Azərbaycanda Covid-19 virusuna gündəlik yoluxma sayı artdıqca, onun müayinə və müalicəsi ilə bağlı şikayətlər də artır. "Təcili yardım çağırıram, gəlmir," "test götürürlər, cavabı 5 gündən sonra verirlər" kimi şikayətlər bu artımın fonunda daha tez-tez eşidilir.
Səhiyyə Nazirliyi deyir ki, hazırkı epidemioloji vəziyyətlə əlaqədar yaxmaların götürülməsi ilə bağlı müraciətlərin sayı həddindən artıq çoxdur, bu da "vətəndaşların haqlı narazılığına" səbəb olur.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən BBC-yə deyilib ki, "götürülmüş test nəticəsinin çox olması səbəbindən 1-3 gün ərzində gecikmələr müşahidə oluna bilir".
Amma bəzi vətəndaşlar düşünürlər ki, hər dəfə koronavirusa yoluxma halları artanda Azərbaycan səhiyyə sistemi bunu idarə etməkdə "aciz və zəif" görünür.
Əgər ötən il müşahidə edilən koronavirusa yüksək yoluxma dalğasında daha çox xəstəxanaya yerləşdirilməmə şikayəti eşidilirdisə, bu dəfə daha çox təcili tibbi yardıma və səhiyyə qurumlarının qaynar xətlərinə əlçatımlılığın olmaması, Covid-19 testinin gec götürülməsi və cavabının gec bildirilməsi ilə bağlıdır.
Bəziləri isə test cavabı gec çıxdığı üçün "türkəçarə" yollarla müalicəyə başladıqlarını deyirlər.
Bakı sakini, evdar xanım Ülkər Rəhmanova özündə koronavirusun əlamətlərini hiss edən kimi təcili yardıma zəng edib: "Bir-iki saat içində gəldilər, test götürdülər, amma testin cavabını 5 gündən sonra aldım".
"Pozitiv" cavab alan Ülkər Rəhmanova deyir ki, bu 5 gün ərzində onun vəziyyəti nisbətən ağırlaşıb, amma ortada test cavabı olmadığı üçün özü-özünü müalicə etməli olub: "Adi qrip kimi müalicə taktikasini seçdim, bol, isti maye qəbul etdim, duru yemək, meyvə yedim. Bəlğəmgətirici otlar dəmləyib içdim. Təmiz, günlü havaya çıxdım, xüsusi idman hərəkətləri elədim".
BBC Azərbaycanca əməkdaşı test cavabını gec əldə etməsini öz təcrübəsində sınaqdan çıxarıb. O, Covid-19 virusuna yoluxmuş şəxslə təmasda olması səbəbilə test verib və cavabı 5 gün gözləməli olub:
"Poliklinikaya, səhiyyə qurumlarına zəng etdim. Qaynar xətdə avtomatik cavabda deyilirdi ki, növbədə 40-cı sıradayam. 15-20 dəqiqə gözləyəndən sonra xətt avtomatik bağlanırdı. Test cavabımın nə vaxt çıxacağı barədə məlumat əldə edə bilmirdim," - BBC əməkdaşı söyləyir.
O bu 5 gündə heç yerə çıxa, heç kimlə ünsiyyət saxlaya bilmədiyini deyir. "Evə qapanıb qalmışdım. Bilmirdim, xəstəyəm, ya yox. Xəstəyəmsə, müalicədə gecikirdim. Yoluxmamışamsa, demək ki, iş-gücümü atıb boş-boşuna evdə oturmuşam".
O, analiz verdikdən beş gün sonra testinə neqativ cavab alıb.
Avqustun əvvəllərində ölkədə gündəlik yoluxma sayı 700-ə yaxın olsa da, ayın ortasında bu rəqəm 3 mini, sonlarında isə 4 mini keçmişdi. Sentyabrın əvvəllərindən indiyə qədər gündəlik yoluxma sayında rəqəmlər 2000 - 4000 arasında dəyişir, orta hesabla gündəlik ölüm sayı da hələ ki, 35-40 arasıdır.
