Neft bazarında qiymət oyunu

Neft bazarında qiymət oyunu


ABŞ ilə İran arasında gərginliyin artması neft bazarına təsir göstərdi. 

Artıq neftin dünya bazar qiymətlərində artımlar var. İran generalı Qasım Süleymani Trampın əmri ilə öldürüləndən sonra neft yeni ilə çox canlı bir başlanğıcla girdi. Dünya bazarında neftin qiymətində ümumilikdə 4 faizə qədər artım oldu. Gərginlik neft tədarükü çatışmazlığına səbəb olmadığı üçün hazırda neft qiymətləri hərbi müdaxilədən əvvəlki səviyyələrdə sabitləşib. 

Bağdadda Yaşıl Bölgəni hədəfə alan yeni raket hücumlarından sonra “Goldman Sachs Group Inc” həftəlik dəyərləndirməsini açıqladı. Hesabata görə, qiymətin yüksək qalması üçün fiziki təchizatın qüsurlu olması lazımdır.

"2 trilyon dolların 200 milyardı əridi"

Yaxın Şərqdə gərginliyin artması Səudiyyə Ərəbistanının “Saudi Aramco” milli neft şirkətinin dəyərinin üçdə ikisinin itməsinə səbəb oldu. Şirkətin bazar dəyəri təxminən 200 milyard dollar azalıb. Qeyd edək ki, “Saudi Aramco” səhmlərinin ilkin kütləvi yerləşdirilməsindən (IPO) 25 milyard dollar gəlir əldə etməklə bazar dəyərini 2 trilyon dollara yüksəltmişdi. Beləliklə də, “Aramco” qlobal miqyasda 5 ən nəhəng neft şirkəti (“ExxonMobile”, “Total”, “Royal Dutch Shell”, “Chevron” və BP) ilə müqayisədə ən böyük bazar dəyərinə çatmışdı. Həmçinin şirkət öz dəyərinə görə “Microsoft Corp.” və “Apple Inc.” şirkətlərini geridə qoyaraq dünyanın ən dəyərli şirkəti olmuşdu. “Saudi Aramco”nun məlumatına görə, şirkətin 3 milyardlıq səhminin 1,5 faizi satılıb. İnvestorlar bir səhm üçün ən yüksək məbləğ müəyyənləşdirilən 32 Səudiyyə rialı (8,53 dollar) təklif verib. Bununla da şirkət səhm satışından 25,59 milyard dollar gəlir əldə edib. IPO çərçivəsində institutsional investorlar 106 milyard dollarlıq və fərdi investorlar isə 119 milyard dollarlıq təklif verib. Beləliklə də, “Aramco”nun IPO-dan əldə etdiyi gəlirlə 2014-cü ildə Çinin e-ticarət nəhəngi “Alibaba”nın Nyu-York birjasındakı IPO-dan qazandığı 21,8 milyard dollar gəlirini üstələyərək IPO-dan ən böyük gəlir əldə edən şirkət olub. “Aramco”nun IPO üçün 20-dək milli və beynəlxalq maliyyə qurumu ilə iş aparılıb. 2020-2021-ci illərdə isə səhmlərin 3 faizlik hissəsi beynəlxalq bazarlarda satışa çıxarılacaq. Mərkəzi ofisi Səudiyyə Ərəbistanının Zəhra şəhərində yerləşən şirkətin 261 milyard barel nefti var və bu rəqəm ABŞ-ın ən böyük neft şirkəti “ExxonMobile”nin həcmlərindən 10 dəfə çoxdur. Dünyada hasil edilən hər 8 barel neftdən birini “Saudi Aramco” çıxarır. Şirkətdə təxminən 51 min Səudiyyə Ərəbistanı vətəndaşı və 10 min 300 əcnəbi çalışır.

