ABŞ-ın Rusiyaya qarşı sanksiyaları Azərbaycana da təsir edə bilər

ABŞ-ın Rusiyaya qarşı sanksiyaları Azərbaycana da təsir edə bilər Politoloq: “Azərbaycanın Amerika ilə yaxşı münasibətləri də Tehranla Moskvanı qıcıqlandıracaq”

“ABŞ prezidenti Donald Tramp eyni zamanda bir neçə dövlətlə mübarizə aparır. Bu isə gələcəkdə onun özünün problemlərini artıra bilər. Çünki Trampa qarşı Amerikanın özündə də güclü müxalifət var və onlar Ağ Ev sahibinin səhvindən öz məqsədləri üçün istifadə edəcəklər”.


“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a açıqlaması zamanı bildirdi. Ekspertin sözlərinə görə, ABŞ Konqresinun qəbul etdiyi qanunda “şər üçbucağına” Rusiya və Şimali Koreya ilə yanaşı, İranı da əlavə etməsi gələcəkdə Azərbaycana müəyyən problemlər yaradacaq: “Birincisi, Rusiya-İran ittifaqı heç zaman Azərbaycanın xeyrinə olmayıb. Əslində İrandakı siyasi və dini dairələrin heç vaxt Rusiyaya inamları olmayıb, ancaq Rusiya hakimiyyətinin anti-Qərb siyasəti və son illər Moskvanın Suriya rejiminə verdiyi dəstək Tehranın istər-istəməz yenidən Rusiya ilə əlaqələri genişləndirməyə, tərəfdaşlığı artırmağa sövq edib. ABŞ-ın yeni sanksiyaları isə bu ikiliyi yenidən zorən müttəfiqlərə çevirəcək. Bu isə o deməkdir ki, Rusiya və İran Cənubi Qafqaz və Qarabağ münaqişəsinin həllinə baxışda da eyni prizmadan yanaşacaqlar. İkincisi, Konqresin və ABŞ prezidenti Donald Trampın anti-İran siyasəti eyni ilə İranda anti-amerikan əhval-ruhiyyəsini gücləndirəcək və İrandakı dairələr ətraflarında da amerikan dostlarını və tərəfdaşlarına şübhəylə yanaşmağa başlayacaq. Azərbaycanın isə Amerika tərəfdaşlıqdan imtina etmək fikri yoxdur”.



Politoloq qeyd etdi ki, bu arada, ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalardan ən çox ziyan çəkəcək şirkət “Qazprom” olacaq: “Birincisi, ona görə ki, Rusiyanın ən böyük vergi ödəyicisi olan ”Qazprom" xarici maliyyə qurumlardından götürdüyü milyardlar hesabına nəhəng layihələrini reallaşdırıb. Şirkətin həmin milyardlara yolu tədricən bağlanacaq. İkincisi, ABŞ-ın Rusiyaya qarşı sərtləşdirdiyi sanksiyaların bir məqsədi də Avropanı Rusiyanın qaz asılılığından azaltmaq və özünün sıxılmış qazını köhnə qitəyə satmaqdır. Rusiyanın Avropaya qaz ixracatçısı isə “Qazprom” şirkətidir. Demək Rusiyaya qarşı sanksiya elə “Qazprom”a qarşı sanksiya deməkdir. Ermənistan tamamən “Qazprom” şirkətinin ixracından asılıdır. “Qazprom” isə Amerikanın sanksiyaları ucbatından siyasi səbəblərdən Ermənistana satdığı qazın qiymətini qaldırmaq məcburiyyətində qalacaq".

Lakin E.Şahinoğlu zənn edir ki, Amerikanın Rusiyaya qarşı sanksiyalarının sərtəşdirməsinin Azərbaycana da müəyyən təsirlər olacaq: “Birincisi, sanksiyalar Rusiya iqtisadiyyatına mənfi təsir etdiyindən orada çalışan azərbaycanlılarının evlərinə göndərdikləri maliyyə azalacaq. İkincisi, kənd təsərrüfatı mallarımızın Rusiyaya ixracatında problemlərin sayı artacaq. Odur ki, iqtisadiyyatımızın inkişafına və ixrac bazarlarının sürətlə diversifikasiyasına, o cümlədən Rusiya bazarından asılılığımız azaldılmasına nail olmalıyıq. Məsələnin siyasi tərəfi də var. Rusiya bazarından asılılığımız azaldılması Moskvanın Azərbaycana siyasi təsir imkanlarını da azaltmağa şərait yaradacaq ki, bu da bizim üçün təhlükəsizlik baxımından vacibdir”.

Bəs, Rusiyanın zəifləməsi onun Cənubi Qafqazdan tədricən əl çəkməsinə gətirib çıxara bilərmi? E.Şahinoğlu bunu mümkün saymır: “Rusiya o qədər zəifləməyəcək ki, Cənubi Qafqazdan, o cümlədən Ermənistana hərbi dəstəkdən əl çəksin”. Ekspert şübhə etmir ki, ABŞ-ın sanksiyaları Rusiya və İranla yanaşı, Azərbaycana da təsir edə bilər: “İqtisadi mənada təsiri ola bilər. Azərbaycanın Amerika ilə yaxşı münasibətləri də Tehranla Moskvanı qıcıqlandıracaq”. Elə isə çox mürəkkəb bir situasiyanın yarandığını söyləmək olar. Maraqlıdır, Vaşinqtondan Azərbaycanın qarşısına şərt qoyula bilərmi ki, Rusiya və İranla iqtisadi əlaqələri kəssin? E.Şahinoğlu: “Birincisi, Amerika Bakı qarşısında belə bir şərt qoymaz. İkincisi, hipotetik olaraq belə bir şərt qoysa, bunu Bakı yerinə yetirməz. Bu, heç bizim maraqlara da uyğun deyil”.

Cavid TURAN
Tarix: 17-08-2017, 09:05
Xəbəri paylaş





Xəbər lenti