədris ilinin başlaması ilə əlaqədar mənzil, geyim, ərzaq bazarında hiss ediləcək dərəcədə qiymət artımı olacağını təxmin etməyə əsas verir.

Bakıya kütləvi qayıdış bahalaşma yaradacaq

Yay mövsümündə paytaxtı tərk edərək müvəqqəti olaraq bölgələrə gedənlərin yenidən geriyə kütləvi axını, eləcə də minlərlə yeni tələbənin gəlməsi Bakının mənzil bazarında canlanma yaradacaq.

Bakının ev bazarında “savaş”: “Bahalaşacaq” elanı nəyə hesablanıb?

"MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov da mətbuata açıqlamasında yay mövsümü olduğu və məzuniyyətlər dövrünün başladığı üçün Bakıda daşınmaz əmlak bazarında nisbi sakitlik olduğunu deyib. N.İbrahimov bildirib ki, hazırda bazarda aktivliyin azalması evlərin qiymətinə təsir edib: “Ümumən, daşınmaz əmlak bazarında iyun ayı ərzində 0.6 faiz azalma müşahidə olunub. Ay ərzində təkrar mənzil bazarında 7 faiz, ilkin mənzil bazarında qiymətlərdə 1 faiz azalma olub, torpaq bazarında isə qiymətlər demək olar ki, stabil qalıb”.

Ekspert bildirib ki, daşınmaz əmlak bazarında alıcıların böyük əksəriyyəti mənzil almaq və ya satmaq üçün payız aylarını gözləyirlər: “Adətən, bazarda aktivlik avqustun sonu, sentyabrın əvvəlində başlayır. Bazarda aktivliyin artması təbii ki, qiymət artımına da səbəb olacaq”.

Bakının ev bazarında “savaş”: “Bahalaşacaq” elanı nəyə hesablanıb?

Bahalaşma xəbəri mənzil maqnatlarına xidmət edir

Ancaq payızda mənzil bazarında bahalaşma ilə bağlı proqnozları heç də bütün ekspertlər bölüşmür. İqtisadçı ekspert Vüqar Bayramov Nüsrət İbrahimovdan fərqli olaraq bahalaşma barədə xəbərlərin rela bazar tələbi olduğunu düşünmür və bu barədə informasiyaların bilərəkdən bazara sızdırıldığı fikrindədir. Bundan əvvəl də dəfələrlə bəzi dairələr tərəfindən mənzil bazarı ilə bağlı bahalaşma xəbərlərinin bilərəkdən mətbuata ötürüldüyünü deyən V.Bayramov fikrini belə əsaslandırır:“Mənzillərin qiymətinin gələn aydan artacağı ilə bağlı açıqlamalar yenidən gündəmə gəlib. Son 4 ildə belə məlumatlar daimi olaraq mətbuata sızdırılır. Amma nə qiymət, nə də mənzil alanların sayı artır. “Qiymət artımları ilə bağlı məlumatı əldə edən, müəyyən qədər pulu olan alıcılar mənzil bazarına daxil olacaq. "Qiymət artımları" baş vermədən ev almağa tələsəcək. Yəni, vətəndaş düşünəcək ki, qiymət artacaq, tez alım ki, ucuz alım. Halbuki, bazarda elə mənzillər var ki, nəinki aylardır, hətta illərdir alıcısını tapa bilmir”.

Ekspertin fikirincə, bazarda bahalaşma barədə xəbərlərin yayılması bazarı canlandırmağa xidmət edir. İnsanların müəyyən qismi bu xəbərlərdən çıxış edərək bahalaşmanı gözləmədən mənzil almağa və ya kirayələməyə tələsəcək ki, bu da yeni tələblər yaradacaq.

