Hüquqşünas Beynəlxalq Bankdakı “ı əməliyyatı"nın sirrini açdı

Hüquqşünas Beynəlxalq Bankdakı “ı əməliyyatı"nın sirrini açdı Əkrəm Həsənov: “Eldar Mahmudovun köməyi olmasaydı, Cahangir Hacıyev bankı təkbaşına bu vəziyyətə gətirib çıxara bilməzdi”

Beynəlxalq Bankın sabiq sədri Cahangir Hacıyev barəsindəki məhkəmə hökmündən sonra susur. Onun bu susqunluğu fonunda Beynəlxalq Bankın kreditləri hesabına qurulan zavod fabriklər satılır. Hazırda Beynəlxalq Bankda durum necədir? Cahangir Hacıyevin bankın problemli kreditləri ilə bağlı söylədiyi fikirlər nə dərəcədə doğrudur? Bu və digər suallarla uzun illər bank sistemində çalışmış hüquqşünas Əkrəm Həsənova müraciət etdik.


- Cahangir Hacıyevdən sonra Beynəlxalq Banka rəhbər gətirilən Elman Məmmədov həmin vəzifəyə 4 il müddətinə təyin olunmuşdu, amma heç 2 il işləyə bilmədi. Gələn məlumatlar bundan ibarət idi ki, yenə də sağa-sola kreditlər verilirdi, həmin kreditlərin geri qaytarılması məsələsi qaranlıq olaraq qalırdı. Hazırda 8 aydır ki, həmin vəzifədə Xalid Əhədovdur. Bu şəxsin dürüstlüyünə, təmizliyinə şübhə yoxdur. Amma Xalid Əhədov və onun komandası Beynəlxalq Bank kimi nəhəng bir banka rəhbərlik etməyiblər. “Bank of Baku”dan ora gəliblər və həmin bank da xırda kreditlər verməklə məşğul olur. Hazırda Beynəlxalq Bankda peşəkarlıq problemi yaşanır, işin öhdəsindən gələ bilmirlər.


- Cahangir Hacıyev banka rəhbərliyi dövründə 2 milyard civarında kredit verildiyini deyir. Bildirir ki, hazırda bankın problemli kredit portfeli 12 milyarda çatıb. Belədirsə, bunun səbəbi nə olub?


- Cahangir Hacıyevin dilə gətirdiyi rəqəmlərin nə dərəcədə doğru olmasını söyləyə bilmərəm. Bəli, onun banka rəhbərliyi dövründən sonra da probemli kreditlər verilib. Bu faktdır. Ancaq bu qədər - 10 milyard manatlıq fərqin yaranmasına da inanmıram. Bank iri kreditorlara zəmanət verməklə onların öhədəliklərini üzərinə götürdü. Yəni Cahangir Hacıvevin dövründə Beynəlxalq Bank sağa-sola zəmanət verməklə məşğul idi. Məsələn, 2011-ci ildə “AzMeCo” metanol zavodu “Bank VTB”dən 20 milyon dollar kredit götürmək istəyirdi. Beynəlxalq Bank da “AzMeCo”ya zamin dayandı, 20 milyon dollarlıq kreditin qaytarılmasını faktiki öz üzərinə çəkdi. Eyni sxemlə, “AzMeCo” Beynəlxalq Bankın zaminliyi ilə ən müxtəlif xarici banklardan da kredit alıb.


- Beynəlxalq Bank həmin zamin dayanmadan gəlir əldə edirdi, yoxsa gəliri Cahangir Hacıyev götürürdü?


- Gəliri komisyon haqqı şəklində Beynəlxalq Bank götürürdü. Orada elə də böyük qazanc olmurdu. Məsələnin əsas tərəfi bu idi ki, “AzMeCo” krediti qaytarmayanda “Bank VTB” və digəriləri Beynəlxalq Bankın yaxasından yapışıb verdikləri milyonlarla krediti qaytarmasını tələb edirdilər. Beynəlxalq Bank həmin krediti ödəməyə başlayan andan avtomatik olaraq “AzMeCo” onun müştərisinə çevrilirdi. Cahangir Hacıyev deyəndə ki, 2 milyard kredit vermişəm, o, zaminliklə bağlı məsələlərin üstündən keçir. Yəni 2 milyardlıq kreditlə yanaşı, 10 milyardlıq zaminlik müqaviləsi haqda danışmalı olsa da, bunun üstündən keçir. Verilən zaminlik kredit portfelinə daxil deyil. Çünki bankdan həmin müqavilə bağlanarkən pul çıxmır. Sonradan ki, zamin dayandıqları zavodların sahibləri, ayrı-ayrı iş adamları kreditlər üzrə pul ödəməyəndə, avtomatik kredit müqavilələri üzrə öhdəliklər zaminin üzərinə transfer olunurdu və bankın kredit portfelinə daxil olurdu.