"OPEC təkbaşına bacarmayacaq"

Ötən gün Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Məhəmməd Barkindo, ABŞ Prezidenti Donald Trampa məktub yazaraq OPEC-in təkbaşına neft bazarlarını sabitləşdirə bilməyəcəyini deyib. OPEC rəsmisi təşkilatın əlavə istehsal gücünün gündəlik 3- 3.5 milyon barel arasında olduğunu da qeyd edib. Barkindo, İranın İraqdakı ABŞ bazasına təşkil etdiyi hücumdan sonra İraqın neft istehsalı təsislərinin güvən altına alındığını və istehsala davam edildiyini də əlavə edib: "İraqdakı təsislərin güvən altına alınması yaxşı bir xəbərdir, istehsal davam edir".

ABŞ neft hasilatı üzrə dünya lideri olub 

Məlumat üçün bildirək ki, 2019-cu ildə ABŞ neft hasilatına görə dünyada liderlik edib. Belə ki, Birləşmiş Ştatlar sutka ərzində 12.4 milyon barel neft hasil edib. Bu isə Rusiya ilə müqayisədə 1.2 milyon barel çox olub. 2020-ci ildə isə ABŞ bu göstəricini artıraraq 13,17 milyon barelə qədər artırmağı proqnozlaşdırır. Ancaq hasilatın səviyyəsi dünya bazarındakı neftin qiymətindən asılı olaraq dəyişə bilər. Səudiyyə Ərəbistanın məlumatına görə, 2019-cu ilin oktyabr ayında sutkalıq neft hasilatı sentyabrla müqayisədə 1.174 milyon barel artaraq 10.303 milyon barelə çatıb. OPEC-in məlumatına görə, Səudiyyə Ərəbistanının qeyd edilən hasilat göstəricisi 1.094 milyon barel artıraraq 9.89 milyon barel olub. 

Səudiyyə Ərəbistanı 2020-ci ildə OPEC+ ölkələri ilə razılaşdırılmış kvotaya uyğun olaraq, sutkalıq hasilatı 1,2 milyon barel azaltmağı nəzərdə tutur. Bu hesabla cari ilin birinci rübündə Səudiyyə Ərəbistanının sutkalıq neft hasilatı 2,1 milyon barel təşkil edəcək.

“Neft Araşdırmaları” Mərkəzinin rəhbəri İlham Şaban “Cümhuriyət” qəzetinə bildirib ki, OPEC-in Baş katibi neft bazarlarını sabitləşdirmək üçün ABŞ-dan kömək istəyir: 

“ABŞ iki ildir ki, dünyanın bir nömrəli neft hasilatçısıdır. ABŞ hazırda 12,5 milyon barel sutkalıq neft hasil edir. Bu göstərici ilə ABŞ, sutkalıq hasilatı 11,5 milyon barel olan Rusiyanı 1 milyon barel fərqlə geridə qoyur. Neft hasilatına görə 9,6 milyon barel göstərici ilə üçüncü yerdə olan Səudiyyə Ərəbistanının nəticələri arasında 1 milyon barel fərq var. ABŞ-ın hədəfi neft hasilatını 15 milyon barelə çatdırmaqdır. Buna görə də OPEC-in Baş katibi ABŞ-a müraciət edib ki, qeyri-OPEC ölkəsi olaraq, o da dünya bazarında neft hasilatının stabilləşməsinə öz töhfəsini versin. Necə ki, Rusiya 2016-cı ildə iri neft hasilatçısı kimi Səudiyyə ilə bir araya gəlib müəyyən addımlar atmışdı”.

Analitik onu da qeyd edib ki, yanvarın 3-dən ABŞ-la İran arasında artan gərginlik fonunda neftin qiyməti artıb:

“Geosiyasi risklər stabilliyi pozur, nəticədə neftin qiymətləri yüksəlir. Amma neftin qiymətinin artması uzunmüddətli dövrü əhatə edə bilməz. Çünki bazar müharibələrə və digər riskli faktorlara alışmayıb. Yeni xəbərə köklənənə qədər qiymətlər yüksək qalmaqda davam edəcək”./Cebhe.info/


Tarix: 12-01-2020, 16:01
Xəbəri paylaş





Xəbər lenti