a_qayibov adlı sosial media istifadəçisi yazır ki, 5 gün qızdırması olduğu halda nə təcili yardım çağıra bilib, nə də vaxtında testin cavabını əldə edib. "Təsəvvür edirsiniz, 5 günə evə gəliblər, 4 günə analiz çıxacaq, 2 gün sonra da sahə həkimi gəlib dərman verəcək. Atalar demiş, ölmə eşşəyim, ölmə, yaz gələr yonca bitər məsəli…"
aliyev_ramal_2012 adlı istifadəçi gileylənir ki, 5 gündü analiz gəlib götürüblər, hələ də cavab yoxdu. "Bir zəng edib maraqlanan da yoxdu ki, 72 yaşlı xəstə necə oldu? Ölum sayı ona görə artır. Azərbaycan nə qədər də başqa sahələrdə inkişaf etsə də, düzələn deyil… 103 yığırsan, deyir 814. O da deyir sahə həkiminə [zəng vur].... Tülkü tülküyə, tülkü də ki quyruğuna buyurur".
Səhiyyə Nazirliyinin "İnstagram" səhifəsində də onlarla belə şikayətə rast gəlmək olar.
Məsələn, as.bagirova adlı istifadəçi gileylənir ki, o, 4 gündür yaxma götürülməsi ilə bağlı yaşadığı ərazinin poliklinikasına müraciət eləsə də, ondan test götürülməyib.
"4 gündür qizdirmam düşmür! Sahə həkimi evə gəlib müayinə etmir, qorxur! Məsafədən hərdən bir müalicə göndərir. Təcili yardım 103, 184 gəlmir, deyir, poliklinikaya müraciət edin. 1542 zəng vurub 2 saat gözlədikdən sonra telefonu üstünə qoydular. Mən nə etməliyəm?! Ölməliyəm?! 22 ildir müəllim işləyirəm, bu hökümətə vergi ödəyirəm. Bu nə biabırçılıqdır?! Bir vətəndaşın həyatı ilə oynamaq nə dərəcədə düzgündür?!" - as.bagirova yazıb.
Millət vəkili, parlamentin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli BBC-yə deyib ki, bu dəfəki dalğanın əvvəlkindən əsas fərqi "yoluxma sürətinin artmasında və inkubasiya (xəstəliyin əlamətlərinin başlamasına qədərki zaman -red.) dövrünün azalmasındadır".
Cənab Məmmədli vurğulayır ki, Covid-19 testi vermiş şəxslərə cavabın ən gec 2 sutka ərzində verilməsi önəmlidir, çünki bu müddətdə həmin şəxslər digərlərini yoluxdura bilərlər.
Müşfiq Məmmədli söyləyir ki, öncəki yüksəlmələr vaxtı koronavirus testlərinin cavabının gec çıxması ilə əlaqədar müəyyən şikayətlərə rast gəlinsə də, indi bu barədə "çox ciddi şikayətlər yoxdur".
"Yoluxmaların sayı artdıqca təcili tibbi yardımın yetişməsindəki zamanda uzanma müşahidə olunur, xəstəxanalara hospitalizasiya ilə bağlı isə son günlərədək ciddi narahatlıqlar müşahidə olunmayıb. Təbii ki, biz daha keyfiyyətli tibbi xidmətin, daha çevik reaksiyanın olmasını istəyirik - həm insanlar bunu tələb edir, həm də millət vəkili olaraq bu fikirlə razıyıq. Çünki bunun üçün kifayət qədər imkanlar var".
O qeyd edir ki, təcili tibbi yardım maşınlarının, xəstəxanalarda çarpayı və avadanlıqların sayının artırılmasından başqa "yerli idarəetmə keyfiyyətinin yüksəldilməsi" çox önəmlidir.
Tibbi ekspert, professor Adil Qeybulla deyir ki, xəstə sayı və müraciətlər çoxaldıqca, təcili tibbi yardımın da işi ağırlaşır, çünki "həkim sayı xəstə sayına uyğun gəlmir".
O, BBC-yə bildirib ki, əslində, xəstə çoxluğu dünyanın hər yerində bu cür problemlər yaradır, lakin müəyyən qaydaları dəyişməklə vəziyyəti "yüngülləşdirmək" olar.
"Təcili tibbi yardıma gələn zəngləri poliklinika sisteminə, xəstəxanalara və təcili yardım xəstələrinə bölmək lazımdır ki, bu qədər yüklənmə olmasın. Təcili yardımın bidən-birə minlərlə zəngə cavab verib onları xəstəxanaya daşıması real deyil. Ona görə də, gecikmələr olur, bəzən cavab verməkdə çətinliklər olur, bu, təbii bir şeydir. O qədər xəstə sayına heç bir tibb sistemi hazır deyil".