- Cahangir Hacıyev deyir ki, bankın 6 milyardlıq kredit portfelinin 30 faizi həcmində kredit veriblər. Təxminən 4 milyard əllərində pul olub. Belə bir halda kimlərəsə zamin dayanmaq əvəzinə, kredit vermək daha doğru olmazdımı?


- Məsələ belədir ki, Beynəlxalq Bank iri məbləğdə kredit verəndə bunun üçün Müşahidə Şurasının qərarı tələb olunur. Beynəlxalq Bankın Müşahidə Şurasının sədri maliyyə naziri Samir Şərifovdur. Onunla Cahangir Hacıyevin münasibətləri isə son dərəcə kəskin olub. Samir Şərifov onun fəaliyyətindən tamamilə narazı idi. Cahangir Hacıyev bilirdi ki, Beynəlxalq Bankdan iri kreditlər vermək üçün gedib Müşahidə Şurasından icazə ala bilməyəcək. Odur ki, zaminlik haqda sağa-sola müqavilə imzalayırdı. Həmin müqavilələrə görə Müşahidə Şurasının icazəsi tələb olunmur. Bankın nizamnamə kapitalnın 50 faizini aşan müqavilələrə görə belə icazə alınması nəzərdə tutulur. Problemlərin kökü Cahangir Hacıyevin özünə qədər gedib çıxır. Beynəlxalq Bankın durumu sovet dövründə çəkilən ”I" əməliyyatı və Şurikin başqa macəraları" filmindəki bir epizodu xatırladır. Dövlət mağazasının müdiri mağazanın anbarındakı ərzaqları satır, çapır-talayır və boşalmış anbarda oğurluq görüntüsü yaratmaq işinə girişir. Əslində oğrunun böyüyü elə mağazanın sahibi özüdür. Bunu ona görə edir ki, sonradan gedib deyə bilsin ki, görürsüz, mənim mağazamı oğrular yarıb. Kimlərsə Beynəlxalq Bankda baş verənlərdən öz məqsədləri üçün də istifadə ediblər. Yəni Cahangir Hacıyevi əvəzləyənlər gəlib görüblər ki, 2 milyard kredit verilib, zaminlik müqavilələri isə 10 milyardı aşır. Ola bilər ki, 1-2 milyard da problemli kredit portfelinin üzərinə sonradan yazılıb. İstintaq bu məsələləri araşdırmalıdır. O fikirlə edə bilərlər ki, bütün günah istənilən halda Cahangir Hacıyevin ayağına yazılır. Amma Cahangir Hacıyevin də dedikləri araşdırılmalıdır. Yoxlanılmalıdır ki, oradan əlavə pullar çıxarılıb ələ keçirilibmi?


- Cahangir Hacıyev işdən uşaqlaşdırıldı və həbs olundu. Hazırda 15 illik cəza almış məhkumdur. Dövlət Beynəlxalq Bankın sağlamlaşdırlması üçün 10 milyard manat pul ayırdı, banka transfer etdi. Amma Beynəlxalq Bank sağlamlaşmaq əvəzinə daha da ağır duruma düşdü. Səbəb nədir?


- Dövlət sahibkarlıq fəaliyyətində effektsizdir. Dövlət banka bir şəxsi təyin edir. Onun peşəkarlığı və ya dürüstlüyü çatmır. Təyin olunan şəxs də düşünür ki, əşşi, dövlətin puludur da, 5 milyon o yan, 15 milyon bu yana nə dəyişəcək ki? Beləcə dövlətin pulunu dağıdır. Cahangir Hacıyev, Elmar Məmmədovun dövründə belə olub. Xalid Əhədov əli təmiz rəhbər işçidir, amma işin öhdəsindən gəlmirlər. Beynəlxalq Bankda Əhədovun rəhbərliyi ilə Öhdəliklərin könüllü restruktrizasiyası elə qeyri-peşəkar səviyyədə aparıldı ki, biabırçılıq oldu. Buna görə də Beynəlxalq Bankın özəlləşdirilməsindən başqa yol yoxdur. Gərək ki, Beynəlxalq Bank özəl əllərə düşsün ki, bank düzgün, dürüst idarə olunsun. Bankın sahibi bankın içində olub orada gedən proseslərə birbaşa nəzarət etməlidir. Müqayisə üçün bir faktı qeyd edim - Azərbaycanda ötən ili böyük ziyanla başa vuran 2 bank var - “Bank VTB” və “Nikoil Bank”dır. Rusiya banklarıdır, 100 milyon manatı aşan ziyan ediblər Azərbaycanda. Səbəb isə budur ki, bu bankların sahibi ölkəmizdə yoxdur. Rusiya dövləti Azərbaycan dövləti Beynəlxalq Banka dövlət büdcəsindən pul ayırdığı kimi, hər il “Bank VTB”yə milyardlar transfer edir. “Bank VTB”nin Azərbaycan nümayəndəliyində son 7 ildə 5 sədr dəyişib. Bu bankı da yeyib-dağıdırlar. Səbəbi isə yiyəsinin olmamasıdır. Kim sədr gəlirsə, varlanır və işdən qovulur. Oğurlanan pulların yeri isə dövlət büdcəsindən doldurulur. Beynəlxalq Bankla “Bank VTB” bu baxımdan eyni durumdadırlar. “Bank VTB”nin bütün digər ölkələrdəki filiallarında da eyni durumdur. Yeyirlər, dövlət verir, yenə yeyirlər, yenə də dövlət pul ödəyir. Proses beləcə davam edir. Bu gün “Ata Holdinq” məhz buna görə “Bank VTB” ilə yollarını ayırır. Beynəlxalq Bankın sahibi nə qədər ki, dövlətdir, büdcəsini oğurlayacaqlar. Özəlləşəndən, bir sahibkarın əlinə keçəndən sonra orada durum dəyişəcək. Sahibkar həmin oğrulara işləmək imkanı yaratmayacaq, oğurlayana da deyəcək ki, xeyir ola, pullarımı niyə oğurlayırsan? Tutduracaq, sadəcə, oğrunu. İndi isə oğurlayanı tuturlar, oğurlayan deyir ki, alın bu da sizin və məsələnin üstündən keçirlər.


