“Dollar erası”nın sonu çatır? - Baş bankirin çıxışına SÖZARDI


“Dollar erası”nın sonu çatır? - Baş bankirin çıxışına SÖZARDI

Yanvar ayında da Azərbaycanın valyuta bazarında təklif tələbi üstələyib.

Bunu faiz dəhlizinin parametrlərinin elan edilməsinə həsr edilmiş mətbuat konfransında Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib.

O qeyd edib ki, yanvarda balans təklifin xeyrinədir: “Cari ayda Dövlət Neft Fondu 240 milyon dollar vəsaiti sata bilmədi”.

Mərkəzi Bankın sədri əlavə edib ki, manatın məzənnəsi bahalaşma təzyiqi altındadır. Qeyd edək ki, 2019-cu ildə də Azərbaycanın valyuta bazarında təklif tələbi üstələyib.

İqtisadçı-ekspert Pərviz Heydərov valyuta bazarında təklifin tələbi üstələməsinin səbəbini “Cümhuriyət” qəzetinə şərh edib. O, yerli valyuta bazarının uzun müddətdir stabil olduğunu bildirib:

“Bu stabillik ölkədə dollarlaşma tempinə də ciddi şəkildə təsir etmişdi. Ölkədə dollarizasiya tendensiyası xeyli müddət idi ki, səngimişdi. Buna görə də, yanvar ayı üçün valyuta bazarında qeyd edilən vəziyyət təbii qarşılanmalıdır. Ümumiyyətlə, həmişə yanvar ayında xarici valyutaya olan tələb aşağı səviyyədə olur. Çünki məlum bayram günləri arxada qalır və əhali yanvar ayında turistlik səfərlərinə, alış-verişə və.s xərclərə fasilə verir. Eyni zamanda hər il yanvar ayında büdcədən ödənişlərdə gecikmələr meydana çıxır. İlin əvvəlində xarici valyutaya olan tələbin aşağı tempi mart ayına qədər davam edir. Martda temp yenidən qalxır”.

İqtisadçı onu da qeyd edib ki, valyuta bazarında sabitliyin səbəbi ölkəyə daxil olan xarici valyutanın həcminin ölkədən çıxan xarici valyutanın həcmini üstələməsidir:

“İki ildir ki, bu situasiya davam edir. Səbəb onunla bağlıdır ki, neftin dünya bazar qiymətləri Azərbaycan üçün əlverişli səviyyədədir. Mart ayı üçün qəbul olunacaq satış razılaşmaları ilə əlaqədar olaraq qiymətlər 50-60 dollardan aşağı düşmüşdü. Amma uzun müddət idi ki, qiymətlər 60 dollardan da yuxarı idi. Bu da Azərbaycan üçün çox sərfəli bir qiymət səviyyəsidir. Ötən il dövlət büdcəsindən neftin baza qiyməti 60 dollardan götürülmüşdü, 2020-ci il üçün bu hədd 55 dollardır. 2017-ci ildən etibarən ölkə iqtisadiyyatında stabil vəziyyətin yaranması ilə əlaqədar olaraq valyuta bazarında təklif tələbi üstələməkdə davam edir. Bu tendensiya indi də qalır. Ötən il boyu da təklif tələbdən üstün olub. Bəzi istisnalar da var, belə ki, müəyyən aylarda tələb təklif bərabər şəkildə olub. Manat möhkəmlənməyə meyillidir. Əgər Mərkəzi Bank valyuta bazarına müdaxilə etməsə və manatın məzənnəsini nəzarətdə saxlamasa, manatın dəyəri daha da möhkəmlənəcək. Bir tərəfdən qeyri-neft sektoruna aid məhsulların ixracının genişlənməsinə çalışılır və bu sektorun inkişafı qarşıya məqsəd qoyulur. Amma manatın məzənnəsinin möhkəmlənməsi bu hədəflərlə ziddiyyət təşkil edir. Buna görə də manatın məzənnəsinin möhkəmlənməsinin qarşı alınmalıdır, necə ki, alınır”.

Pərviz Heydərovun sözlərinə görə, Azərbaycan Mərkəzi Bankı manatın məzənnəsini sabit saxlamaq məqsədilə bazardan artıq valyuta həcmini çıxarır:

“Bu il yanvarın 1-nə olan məlumata görə, AMB-nın sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi 6 milyard 258 milyon ABŞ dolları olub. Bu göstərici ötən ayın eyni dövrü ilə müqayisədə 74,9 milyon dollar çoxdur. AMB-nin sərəncamında olan rəsmi valyuta ehtiyatları 2018-ci ildən ardıcıl olaraq artım nümayiş etdirir. Bu o deməkdir ki, AMB manatın məzənnəsini sabit saxlamaq məqsədilə manat bahalaşmasına şərait yaratmamaq üçün intervensiya edib bazardan artıq valyuta həcmini çıxarır. Mərkəzi Bankın siyasəti ondan ibarətdir ki, bazardan artıq valyuta həcmini yığışdırsın. Mərkəzi Bank valyuta həcminin artmasında özünü əyani göstərir. Bu, çox müsbət tendensiyadır. Bunun nə qədər davam edəcəyini öncədən demək çətindir. Amma hər halda, neftin dünya bazar qiymətində ciddi dəyişiklik baş verməsə, bu il ərzində də eyni vəziyyət qalmaqda davam edəcək”.

Yeganə Oqtayqızı


Tarix: 5-02-2020, 08:33
Xəbəri paylaş





Xəbər lenti