Ekspertin sözlərinə görə, mənzil bazarında satış yox, kirayədə müəyən qədər canlanma gözləmək olar və bu da əsasən yeni dərs ilinin başlaması ilə əlaqədar olacaq: “Bu da yeni tədris ilinin başlamasına təxminən 1 ay vaxtın qalması və mövsümün başa çatması ilə bağlıdır. Bununla yanaşı, kirayə bazarında heç də bütün seqmentlər üzrə qiymət artımı müşahidə edilmir. Bahalı kirayə haqqı olan evlərdə qiymətlər stabildir. Aylıq kirayə haqqı orta hesabla 400 manatadək olan mənzillərdə müəyyən qiymət artımları var. Amma bu rəqəmdən yüksək kirayə haqqı təklif edən evlər üçün qiymətlərdə dəyişiklik yoxdur. Bu bazarda da qiymətlərin gələn ayın sonuna doğru stabilləşəcəyi gözlənilir. Daşınmaz əmlak və eləcə də torpaq bazarında alıcı problemi qalmaqdadır. Tələb yenə də aşağıdır və təklif demək olar, dəyişməyib. Tələb, alıcılıq qabiliyyəti və eləcə də bazardakı təklifi nəzərə aldıqda yaxın zamanlarda mənzillərin qiymətində artım gözlənilmir”.

Son manatı da əlimizdən bu yolla alırlar

Ümumiyyətlə, mütəxəssislər bazarda canlanma yaratmaq üçün informasiyanın rolunu yüksək qiymətləndirir. Bütün dünyada böyük şirkətlər işlərini məhz bu informasiyalar əsasında qurur və bunun üçün hətta külli miqdarda vəsaitə də qənaət etmirlər. İnformasiya ötürülür və ondan sonra yaranacaq tələbə cavab olaraq təklif formalaşdırılır. Azərbaycanda devalvasiyalardan sonra qiymətlərin kəskin bahalaşacağı barədə xəbərlərin yaratdığı vəziyyət bunun bariz sübutudur. Devalvasiya, manatın məzənnəsinin aşağı düşməsi, kommunal xidmət haqlarının artırılması xüsusən, ərzaq bazarında təşviş yaratdı. Paytaxtın supermarketləri alıcı axını ilə üzləşdi. 2 gündə əksər supermarketlərin hətta anbarlarındakı məhsullar da satıldı. Boş piştaxtalar mətbuatın gündəmi oldu. Bazara psixoloji təsir bir qrup işbazın işinə yaradı və hətta anbarlardakı köhnə malları belə satmaqdan çəkinmədilər. Hər şey sakitləşib ajiotaj aradan qalxdıqdan sonra böyük alıcı kütləsi bir neçə günlük və ya bir aylıq ərzaq ehtiyatı görməklə bahalaşmadan böyük ölçüdə yayınmağın mümkün olmayacağını anladı və işbazların tələsinə düşdüyünü bildi. Amma artıq gec idi və marketlərdə hətta son manatlar xərclənmişdi.

Yazılmamış qanun pozulub: Pul varsa, ev var

Eyni vəziyyətin çoxdan bəri sükutun hökm sürdüyü mənzil bazarında təkrarlanması müəyyən qədər çətindir. Çünki ev almaq marketdən 2 kilqoram yağ almaqdan kəskin fərqlənir, ancaq unutmaq olmaz ki, yayılan söhətlər oxumaq üçün paytaxta gələn və qalmaq üçün yataqxana problemi ilə üzləşən imkansız təbəqənin cibindəki son manatları da çıxara bilər. Ev alqı-satqısı üzrə vasitəçi xidməti göstərən Eldar İbrahimov “Cümhuriyət” qəzetinə bildirib ki, yay aylarında boşalan evlərin sentyabrın əvvəlindən yenidən kirayə verilməsi müəyyən qədər qiymət artımı ilə müşayiət olunacaq: “Bu evlərin əksəriyyəti iyunda boşalıb. Əvvəl tələbələr qaldıqları evin 3 ay yay tətilindəki kirayəsini də verib qayıdanda yenidən həmin evə gəlirdilər. Ev sahibləri də anlayış göstərib tələbələrin qalmadıqları həmin aylar üçün kirayənin yarısını alırdı. Bu, yazılmamış qanun idi. Amma uzun müddətdir bu qayda pozulub. Əgər kimsə öz arasında razılaşırsa, bu, kütləvi deyil. Tələbələr 3 ay oturmadıqları evin kirayəsini verməkdənsə, evi boşaltmaq və qayıdanda yeni ev tutmaq istəyirlər. Həm də sentyabrdan birinci kursa gələn tələbələr olur, ya da ailəsini yayda rayonlara aparıb dərslər başlayanda gətirən “gündəlikçilər” var. Bu qrup adamlar yay aylarında ailələri Bakıda olmadığına görə qaldıqları evi təhvil verib bir neçə nəfər bir evdə qalırlar və sentyabrdan yenidən ev axtarışına başlayırlar. Buna görə də kirayələrin qiyməti qalxır”.

