“Ölü sezon” bitir: ekspertlər “ölkəni nə gözləyir” sualına cavab verir

“Ölü sezon” bitir: ekspertlər “ölkəni nə gözləyir” sualına cavab verir Qubad İbadoğlu: “İqtisadiyyatda durğunluq bundan sonra da davam edəcək”; Elxan Şahinoğlu: “Daxili siyasətdən fərqli olaraq, xarici siyasətdə hərəkətlənmə ola bilər”

Hər il ənənəvi olaraq yay fəslində ölkədə demək olar ki, bütün sahələrdə durğunluq yaşanır. Ümumiyyətlə, yay aylarında havaların isti keçməsi, insanların istirahətə getmələri ilə əlaqədar demək olar ki, bütün dünyada oxşar hal müşahidə edilir Ona görə də çox zaman yay aylarını “ölü sezon” da adlandırırlar. “Ölü sezon”da həmçinin ölkənin siyasi, iqtisadi həyatında da müəyyən passivlik nəzərə çarpır.

Bəs növbəti aydan ölkənin iqtisadi-siyasi həyatında hansı dəyişiklik olacaq?


İqtisadi ekspertlər hesab edirlər ki, növbəti aylarda ölkənin iqtisadi həyatında əsaslı dəyişiklik olmayacaq. Bəllidir ki, son zamanlar təkcə iqtisadçılar deyil, o cümlədən əksər sıravi vətəndaşlar da dünya bazarında neftin qiyməti ilə maraqlanırlar. Çünki neftin qiymətinin bahalaşması və ya ucuzlaşması manatın məzənnəsinə də təsir göstərir. Manatın məzənnəsinin dəyişməsini isə hər bir vətəndaş öz cibində hiss edir.


İqtisadçı ekspertlər hesab edirlər ki, 2017-ci ilin sonuna qədər neftin qiyməti 50 dollar civarında qalacaq. Yəni indiki halla müqayisədə elə ciddi dəyişiklik müşahidə edilməyəcək. Qiymət dəyişməz olaraq qalsa da, Azərbaycanda bu ilin ilk 6 ayında, ötən ilin eyni dövrü ilə müqayisədə neft hasilatında 9 faiz azalma baş verib. Ekspertlər bildirirlər ki, bu, qiymətdən də çox mənfi təsir göstərən amillərdən biridir. Çünki hasilat azaldıqda istehsal olunan neftin maya dəyəri artır. Belə olan halda isə əməliyyat xərcləri də artır və son yekunda Azərbaycana daxil olan vəsait azalır.


İqtisadçı Qubad İbadoğlu “Yeni Müsavat”a bildirib ki, ölkə iqtisadiyyatını növbəti aylarda da hazırda olduğu kimi durğunluq gözləyir:


“Ciddi bir dəyişiklik yoxdur. Ona görə də yenə də iqtisadiyyatda durğunluq davam edəcək. Manatın məzənnəsi də indiki şərtlər də ilin sonuna qədər hazırda olduğu kimi sabit şəkildə qala bilər. Hansısa dəyişlik olarsa bu, ilin sonunda olacaq. Söhbət manatın məzənnəsinin ucuzlaşmasından gedir. Neftin qiymətində də yay aylarında heç bir dəyişiklik gözlənilmir”.
İqtisadiyyatdan fərqli olaraq, “ölü sezon”un bitməsi ilə siyasi məkanda müəyyən aktivliyin olacağı gözlənilir. “Yeni Müsavat”a danışan politoloq Elxan Şahinoğlu bildirib ki, daxili siyasətdə elə bir ciddi dəyişiklik olmasa da, xarici siyasətdə hərəkətlənmə baş verəcək:


“Seçki olsa belə, daxildə bir ay öncə hansısa fəallıq olacaq və seçki bitən kimi partiyalar yenidən dağılışacaqlar. Açıq demək lazımdır ki, hakim partiyanı çıxmaq şərti ilə digər partiyaların elə bir resursları da yoxdur. İnsani resursları da xeyli dərəcədə azalıb. Məsələn, baxıram ki, Müsavat Partiyasının başqanı Avropaya səfər edib və böyük zallarda insanlar toplanıb.

Fotolardan aydın olur ki, resursların çoxu ölkəni tərk ediblər. Ona görə də süstlükdür. Bu ilin sonuna qədər də Azərbaycanda heç bir seçki olmadığına görə partiyaların özünü göstərəcəyini düşünmürəm. Ancaq xarici siyasətdə Dağlıq Qarabağ istiqamətində hər zaman olduğu kimi fəallıq nümayiş etdirilir. Azərbaycanın qonşu dövlətlərlə münasibətlərində, Qarabağ danışıqlarında hansısa yeniliklər gözləyə bilərik. Üstəlik atəşkəs də intensiv olaraq pozulur. Azərbaycanla Ermənistan arasında həm təkbətək, həm də faktiki olaraq informasiya savaşı gedir. Qonşu dövlətlərlə münasibətlərimizdə də müsbət tərəflər var. Böyük layihələr həyata keçirilir. Bakı-Tbilisi-Qars layihəsi artıq bitib və yəqin ki, prezidentlərin iştirakı ilə açılış mərasimi keçiriləcək. Azərbaycanın iddiası ondan ibarətdir ki, bu dəmiryolu böyük ipək yolunun bir hissəsi olsun və Çindən çıxan mallar Azərbaycan, Gürcüstan, Türkiyə üzərindən Avropa ölkələrinə daşınsın. Qonşu ölkələrlə münasibətlərimizdə müəyyən problemlər də çıxır. İndi Amerikanın Rusiya və İrana qarşı siyasəti sərtləşir. Edilən sanksiyaların bizə də müəyyən mənfi təsirləri olacaq”.


