Azərbaycanın borc yükü: Necə hesablanır?


Azərbaycanın borc yükü: Necə hesablanır?

Reytinq agentliyi Azərbaycanın xarici dövlət borcu ilə bağlı proqnozunu açıqlayıb.

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi bu il Azərbaycanın xarici dövlət borcunun ÜDM-ə nisbətinin 18,3 faiz səviyyəsində olacağını proqnozlaşdırır. Bu barədə agentliyinin ölkə üzrə yeni icmalında bildirilir. Agentliyin gözləntilərinə görə, 2021-ci ildə ölkənin xarici dövlət borcunun ÜDM-ə nisbəti builki proqnozla müqayisədə 0,6 faiz bəndi azalaraq 17,7 faiz təşkil edəcək. Qeyd edək ki, ötən ilin sonunda bu göstərici 19 faizdən bir qədər aşağı olub.

Prezident İlham Əliyev Azərbaycanın xarici dövlət borcunu xüsusi diqqətdə saxlayır. Məlumat üçün bildirək ki, 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə Maliyyə naziri Samir Şərifov bildirib ki, hazırda ölkəmizin birbaşa götürdüyü xarici dövlət borcu 17,2 faiz təşkil edir. Nazir qeyd edib ki, bu il xarici borcun azaldılması üçün 1,7 milyard manat məbləğində vəsait nəzərdə tutulub. Çalışacağıq ki, xarici dövlət borcumuz təxminən 1 faiz azalsın.

Prezident müşavirədə qeyd etmişdi ki, hazırda Azərbaycanın xarici dövlət borcu çox aşağı səviyyədədir, 17 faiz ətrafında və bu il daha da düşəcək:

“Ancaq bizim maliyyə imkanımız var ki, tez bir zamanda xarici borcumuzu daha da endirək. Çünki qeyd etdiyim kimi, təkcə keçən il biz 6,4 milyard dollar əlavə vəsait qazanmışıq. Bu il də neftin qiyməti təqribən 65 dollar səviyyəsindədir. Dövlət büdcəsində isə neftin qiyməti 55 dollar götürülüb. Biz neftin qiymətini çox konservativ, yəni, aşağı səviyyədə nəzərdə tutduq. Buna baxmayaraq, büdcəmiz rekord həddə çatıb. Ona görə əminəm ki, bu il bizə böyük əlavə xarici valyuta axını olacaq. Ona görə nisbətən yüksək faizlə götürülmüş borcları həm aşağı faizlə götürüləcək borclarla əvəzləmək olar, eyni zamanda, kreditorlarla danışıqlar aparıla bilər ki, biz bu borcları vaxtından əvvəl qaytaraq”.

İqtisadçı-ekspert Natiq Cəfərli “Cümhuriyət” qəzetinə bildirib ki, xarici dövlət borcu ÜDM-də çox böyük üstünlüyə malik olmadığı müddətcə o qədər də təhlükəli məsələ deyil:

“Xarici dövlət borcu kreditləri daha yaxşı şərtlərlə alınır. Əgər bu borclar birbaşa real iqtisadiyyata yönəlsə, həmin ölkələrin real iqtisadiyyatında canlanmaya səbəb olar. Nəticədə yeni iş yerləri, istehsal sahələri yaranar. Azərbaycanda situasiya fərqlidir. Problem ondan ibarətdir ki, ölkəmizin xarici dövlət borcu, əsasən, xaricdə həyata keçirdiyi beynəlxalq layihələrə xərclənir. Yəni Azərbaycanın götürdüyü borc Avropa, Türkiyə ərazisində iş yeri yaradır. TANAP-ın və TAP-ın çəkilişinə böyük məbləğlərdə kreditlər götürülüb ki, Azərbaycan sonradan bunun qaytarılmalı olacaq. Bu borcla tək Türkiyə ərazisində 20 minə yaxın yeni iş yeri yarandı. Hazırda Avropaya TAP layihəsi çəkilir ki, burada da təqribən 6 minə yaxın yeni iş yerinin yaranması gözlənilir. Yəni Azərbaycanın götürdüyü kreditin xərclədiyi mənbələrdə yerli iqtisadiyyata birbaşa təsiri yoxdur”.