O söyləyir ki, əvvəlki dalğa dövründə xəstəxanaya yerləşdirilmədə bəzi neqativ hallar olmuş və xəstəxanaya yerləşdirilməli olan bəzi xəstələr "çöldə qalmışdı".
"Bu işdə bir seçim, meyar olmalıdır. Məsələn, oksigenə ehtiyacı olanlar birbaşa ambulator (xəstəxana şəraitində müalicə -red.) müalicə almalıdırlar. Ağır xəstələr kimliyindən asılı olmayaraq, xəstəxanaya aparılmalıdır, buna bəhanə qalmamalıdır".
Professor Adil Qeybulla deyir ki, saturasiyası (oksigen göstəricisi -red.) az olan xəstələr lazımi tibbi yardımdan nə qədər uzaq olsalar, xəstəlik bir o qədər sürətlə inkişaf edir və bunun çox acı nəticələri olur.
Professor deyir ki, bu dəfəki dalğa ilə əvvəlkilər arasında səhiyyə sistemində "heç bir iləliləmə görmür".
O hesab edir ki, öncəki dövrlə müqayisədə Covid-19-a qarşı "bir az da laqeydlik" yaranıb.
Cənab Qeybulla söyləyir ki, Azərbaycanda Covid-19 ilə mübarizə işinin təşkili "əvvəldən pozulub", çünki iş vahid mərkəzdə cəmləşdirilməyib.
"Bu işin təşkili prosesi Səhiyyə Nazirliyi və TƏBİB kimi iki quruma həvalə olundu, onların arasında olan münasibətlər sistemi, səhiyyə bölgülərinin yaradılması işə xeyli zərbə vurdu. Buna konkret bir qurum rəhbərlik etməli idi və məsuliyyəti də o daşımalı idi".
Səhiyyə Nazirliyi deyir ki, hazırkı epidemioloji vəziyyətlə əlaqədar yaxmaların götürülməsi ilə bağlı müraciətlərin sayı həddindən artıq çoxdur. "Vətəndaşlarımızın haqlı narazılığını anlayırıq. Laboratoriyalarımızın fasiləsiz olaraq çalışmağına baxmayaraq, müəyyən gecikmələr baş verir,"- nazirlikdən BBC News Azərbaycancaya açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) BBC-yə deyilib ki, "götürülmüş test nəticəsinin çox olması səbəbindən 1-3 gün ərzində gecikmələr müşahidə oluna bilir".
Qurum labaratoriyalara daxil olmuş nəticələrin "mərhələli şəkildə" yoxlanılaraq sistemə işlənildiyini söyləyib.
"Laboratoriyaların sayı pandemiya başladığı ilk dövrlərlə müqayisədə 2 dəfəyə qədər artırılıb. Kadrların optimal idarəedilməsi məqsədilə yoluxma sayının dinamikası nəzərə alınaraq imkanlar genişlənə bilər. Hazırda ölkəmizdə 23-dən çox xəstəxana COVID-19-la mübarizə tədbirlər çərçivəsində fəaliyyət göstərir. Ehtiyac yarandığı təqdirdə bu say 40-a qədər yüksələ bilər," - TƏBİB açıqlayıb.
Səhiyyə Nazirliyi ünvanına deyilən tənqidlərlə razılaşmır, yoluxma artdığından iş yükünün çoxaldığını etiraf etsə də, bildirir ki, Təcili və Təxirəsalınmaz Tibbi Yardım təkcə avqust ayı ərzində 71 minə yaxın müraciət alıb və 22 minə yaxın adamdan koronavirus analizi götürüb, təxminən 4 xəstə koronavirusla bağlı müalicə məqsədilə tibb müəssisələrinə yerləşdirilib.
Nazirliyin məlumatında deyilir ki, ötən il İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən 184 ədəd təcili tibbi yardım avtomobili alınıb, bu il isə yeni avtomobillərin alınması üçün hazırlıq işləri aparılır.
Azərbaycanda indiyədək 4 milyondan çox şəxs Covid-19 virusuna yoluxub, 6 minə yaxın şəxs ölüb.
Koronavirus əleyhinə tam vaksin olunanların sayı 3 milyona yaxınlaşır.