Rəsmi yoluxma real sayla uyğunlaşmır: "Təcili yardıma müraciət ediləndə həkim gəlmir..."
Rəsmi yoluxma real sayla uyğunlaşmır: "Təcili yardıma müraciət ediləndə həkim gəlmir..."Bildiyiniz kimi, son açıqlanan statistikaya görə, Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb.
Analiz nümunələri müsbət çıxan 29 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 470 985 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 430 717 nəfər müalicə olunaraq sağalıb, 6 280 nəfər vəfat edib. 33 988 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 666, bu günə qədər isə ümumilikdə 4 731 381 test icra olunub.
Maraqlıdır, bu artım əhali və test sayına görə yüksək hesab edilə bilərmi? Yoluxma artarsa, ölkəmizdə də yeni mutasiya halına rast gəlinərmi?Məsələ ilə bağlı
Cebhe.info-ya açıqlama verən tibb sahəsi üzrə ekspert, terapevt Rasif Bağırov bildirib ki, rəsmi açıqlanan yoluxma sayı reallıqla üst-üstə düşmür:
"Ölkədə rəsmi qaydada təcili yardım və poliklinkalara müraciət edənlərlə şəxsi həkimlərinə müraciət edənlər arasında böyük fərq var. Təcili yardıma müraciət ediləndə həkim gəlmir də, heç biri gəlmir. Bunu hamı bilir. "Hərarətin var? Biz 65 yaşdan yuxarı xəstəyə gedirik, vaxtımız yoxdur, imkanımız yoxdur, gələ bilmirik" kimi şeylər deyirlər.Bununla da rəsmi yoluxma sayı azalır. Belə olanda da demək olmaz ki, ölkədə yoluxma azdır. Deməli, rəsmi sayda ölkədəki bütün yoluxma sayı tam əhatə olunmur. Əhatə edə olunmadığı üçün də rəsmi qaydada verilən sayla əhali sayı arasında nisbət uyğun gəlmir. Ona görə də bizdə yoluxma çoxalıb".Ekspertin fikrincə, yeni mutasiya ölkəmizdə də yarana bilər, lakin bunu aşkarlamaq üçün mütəxəssis çatışmazlığı yaşanır:
"Mikroorqanizmin bir yerdə konsentrasiyası nə qədər çox olursa, mutasiyaların əmələ gəlməsi də çox olur. Amma gərək o mutasiyanı aşkar edən, ölkədə o istiqamətdə tədqiqat aparan alimlər ola. Ortaya qoya ki, biz mutasiyanı tapdıq. O ölkələrdə ki, həmin proses gedir, araşdırırlar, onlar mutasiyanı tapa bilirlər. Hamı da bilir ki, belə şey də var. Onu bizim ölkədə də axtarsalar, əlbəttə ki, tapmaq olar".
Tarix: 19-09-2021, 10:37