COVID-19-a yoluxmanı sürətləndirən, sağalmanı ləngidən ekoloji səbəb



Ekoloq və həkimlər paytaxtda çirkli hava amilini ciddiyə almağı tövsiyə edirlər; “Bakı ətrafında yaşıllıq zolağı salınmalıdır, əks təqdirdə...”

Azərbaycanda son bir neçə gündə koronavirusa yoluxma sayında ötən günlərə nisbətən azalma müşahidə edilib. Belə ki, yazını hazırladığımız zaman 2 254 yeni yoluxma faktı qeydə alınıb, 3 655 nəfər müalicə olunaraq sağalıb. 35 nəfər vəfat edib.
Bu arada Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regional direktoru Hans Kluge hökumətləri koronavirusa qarşı peyvəndin yayılması və bölüşdürülməsi ilə bağlı daha fəal mövqe tutmağa çağırıb. Dünyada koronavirusla mübarizədə yeganə çıxış yolu kimi vaksinasiya görüldüyü halda, britaniyalı alimlər tədqiqat nəticəsində COVID 19-a yoluxmanı sürətləndirən və xəstəliyin gedişini ağırlaşdıran mühüm bir faktor aşkar ediblər. Məlum olub ki, bu çirkli havadır. Müəyyən edilib ki, reanimasiyada yatan xəstələrin əksəriyyəti daha çox çirkli havası olan ərazilərdə yaşayanlardır.
Yəni belə çıxır, koronaya yoluxanlar  təmiz havası olan rayonlarda daha tez sağala bilər, nəinki meqapolis şəhərlərdə. Bəs, Bakının havası bu xüsusda tibbi standartlara nə dərəcədə cavab verir?
Onu da diqqətə çatdıraq ki, TƏBİB-in hər dəfə ölkə üzrə açıqladığı COVID-19-a yoluxmanın ən çox qeydə alındığı şəhərlərin statistikasında paytaxt Bakı öndə olur. Elə ən son məlumatda da göstərilir ki, koronavirusa yoluxma halları ilə bağlı ən yüksək göstərici 54,6 faizlə Bakı şəhərinin payına düşüb. Yoluxma digər bölgələr üzrə Abşeronda 13,3 faiz, Aran zonasında 11,8 faiz, Gəncə-Qazaxda 6,9 faiz, Quba-Xaçmazda 3 faiz, Şəki-Zaqatalada 3,7 faiz, Lənkəranda 2,6 faiz, Dağlıq Şirvanda 2,4 faiz, Yuxarı Qarabağda 1,3 faiz, Naxçıvanda yoluxma 0,06 faizdir. Koronavirusa yoluxma hallarının 0,4 faizi isə ölkə xarici yoluxmaların payına düşüb.
TƏBİB rəsmiləri Bakıda yoluxmanın daha çox olmasını paytaxtda sıxlığın olması ilə əlaqələndirirlər. Bəs görəsən, bu həm də havanın çirkli olması səbəbindən deyil ki? Məsələ ilə bağlı ekspertlərin fikirlərini öyrənməyə çalışdıq. 
Türkiyədə meşə yanğınları: "Ən azı 15-20 il...." -
 İslam Mustafayev 
Mövzu ilə bağlı ekoloq İslam Mustafayev “Yeni Müsavat”a danışıb: “Bakının ekologiyası standartlara cavab vermir: ”Çünki Abşeron arid-quru iqlimə malikdir, çoxlu toz-torpaq var, külək əsir, o toz-torpağı da gətirir. Hələ buradan başqa, Xəzərin o biri tayından, yaxın Şərqdən qum tozlarını Bakıya gətirir. Bakıda da yaşıllıqların miqdarı normativdən təqribən 3-4 dəfə azdır. Ona görə bir tərəfdən iqlim torpaq şəraiti, digər tərəfdən də yaşıllıqların kifayət qədər olmaması hava şəraitini kəskinləşdirir. Bu, eləcə də allergik xəstəliklərin əmələ gəlməsinə, çoxalmasına səbəb olur. İnsanların yaşaması üçün əlverişsiz şərait yaranır. Ona görə COVID-in yaranmasında tozun böyük rolu bilər. COVID infeksiyaları toza yapışaraq başqa yerlərə çox asanlıqla daşına bilir. Hazırkı vəziyyətdə bunun qarşısının alınması üçün  konkret bir söz deyə bilməyəcəm. Çünki çoxlu ağaclar olmalıdır. Qumları da biz yığışdıra bilmərik. Burada əsasən şəhərin küçələrinin nəmləndirilməsi, yuyulması, eyni zamanda, Bakının ətrafında yaşıllıq zolağının salınmasına ehtiyac var. Yaşıllıq çox böyük ağaclar- xan çinar, şam, küknardan ibarət olmalıdır".