- Azərbaycanın digər banklarında da Beynəlxalq Bankda olan durum var?


- Əlbəttə ki, yoxdur! Çünki banklar özəldir, sahibləri var və oradakı proseslərə nəzarət edirlər. 1 manatın da hesabı, hesabatı var. Beynəlxalq Bankın sağlamlaşdırılması özəlləşdirilməsindən keçir. Başqa yol yoxdur. Bununla bağlı dövlət başçısının verdiyi qərar doğrudur. Üstəlik, Azərbaycanın bank sektorunda kifayət qədər təcrübəli, peşəkar, ölkəmizi beynəlxalq səviyyədə təmsil edə bilən kadrlar var. Həmin şəxsləri vəzifələrə təyin edib bank sektorunu dirçəltmək olar. Bir şərtlə ki, həmin peşəkarlara işlərini görməyə mane olmasınlar.


- Beynəlxalq Bankın kreditləri hesabına yaradılan, fəaliyyət göstərən zavodlar, fabriklər vardı. Dubaydan tutmuş Zaqatalaya qədər belə qurumlar fəaliyyətdə idi. İndi isə həmin qurumların gələcəyi sual altındadır. Bu qurumların aqibəti necə olacaq?


- Bankın krediti hesabına yaradılan, fəaliyyət göstərən zavod və fabriklərin sahibləri kreditləri ödəmirlərsə, həmin zavod və fabriklər girovun təminatı kimi Maliyyə Bazarlarına Nəzarət Palatasının icazəsi ilə 1 il müddətinə banka keçir. Həmin müddətdə bank həmin əmlakları satıb kreditləri bağlamalıdır. Bugünlərdə satılan Bakı Fınıq Zavodu da bu sxem üzrə satıldı.


- Beynəlxalq Bankdakı son durumu necə dəyərləndirirsiz?


- Dövlət həmin banka külli miqdarda pul ayırıb. Bu gün Beynəlxalq Bankın problemli kreditləri “Aqrarkredit” Bank Olmayan Kredit Təşkilatına verilib. Həmin təşkilatın rəhbəri “Şapka Mamed” kimi tanınan Məmməd Musayevdir. 2 ilə yaxındır ki, “Şapka Mamed” orada nə iləsə məşğuldur, amma görülən iş cəmiyyətdən gizli şəkildə aparılır. Şəffaflıqdan əsər-əlamət yoxdur. Əslində isə proses tam şəffaf olmalıdır, çünki dövlət vətəndaşların boğazından kəsib Beynəlxalq Banka 10 milyardlarla manat xərcləyib. “Aqrarkredit”in borcudur ki, görülən, atılan hər addım haqda ictimaiyyətə məlumat versin. Borcları necə qaytarırılar - məhkəməyə müraciət edirlər, yoxsa kreditorun üstünə qoçu dəstəsi yollayırlar, bunu cəmiyyət bilməlidir. Bu günə qədər nə qədər pul qaytarıblar bunu açıq şəkildə deməlidirlər. ictimi nəzarət olmayacaqsa, qaytarılan kreditlərin də mənimsənilməyəcəyinə kimsə qarantiya verə bilməz. Məmməd Musayevin təmizliyi haqda mənə hörmətli şəxslər deyirlər. Ola bilər ki, belədir. Amma şəffaflıq olmayan yerdə bunu necə yoxlamaq olar? Məndə dəqiq məlumatlar var ki, Beynəlxalq Banka kredit borcu olan şirkətlərin əmlaklarını əllərindən alırlar. Amma həmin əmlakları nə edirlər, bu bilinmir.


E.MƏMMƏDƏLİYEV
Tarix: 25-08-2017, 09:32
Xəbəri paylaş





Xəbər lenti