İqtisadçı hesab edir ki, Azərbaycanda xarici borcun hesablanma qaydası doğru aparılmır:

“Bu səbəbdən də xarici reytinq agentlikləri ilə Azərbaycan hökuməti arasında az da olsa, fərq yaranır. Azərbaycan hökuməti götürdüyü və xərclədiyi vəsaiti xarici borc kimi sayır. Öncədən bağlanmış müqavilələr var, hansı ki, bu ilin ikinci yarısında kredit müqavilələri bağlanıb və vəsaitlər daxil olacaq. Maliyyə Nazirliyi öz hesabatında bunları borc kimi göstərmir. Bu, doğru yanaşma deyil. Amma beynəlxalq agentliklər bunu da dövlətin xarici borcu kimi sayır.

Önəmli məqamlardan biri də, dövlətin balansında olan müəssisə və şirkətlərin götürdüyü kreditlərin Azərbaycanın xarici borcu kimi qeyd olunmamasıdır. Bu da doğru yanaşma deyil. Çünki zəmanətverici orqan dövlətdir. Biz bunu Beynəlxalq Bankın timsalında gördük. Bu bankda problem yaşanan kimi götürdüyü borc öhdəliyi dövlətin üzərində qaldı. Nəticədə dövlət 3.2 milyard dollara yaxın xarici borcu öz boynuna götürməyə məcbur oldu. Hazırda SOCAR, “AZAL”, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti, “Azərenerji” ASC, eləcə də "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti kimi böyük dövlət şirkətlərinin xarici borcu var. Tək SOCAR-ın xarici borcu az qala dövlətin götürdüyü borca bərabərdir. Bunlar da xarici borc kimi qeydiyyata salınmalıdır. Hətta beynəlxalq reytinq agentlikləri bunu Azərbaycan hökumətinə məsləhət görürlər. Çox təəssüf ki, belə hesablamalar aparılmır. Əgər dövlət balansında olan şirkətlərin də borcları qeydiyyata alınsa, xarici borcumuz ÜDM-in təqribən yarısına bərabər olar. Əslində, bu da təhlükəli hədd hesab olunmur. Çünki xarici dövlət borcu ÜDM-in 80 faizini keçəndən sonra təhlükəli situasiya yaranır”.

“Azərbaycanın götürdüyü kreditin yerli iqtisadiyyata birbaşa təsiri yoxdur”

Natiq Cəfərlinin müşahidələrinə əsasən, son 5 ildə Azərbaycanın xarici borcunun artımı sürətlənib:

“5 il bundan öncə xarici dövlət borcunun həcmi ÜDM-in cəmi 8 faiz idi. Rəsmi rəqəmlərə görə, hazırda xarici dövlət borcunun həcmi ÜDM-in 18 faizini təşkil edir. Əgər dövlət müəssisələrinin borcunu da hesablasaq Azərbaycanın xarici dövlət borcunun ÜDM-ə nisbəti təqribən 40 faizdən yuxarıdır. Sürətli borclanmanın qarşısını almaq lazımdır. Təbii ki, bu da daha az borclanma hesabına ola bilər. Amma xarici dövlət borcu əvəzinə, hökumət elə bir sistem qurmalıdır ki, ölkəyə birbaşa xarici investisiyalar gəlsin.

Bunlar artıq xarici borc kimi olmur, yerli tərəfdaşların köməyi ilə müştərək müəssisələr qurulur, yeni iş yerləri açılır və real sektora investisiya gəlir. Buna çalışmaq lazımdır. Dövlətin bu gün götürdüyü borc Azərbaycanın real sektoruna müsbət təsir etmir. Yəni ölkə borclansa da yeni iş yerləri yaranmır, daxili iqtisadiyyatda dinamika yaranmır. Bəli, böyük layihələr də lazımdır. Doğrudur, TAP, TANAP yaxşı layihələrdir, gələcəkdə Azərbaycanın mavi yanacaqdan gəlirlərinin artmasına səbəb olacaq. Amma o kreditlərin ölkə daxilində də real sektora yatırılmasına ehtiyac var ki, yeni iqtisadi fürsətlər yaransın”.

Yeganə Oqtayqızı


Tarix: 28-01-2020, 23:54
Xəbəri paylaş





Xəbər lenti