Ekspert bildirib ki, Dağlıq Qarabağ danışıqlarında heç bir irəliləyiş yoxdur:




“Belə xəbərlər yayılır ki, sentyabrın 17-də BMT-nin Baş Assambleya sessiyasında guya prezidentlər görüşəcəklər. Bu da əslində erməni tərəfinin buraxdığı status-kvonu uzatmaq üçün dezinformasiyaya oxşayır. Çünki görüş bizim faydamıza deyil və prosesi uzadır. Bizim əsas məqsədimiz işğalçıya təzyiqi artırmaqdır. Yəni yaxın 4-5 ayda bu istiqamətdə müəyyən addımların atılmasını gözləyirəm. Rusiyaya gəlincə isə bu il şimal qonşumuzun hər hansı bir təzyiqlər edəcəyini gözləmirəm. Çünki Azərbaycan hakimiyyəti Rusiyanı qıcıqlandıracaq addımlar atmır. Silahı da Rusiyadan alırıq, bu ölkə ilə ticarətimiz də var. Bəli, Rusiyanı Azərbaycanın iştirakçı olduğu hansısa layihələr qıcıqlandıra bilər. Bakı-Tbilisi-Qars, TAP və TANAP layihələrinə görə Rusiya prezidenti niyə təzyiqlər etməlidir? Rusiya prezidenti hər yerdə deyir ki, sağlam rəqabətin tərəfdarıdır. Düşünürəm ki, Amerikanın Rusiyaya qarşı təzyiqləri artdıqca, Rusiyada iqtisadi vəziyyət ağırlaşacaq. Bu isə istər-istəməz orada yaşayan azərbaycanlıların maliyyə durumuna təsir edəcək. Nəzərə alaq ki, Azərbaycan kənd təsərrüfatı məhsullarını əsasən Rusiyaya ixrac edir və bu baxımdan müəyyən problemlər yaşana bilər. Əsas problemlər isə sentyabrdan sonra yox, növbəti ildə yarana bilər. Çünki gələn il bizdə prezident seçkiləri nəzərdə tutulub və Rusiyanın müəyyən müdaxilələri haqqında fikirlər vardı. Bir zamanlar Rusiyada ”milyarderlər qrupu" kimi müəyyən birliklər yaranmışdı. İndi də Abbas Abbasov fəallaşıb və digər oxşar məlumatlar da gəlir. Ancaq yaxın 4 ay ərzində bu istiqamətdə ciddi addımların atılacağını gözləmirəm. Əsas məsələ odur ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllini istəmir. İstəmir ki, bu münaqişə həll olunsun və Azərbaycan güclənsin əsas problem də bundadır".


E.Şahinoğlu Ermənistanın NATO-ya yaxınlaşması məsələsinə də toxunub:


“Ermənistan istəsə belə Rusiyanın vassalı olmaqdan qurtula bilməz. Bu ölkənin sərhədini belə Rusiya qoşunları qoruyur və bazaları da oradadır. Həmçinin qazı da, silah almaq üçün krediti də Rusiyadan alırlar. Rusiya olmadan Ermənistan özbaşına NATO və Qərbə yaxınlaşa bilməz. Ermənistan parlamentinin gülləbaran olunmasını xatırlayaq. O zaman istədilər özbaşına addım atsınlar, axırı bu cür qurtardı. Ermənistan ikinci-üçüncü dərəcəli təlimdə iştirak edibsə, buna baxıb uzaq hədəflər barəsində danışmaq illüziyadır. Hazırda Amerikanın o qədər problemi var ki, durub Ermənistanımı düşünəcək? Tramp Şimali Koreya ilə kəllə-kəlləyə gəlir, İranla məsələ qəlizləşir, Rusiyaya qarşı sanksiyalar tətbiq edir, Venesuelanı, Çini hədələyir və sairə. Bu problemlər arasında Ermənistanı Rusiyadan qoparmaq barədə düşünən yoxdur. Ermənistan necə ki, Rusiyanın vassalı olub, elə də qalacaq. Hətta Ermənistan hakimiyyəti qərar versə ki, Dağlıq Qarabağ ətrafındakı rayonları boşaldaq, Rusiya buna da mane olacaq. Yəni Ermənistan o qədər Rusiyadan asılıdır”.


Əli RAİS
Tarix: 16-08-2017, 10:04
Xəbəri paylaş





Xəbər lenti