Məşhur pambıqçıdan Prezidentə Heydər Əsədovu məyus edəcək MÜRACİƏT...

Məşhur pambıqçıdan Prezidentə Heydər Əsədovu məyus edəcək MÜRACİƏT... Ölkə prezidentinin qeyri-neft sektorunun, əsasən də , kənd təsərrüfatının inkişafına xüsusi diqqət və qayğısı nəticəsində tarix boyu " ağ qızıl " adlandırdığımız pambıqçılığın Azərbaycanın hər bölgəsində bu qədər genişlənməsi ölkə fermerlərinin həvəslənməsi üçün əsas səbəblərdəndir. Bu qədər diqqət və qayğıya baxmayaraq, pambıqçılıqda fermerləri narazı salan səbəblər də var. Belə ki, ölkənin qabaqcıl fermerlərindən olan Sabirabad rayon Zəngənə kənd sakini Əsgərov Əfras ölkə rəhbərinə bu narazılıqlarla bağlı şikayət dolu müraciət ünvanlamışdır. Zəhmətkeş fermerin müraciətini olduğu kimi sizə təqdim edirik :


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

MÜRACİƏT

Hörmətli Prezident!

Azərbaycan Respublikası Prezident Adminstrasiyasının rəhbəri hörmətli R.Mehdiyevin təsdiq etdiyi aqrar sahədə tədbirlər planının (yol xəritəsi) icrası ilə bağlı bir sıra mülahizələrimi Sizin diqqətinizə çatdırmaq istəyirəm. Son 20 ildə davamlı olaraq, həm də böyük hektarlarla pambıq əkən, demək olar ki, peşəkar təsərrüfatçı kimi ölkəmizdə pambıqçılığın inkişafını əngəlləyən bir sıra səbəblər var ki, bunları Sizin bilməyinizi istəyirəm:

1. Ölkəmizdə bu sahə üçün texnika parkının yaranmasında xeyli işlər görülüb və bu iş bu gün də davam edir. Lakin ölkəmizə gətirilən texnikaların sifarişi zamanı mutəxəssis rəyi nəzərə alınmır. Belə ifadə etmək olar ki, həmin texnikalar təsərrüfatdan kənar adamlar tərəfindən sifariş edililir. Məsələn, Türkiyədən gətirilən kultivasiyalar dörd təkərli traktorlar üçün nəzərdə tutulub. Bizdə isə bütün ölkə boyu ancaq üç təkərli MTZ-80 tipli traktorlardan istifadə edilir. Eynilə bu iradı çiləyici aqreqatlara da şamil etmək olar

2.Suvarma sistemi ilə bağlı şəxsi fikrim belədir ki, "Melorasiya və Su Təsərrüfatı" ASC bu ağırlığa hələ ki, hazır deyil. Amma ötən illərlə müqayisədə həmin cəmiyyət bütövlükdə fövqəladə bir rejimdə işləyir. Lakin obyektiv və subyektiv səbəblərdən ciddi axsamalar var. Hələ suvarma başlamamışdan müşahidə etdiyim xeyli sahələr var ki, təkcə 1-ci və 2-ci suvarmanın gecikməsi səbəbindən həmin sahələrdə məhsuldarlıq ən azı 5-10 sentner aşagı enib. Eyni zamanda qeyd edilməlidir ki, bu sahədə elektrik enerjisinin fasilələrlə və normadan aşağı verilməsində çox ciddi əngəllər törədir. Nasos stansiyalar məhz elektrik ayrılmalarına görə tez-tez söndürülür. Yaxşı olar ki, suvarma idarələri pambıq əkənlərlə əvvəlcədən müqavilə bağlasınlar. Bu müqavilə həm su idarəsinin, həm də pambıq əkən şəxsin üzərinə hüquqi məsuliyyət qoyur.

3.Bu ilki pambıq ilində bizlərə ən ağır zərbəni "Aqrokimya" birliyi vurdu. Bildiyimə görə dərman preparatlarını pambıq şirkətləri rəhbəri Mamed müəllim olan Aqro Kimya Şirkətdən alır. Bu il istifadə etdiyimiz sovkaya qarşı dərmanların təsir gücü çox zəifdiir. Şəxsən mənim 6 dəfə vurduğum sahələr var. Bu il ölkəmizdə bir nəfər olsun belə həmin dərmanların keyfiyyətindən razılıq edən adam tapmaq olmaz. Bu haqda şəxsən kənd təsərrüfatı naziri Heydər Əsədova 2 dəfə mən özüm demişəm. Lakin Mamed müəllim qətiyyətlə bildirir ki, mənim xaricən gətirdiyim dərmanlar keyfiyyətlidir və istənilən laboratoriyada yoxlatdıra bilərsiniz.

