Neftdən 3.6 milyard qazancımız var: Varlanmağımız üçün nə lazımdır?

Neftdən 3.6 milyard qazancımız var: Varlanmağımız üçün nə lazımdır? Neftdən 3.6 milyard qazancımız var: Varlanmağımız üçün nə lazımdır?

Azərbaycanın dünya bazarına çıxararaq satdığı neft bahalaşıb. Belə ki, "AzeriLight" markalı neftin 1 barelinin dəyəri 0,33 dollar və ya 0,62 faiz artaraq 53,72 dollar təşkil edib. Manat dəyərdən düşdüyü üçün büdcə gəlirləri azalıb. Bu isə bütövlükdə icmal büdcəyə dəyəri milyard manatlarla ölçülən daha az vəsaitin daxil olması deməkdir. Neft sektorundan daxilolmalar dollarla baş verdiyi üçün, onun dəyərinin artması manatla daxilolmanın azalması ilə müşahidə edilir.


Şübhəsiz ki, neftin dövlət büdcəsində qiyməti məsələsi də hər dəfə olduğu kimi aktualdır və çox güman ki, bundan sonra da belə olaraq qalacaq.Çünki Azərbaycan iqtisadiyyatı və ixracatı neftdən asılı dövlətdir.Son 2 ildə dünya bazarlarında vəziyyətlə bağlı bu məsələnin həlli xüsusi diqqət və ciddi ehtiyat tələb edir. Onu da qeyd edək ki, 2017-ci il üçün dövlət büdcəsi layihəsində qiymət 1 barelə görə 40 ABŞ dolları məbləğində götürülüb. Neft və onun qiyməti ilə bağlı müxtəlif gözləntilər olsa da, bunların əksəriyyəti real görünmür.Həmçinin ölkədə qeyri-neft sektorunun inkişafı yönündə addımlar atılması da yetərincə deyil.

Maraqlıdır, indiyə qədərki iqtisadi ziyanı qapatmaq üçün neft hansı qiymətə olmalıdır?



“Neft Araşdırmaları” Mərkəzinin rəhbəri, enerji məsələləri üzrə ekspert İlham Şaban “Cümhuriyət” qəzetinə bildirib ki, birinci rübün yekunlarına görə neftin qiyməti ötən ilin müvafiq dövrü ilə müqayisədə 34 faiz baha olub: “İyul ayında neftin qiyməti 50 dollardan aşağı həddə oldu.Ancaq avqust ayı faktiki olaraq cəmi bir gün neftin qiyməti 50 dollardan aşağı oldu. Qalan günlər dünya bazarında brent markalı neftin qiyməti 50 dollardan yuxarı həddə olub. Son 20 günə nəzər salsaq, neftin orta qiyməti 52 dollar civarında olduğunu müşahidə etmək olar.Azərbaycan neftinin brentlə müqayisəsini nəzərə alsaq, təqribən 1.5 dollar bahadır.Yəni, 53.5 dollar orta bir qiymətdir.Bu, çox yaxşı göstəricidir. Çünki ötən il Azərbaycan nefti həddən artıq aşağı qiymətə satılmışdı. Neft Fondunun məlumatına görə 42 dollar orta ixrac qiyməti olmuşdu.Faktiki olaraq bu, 11-12 il bundan öncənin qiyməti idi”.

Ekspert onu da əlavə edib ki, 2016-cı ildə Azərbaycanın neft hasilatını nə qədər aşağı düşəcəyi barədə əvvəlcədən dəqiq proqnozlar olub: “Bunun 80 faizi Azəri-Çıraq-Günəşli neft yatağının bir blokunun üzərinə düşür. Ona görə də həmin yataqda vəziyyət necədirsə, ümumi ölkədə hasilat və ixrac da ona mütənasib olur.2011-ci ildə Azərbaycanın neft ixracından mənfəəti 20 milyard dollar olub.Hazırda neftin bir barelinin qiyməti 200 dollar olmalıdır ki, əvvəlki səviyyəyə qayıdaq.Təbii ki, belə bir şey mümkün deyil.Sadəcə, reallıqla barışmaq lazımdır.Həmin reallıq da ondan ibarətdir ki, Azərbaycanda neft hasilatı yavaş-yavaş azalmağa doğru gedir.Neftin qiymətində olan artımlar həmin həcmə görə azalmanı kompensasiya edə bilər. Bu il neft hasilatının həcmində təxminən 2 milyon ton azalma özünü göstərir. Ancaq mənfəət neftindən gələn gəlirlərimiz ötən illə müqayisədə çoxdur. Yəni, bütün il ərzində Azəri-Çıraq-Günəşli neft-qaz yatağından 1.1 milyard dollar qazanc əldə etmişdiksə, cari ilin 7 ayı ərzində 3.6 milyard dollar qazanmışıq”.

Neftdən asılılıq azalıbmı?

İlham Şaban deyib ki, qeyri-neft sektorunun qazancı müxtəlif rəqəmlərlə göstərilir: “Amma hələ ki, qeyri-neft sektorundan gələn gəlir neftdən gələn qazancı üstələməyib. 2014-cü ildən sonra qeyri-neft sektorunun ixrac potensialı nəyin hesabına yüksək idi?Onun hesabına ki, ölkədə metallurgiya inkişaf etmişdi və kifayət qədər də qazanc gətirirdi.Bundan əlavə həmişə Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixracı yüksək səviyyədə olmasa da, müəyyən qədər stabil bir səviyyədə olub, yəni, təxminən 600 milyon dollar civarında. Qeyri-neft sektorunun inkişafında ötən ilə nisbətən artım var, ancaq bu artım hələ ki, 2014-cü il səviyyəsini keçməyib. Ümumilikdə, faktiki olaraq neftin, qazın və neft məhsullarının ixracı 92 faiz təşkil edir. Yəni, 5 il bundan öncə necə idisə, indi də elədir. Əgər qeyri-neft sektoru heç olmasa, 4-5 faiz bunu üstələsəydi, onda demək olardı ki, bu sektor kifayət qədər özünü doğruldub.Hazırda dünya bazarında enerji daşıyıcılarının qiyməti iki dəfə azalıb.Görünən odur ki, neft hasilatının əvvəlki əlverişli qiymət həddi kimi üstünlüyü tarixə qarışır”.

Yeganə Oqtayqızı
Tarix: 23-08-2017, 22:46
Xəbəri paylaş





Xəbər lenti