Bakının ev bazarında “savaş”: “Bahalaşacaq” elanı nəyə hesablanıb?

“Kimdir alan?”

Həmsöhbətimiz deyir ki, artım satış bazarında hələlik müşahidə olunmur: “Bakıda ev əsasən yay aylarında satılırdı. Çünki ev alanların əksəriyyəti Rusiyada pul qazananlar idi və onlar yayda gəlib ev alırdılar. 2-3 ildir bu axın dayanıb. İndi nadir hallarda Rusiyadan ev almaq üçün gələnlər var. Rusiyaya da vəziyyət yaxşı deyil, qazanc ev almağa imkan vermir. Boş evlər, satışa çıxarılan mənzillər kifayət qədərdir. Amma alıcı satıcıdan dəfələrlə azdır. Buna görə də inanmıram ki, payızda evlər bahalaşsın. Lap kimsə öz evini bir az artıq qiymətə satmaq istəsin, kimdir alan?”

“Böyük söküntü” də işə yaramadı

Vasitəçinin sözlərindən aydın olur ki, Bakıda böyük söküntü planlarının olmasının da ev bazarında canlanma yaradacağı gözləntisi hələ özünü doğrultmayıb: “Sovetski söküldü, mikrorayonları da sökəcəklər. Sovetskinin sökülməsi kirayə evlərin qiymətini bir az artırdı. Çünki o evlərdə çox sayda tələbə kirayədə qalırdı və onlar özlərinə yeni ev axtarmalı oldular. Amma gözlənildiyi kimi ev satışında çox artım olmadı. Çünki orda evlərə düşən pul o qədər də çox deyil. O pulla şəhərin mərkəzində, yaxud yaxınlıqda ev almaq olmaz”. Sovetskidə yaşayanlar məcburən kənarlarda özlərinə ev axtarmalı olurlar. Tələb əsasən Xırdalan və Binəqədiyədir. Orada da satışda çox sayda ev var, hətta müəyyən məbləği əvvəlcədən ödəməklə kreditlə də almaq olur: “Oralarda isə qiymət şəhərin mərkəz və yaxın hissələrindən çox fərqlənir. Qiymət də artmayıb. 35-40 min manata Xırdalanda 3-4 otaqlı həyət evini asanlıqla almaq olar”.

Normal ev=300 manat

Kirayələrə gəlincə, müşahidələr göstərir ki, hazırda şəhərin mərkəzi hissələrində 2 otaqlı standart mənzillərin kirayəsi 300 manatdan başlayır, yeni tikililərdə qiymət bahadır- 400-500 manat. Həyət evlərində qiyməti müəyyən edən amillər var: Ümumi və ya ayrıca həyət olması, təmir şəraiti, kommunal xidmətin kim tərəfindən ödənilməsi. Ümumi həyətdə 2 otaqlı evi 250 manata tapmaq mümkündür, ancaq bu zaman təmir şəraitidən o qədər də yüksək olmayacaq. Xırdalan, Hövsan, Biləcəri kimi ərazilərdə isə 300 manata 3-4 otaqlı ev tutmaq olar. Ancaq şəhərə məsafəsi çox olduğundan tələbələr nəqliyyat xərci və tıxac problemini də nəzərə alaraq yaxında mənzil kirayələməyi üstün hesab edirlər.

Sevil Ağazadə

Cebhe.info
Tarix: 13-08-2017, 14:57
Xəbəri paylaş





Xəbər lenti