Hörmətli Prezident, bizim laboratoriyamız elə pambıq sahələrimizdir. Və ən yaxşı analizi biz sahəmizdə görürük. Sizdən xahiş edirəm bu məsələ ilə bağlı, bizə satılan dərmanların keyfiyyətsizliyini bilərəkdən və ya bilmədən biz pambıqçılara təsir gücü olmayan dərman gətirib satan şəxslərlə bağlı bir komissiyanın yaradılması üçün göstəriş verəsiniz. Sovkaya qarşı istifadə etdiyimiz həmin dərmanların hesabına min tonlarla pambıq itirmişik. Hesab edirəm ki, bu məsələ yüksək səviyyədə araşdırılmalı və konkret şəxslər cəzalanmalıdırlar.

4. Hesab edirəm ki, pambıq əkini üçün daha yaxşı torpaqların seçilməsi vacib məsələdir. Adamlar hələ ki, ən münbit torpaqları taxıl, yonca və s. əkinlər əkirlər. Bu münasibət tədricən dəyişilməlidir . Zəif torpaq əkənlər pambıqdan pul qazana bilmirlər və istər istəməz həvəsdən düşürlər.

5 . Hal-hazırda şirkətlər tərəfindən xam pambığın bizdən alış qiyməti xeyli aşağıdır. Orta hesablamalarım göstərir ki, şirkətlər bizdən xam pambığı 80-90 qəpiyə ala bilərlər. Həm də yaxşı olardı ki, mənim təhvil verdiyim pambığı mənim iştirakımla emal etsinlər. Bu zaman pambıqçılar maraqlı olacaqlar ki, daha keyfiyyətli pambıq tədarük etsinlər. Nəticədə ölkəmizdən ixrac olunan mahlıc daha keyfiyyətli olacaq və beləliklə pambıqçılığın inkişafı dövlətə yük olmayacaqdır.

6. Maşınla pambıq yığımının qiymətinin bu günki reallığa uyğun tənzimlənməsi vacibdir. Həmin qiymət ən azı 70 manata endirilməlidir. Nəzərə alsaq ki, yığımdan öncə yarpaq tökümü ilə bağlı əlavə dərmanlama işləri gedir və bu da fermerlər üçün çox böyük yükdür.

7. Ən ciddi problemlərdən biri də toxum problemidir. Ötən il şəxsən mən lifli çiyid (35qəpiklik ) əkdiyim 10 hektar sahədən 50 ton pambıq tədarük etmişəm. Bu il də 100 hektara yaxın lifli çiyid əkdiyim sahəm var ki, 40 sentnerdən yuxarı məhsul gözləyirəm. Belə olduğu halda kiloqramı 5 manata olan lifsiz çiyidi ölkəyə gətirilməsinin səbəblərini anlamıram .

8 . Yaxşı pambıq yetişdirə bilən şəxslərə dövlət ehtiyyat fondundan və bələdiyyə fondundan torpaq ayırmaq vacibdir. Min hektarlarla torpaq sahələri var ki, həmin torpaqlar yaxşı pambıqçıların əlinə düşsə bu sahəə xeyli irəliləyiş olar .

9. Müxtəlif formalarda mükafatlandırma tədbirlərinin həyata keçirilməsi həm dövlət, həm də şirkətlər tərəfindən təmin edilməsi vacibdir. Eynilə idman tədbirlərində olduğu kimi müsbət nəticə verən stimullaşdırıcı addımlar atılması daha yaxşı olar.

10. Pambıqçılığın inkişafında aqronomların çatışmazlığı ən böyük problemlərdən biridir. Heasab edirəm ki, Aqrar Universitetin aqronomluq fakültəsinə qəbulu bir neçə dəfə artırmaq lazımdır. Həm də bu artım kənd rayonlarından xüsusilə pambığçılığla məşğul olan rayonlardan xüsusi güzəştlər tətbiq etməklə aparılmalıdır.

Hörmətlə Sabirabad rayon Zəngənə kənd sakini Əsgərov Əfras tel: 0503112869


XəbərAl.az
Tarix: 18-08-2017, 23:28
Xəbəri paylaş





Xəbər lenti