Palma yağı ətrafında daha bir qalmaqal: Yağ bazarına siyasi təzyiq, yoxsa insan həyatı?


Pamla yağı ətrafında daha bir qalmaqal: Yağ bazarına siyasi təzyiq, yoxsa insan həyatı?

Bu gün qida və tibb mütəxəssislərinin narahatlıqla danışdıqları mövzulardan biri də palma yağından istifadədir.

Tacikistanda palma yağının ölkəyə gətirilməsi və satışı iyunun 1-dən təkrar qadağan olunub. Son elmi araşdırmalar palma yağından istifadənin həddən artıq ziyanlı olduğunu göstərir. Alimlər bu yağdan nəinki qida, hətta texniki baxımdan istifadəsinin də zərərli olduğunu qeyd edirlər. Afrika palmasının meyvələrindən əldə edilən bu yağın ucuz başa gəlməsi də onun daha çox istifadəsinə səbəb olur.

Allergik xəstəlikləri olanlara, hamilə və süd verən qadınlara palma yağından istifadə edərkən həkimləri ilə məsləhətləşmək tövsiyə edilir. Palma yağının tərkibində çoxlu miqdarda doymamış yağlar var. Alimlər çox miqdarda palma yağından istifadə edənlərdə ürək-damar xəstəlikləri riskinin çox olduğunu söyləyirlər.

Palma yağı orqanizmə daxil olduqdan sonra xaric olma prosesi ləng getdiyinə görə orqanizmdə şlakların yığılıb qalmasına səbəb olur. Ondan uzun müddət istifadə etmək xərçəng xəstəliyinin əmələ gəlməsinə səbəb ola bilər.

Maraqlıdır ki, bu qədər zərərləri olduğu deyilən yağın satışına Azərbaycanda da qadağa qoyula bilərmi?

"Azad İstehlakçılar” İctimai Birliyinin (AİİB) sədri Eyyub Hüseynov Cebhe.info-ya açıqlamasında bildirib ki, Tacikistan bu qadağanı Rusiyanın təzyiqi ilə qəbul edib:

"Azərbaycanda belə bir qadağa yoxdur və olmamalıdır. Çünki Tacikistan Rusiyanın təzyiqi ilə bunu edir. Mən 4 il əvvəl Dünya Konqresində olanda bu məsələni qaldırdım. Məlum oldu ki, palma yağına qarşı basqı Rusiyanın duru yağ bazarının adamları tərəfindən olur. Burada iqtisadi və siyasi məsələ var. Müsəlman ölkəsi İndoneziyada ucuz şəkildə, normal istehsal olunan palma yağının MDB ölkəsi bazarlarına girməsi üçün işlər aparılır".

E.Hüseynov qida üçün istehsal edilən palma yağının zərərli olması firkiylə razılaşmır:

"Palma yağı iki mənbədən alınır: biri ağacın gövdəsindən, biri də ağacın toxumundan. Toxumundan alınan palma yağı normal yağdır, istifadə və qida üçün yararlıdır. Avropa bazarında da rahat satılır. Hətta körpə qidalarının da tərkibində qida üçün lazım olan palma yağı var. Digəri sənayə məqsədilə olan palma yağıdır. Azərbaycana palma yağı sırf qida məqsədilə gətirilir. Bu da Qida Təhlükəsizliyi Agentliyinin nəzarətindədir. Normal, istifadə üçün yararlı yağdır. Uzun müddət palma yağına qarşı fikir var idi ki, araşdırılsın. Lakin Avropa bazarında satıldığını gördüm. Məsələni konqresdə qaldırdım, məlum oldu ki, qida üçün istehsal olunan təhlükəsizdir".

Ekspert ölkəmizdə belə bir qadağanın gözlənilmədiyini vurğulayıb:

"Dediyim kimi, Tacikistandakı qadağa Rusiyanın təzyiqi altında olub. Azərbaycan isə belə təzyiqlərdən uzaqdır”.


Tarix: 25-05-2020, 13:05
Xəbəri paylaş





Xəbər lenti