Banklar iqtisadiyyatın “ayağından çəkir”


Banklar iqtisadiyyatın “ayağından çəkir”

Azərbaycan banklarının iqtisadiyyatın maliyyələşdirməsindəki payı xarici ölkələrlə müqayisədə kəskin aşağıdır.

Bu barədə FED.az-a müsahibəsində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib. Onun sözlərinə görə, əgər Azərbaycanda kredit qoyuluşu ÜDM-in cəmi 20 faizini təşkil edirsə, dünya üzrə bu göstərici orta hesabla 130 faiz, Avropa və Mərkəzi Asiya üzrə 91 faiz, Azərbaycanın da daxil olduğu yuxarı orta gəlirli ölkələrdə 123 faizdir:

“Nəzərə alsaq ki, kredit qoyuluşlarından əlavə xaricdə həm də qiymətli kağızlar bazarından da sərmayə cəlb olunur, onda tam mənzərəni təsəvvür edə bilərik. Deməli, Azərbaycanda kredit portfelinin böyüməsi və maliyyə dərinliyinin artması üçün geniş imkanlar var”.

V.Qasımlı Azərbaycan banklarında depozit və kredit faizlərinin də bir-irindən daha çox fərqləndiyini bildirib:

«Dünya Bankının məlumatına əsasən, Azərbaycanda spred (kredit faizi ilə depozit faizi arasındakı fərq) göstəricisi 2018-ci ildə 7,17 faiz olmuşdur, bu gün spred 4,65 faizdir, amma yenə də region ölkələri ilə müqayisədə yüksəkdir. Örnək olaraq, 2018-ci ildən spredin Belarusda 2.78 faiz, Gürcüstanda 2,29 faiz, Rusiyada 3,5 faiz və Moldovada 4,36 faiz olduğunu qeyd edə bilərik».

Bəs, depozit və kredit faizləri arasında fərqin yüksək olması hansı amillərlə bağlıdır.

Bu faktorun ümumilikdə ölkə iqtisadiyyatına təsirləri necə olur?

İqtisadçı Natiq Cəfərli “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, dünya ölkələrində kredit faizlərinə təsir edən iki amil var:

“Bunlardan biri depozit faizləri, digəri isə mərkəzi bankın uçot dərəcəsidir. Hər iki faktor kredit faizlərinin müəyyənləşməsində mühüm rol oynayır. Bizdə son zamanlar həm Mərkəzi Bankın uçot dərəcəsi aşağı düşüb, eləcə də depozitlərin faiz dərəcəsi aşağı düşüb. Manatla depozitlər təqribən 10 faiz civarındadır, valyuta ilə depozitlər isə, ümumiyyətlə, vətəndaşlara sərf etməyən həddə - 1,5-2 faiz civarındadır. Vətəndaşlar da buna görə valyuta depozitlərindən imtina edirlər. Rəsmi statistik rəqəmlər də bunu göstərir. Buna baxmayaraq, bizdə kredit faizləri çox ləng dəyişir”.

Natiq Cəfərli deyir ki, baxmayaraq ki, Mərkəzi Bankın uçot dərəcəsi 15 faizdən 7,25 faiz enib, depozit faizləri 12-15 faizdən 8-10 faizə düşüb, kredit faizləri aşağı düşmür:

“Nəzərəçarpacaq fərq olduğunu demək olar. Çünki Azərbaycanda bank sektorunun özündə ciddi problemlər var. Problemlər ondan ibarətdir ki, Azərbaycanda bank sektoru hələ XX əsrin modeli ilə fəaliyyət göstərir. Sanki kassa rolunu oynayır -depozit götürüb, kredit verməklə məşğuldur. Müasir dünya bankları həm də investitsiya mərkəzi kimi fəaliyyət göstərir. Özləri səhm bazarlarının güclü iştirakçıları olur, yatırım edirlər. Onlar pulu az olub, güclü ideyaları olan insanlara dəstək olurlar, biznes qurur və həmin bizneslərin inkişaf etdirilməsinə çalışırlar. Azərbaycanda bu təəssüf ki, yoxdur və heç zaman da olmayıb. Ümid edirəm ki, dünya təcrübəsindən çıxış edərək, bu yöndə irəliləyiş olar”.

Natiq Cəfərli deyir ki, depozit faizləri aşağı düşdüyü halda bunun kredit faizlərinə təsirinin olmaması bank sektorunda köklü dəyişikliklərə ehtiyacın olduğunu göstərir:

“Ümumilikdə bank sektorunda ciddi institsional və struktur dəyişiklikləri olmalıdır. Həm də rəqabətli mühitin gücləndirilməsi istiqmətində işlər görülməlidir. Təəssüf ki, Azərbaycanda bank sektorunda rəqabətli mühit yoxdur. Xarici bankların birbaşa iştirakına imkan verilmir. Türkiyə və Rusiya bankları şəbəkə kimi deyil, yalnız filallar şəklində, Azərbaycanda qeydiyyat keçmiş hüquqi şəxs kimi fəaliyyət göstərirlər. Azərbaycan banklarının isə sanki həm depozit, həm də kredit faizləri bağlı anlaşmaları var. Bu da sövdələşməyə dəlalət edir. Rəqabətli mühit olarsa, bu depozit faizlərini yüksəlməsinə, kredit faizlərinin aşağı düşməsinə səbəb olacaq əsas amilə çevrilə bilər. Avropa ölkələrində depozit faizləri aşağı 3-4 faiz olsa da, kredit faizləri də aşağıdır. Bəzi kommersiya kreditləri ortalama 2 faiz, avtomabil, mənzil almaq üçün kreditlər 1,5-2 faiz civarında təklif olunur”.

Xatirə Nəsirova

Tarix: 11-02-2020, 20:57
Xəbəri paylaş





Xəbər lenti