Peyvənd edilənlər arxayın olmasınlar” – Həkimdən xəbərdarlıq – Binəqədi.info
Aydın Əliyev
Mövzu ilə bağlı həkim-radioloq Aydın Əliyev də münasibət bildirib: “Təbii ki, Bakının havası yaxşı deyil. Bu səbəbdən də nəinki koronaviruslu xəstələrin ağırlaşmasına, eləcə də digər ağciyər, bronx, digər orqan sistemlərinin xəstəliklərinin yaranmasına gətirib çıxara bilər. Çirkli hava çox önəmli bir amildir, yəni neqativ anlamda. Tək ağciyər, bronx yox, digər orqanların da  xəstəliklərinə şərait yarada bilir və xəstələnmiş insanların da sağalmasına çətinlik yarada bilir”.
Radioloq qeyd edib ki, çirkli hava şəraiti bütün xəstəliklərə, eləcə də koronavirus xəstələrinə mənfi təsir göstərir: “Görürsünüz, korona xəstələrinin saturasiyası aşağı düşəndə oksigen təyin olunur. Xəstənin nəfəs aldığı oksigen cihazı vasitəsilə oksigenin miqdarı artırılır ki, xəstənin orqanizmi yetəri qədər oksigen ala bilsin. Demək ki, çirkli havada da oksigenin miqdarı müəyyən qədər azalmış olur. O da xəstələrin sağalmasına birbaşa mənfi təsir göstərə bilər”.
A.Əliyev “rayon və paytaxtda koronavirusa yoluxanlar arasında xəstəliyin gedişatını müqayisə etsək, çoxmu fərq var” sualına da cavab verib: “Biz onu təqribi deyə bilərik. Pasiyentlərlə müşahidələrimdə deyə bilərəm ki, rayonda yaşayan insanlar, əsasən havası təmiz olan rayonlarda müəyyən qədər təsiri var. Amma bunu dəqiq bilmək üçün gərək dəqiq araşdırılma aparılsın. Xəstələnənlərin yaş qrupları ilə bağlı, yanaşı xəstəlikləri ilə bağlı, orda havanın yoxlanılması və sairə ilə bağlı bütün faktorlar orada nəzərə alınsın. Elmi araşdırma nəticəsində bunu dəqiq bilmək olar. Bizim dediyimiz mülahizələr təqribi xarakter daşıyır”.
Bu arada, tanınmış pediatr Yevgeni Komarovski bildirib ki, açıq havada futbol oynamaq koronavirusdan qorunmağın ən yaxşı formasıdır. Həkimin sözlərinə görə, xəstəliyin gedişatı tənəffüs yollarına daxil olan virusların miqdarından asılıdır: “Buna görə də özünüzü yalnız küçədə qoruya bilərsiniz. Orada virus böyük bir əraziyə yayılır və konsentrasiyası aşağı düşür”.
Bununla belə, Komarovski hesab edir ki, hər bir insan virusa yoluxmalıdır. Bu, bir tərəfdən kollektiv immunitet yaradar, digər tərəfdən virus çox güman ki, tez zəifləyəcək və o qədər də ölümcül olmayacaq. Həkim allergik reaksiyaların kəskin artacağını proqnozlaşdırır. Pediatr əksər valideynlərin oğlunun və ya qızının koronavirusa yoluxduğunun belə fərqinə varmayacağını vurğulayıb: “Çünki uşaqların 50 faizi infeksiyanı asimptomatik daşıyır. Qalanlarında isə yüngül bir temperatur olacaq. Yəni ”ORVİ"-nin tipik əlamətləri".
Tarix: 11-09-2021, 14:59
Xəbəri paylaş





Xəbər lenti