Yoluxan da qorxur, yoluxmayan da: “Virusu araşdırmaqdansa, sevdiklərinizlə görüşün” - PSİXOLOQ


Yoluxan da qorxur, yoluxmayan da: “Virusu araşdırmaqdansa, sevdiklərinizlə görüşün” - PSİXOLOQ

Dünyada koronavirusa yoluxma hallarının sayı 270 milyonu, ölənlərin sayı isə 5,31 milyonu ötüb.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. Koronavirusun yayılmağa başlamasından indiyədək dünyada 270 031 622 yoluxma və 5 310 502 ölüm halı qeydə alınıb. Yoluxma hallarının əksəriyyəti ABŞ-da qeydə alınıb - 49 629 855. Ondan sonra Hindistan (34 703 644), Braziliya (22 167 781), Böyük Britaniya (10 873 472), Rusiya (10 milyon) gəlir. Ölənlərin sayı ən çox ABŞ-dadır - 790 920, ikinci sırada Braziliya (616 251), üçüncü yerdə Hindistan (475 888) qərarlaşıb.
Qeyd edək ki, koronavirusun son ştammı olan "Omikron" indiyədək 77 ölkədə aşkar edilib. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus Cenevrədə keçirilən brifinqdə bildirib.
“Omikron” heç bir başqa variantda görmədiyimiz sürətlə yayılır”, – ÜST rəhbəri əlavə edib. ÜST bölməsinin qrup rəhbəri Van Kerkhove koronavirus infeksiyalarının "sunami"si barədə danışıb.
Ümumdünya Səhiyyə Təşkilatının Fövqəladə Xəstəliklər Bölməsinin texniki qrupunun rəhbəri Maria Van Kerkhove bildirib ki, dünya ictimaiyyəti “Delta” və “Omikron” ştammları da daxil olmaqla, koronavirus infeksiyalarının “sunami”si ilə üz-üzədir:
“Düşünürəm ki, biz dünyada həm “Delta” ştammı (son aylarda üstünlük təşkil edən variant), həm də “Omikron”la yoluxma “sunami”si ilə üzləşirik".
ÜST sözçüsü ölkə hökumətlərini hərəkət etmək üçün gözləməməyə çağırıb.
Koronavirusdan xilas olmaq üçün insanlar müxtəlif qaydalara əməl etsələr də, ÜST bu problemin öhdəsindən gəlmənin yeganə yolunun peyvənd olduğunu bildirdi. Əhali isə pandemiyadan xilas olmaq üçün vaksinə üstünlük versə də, hələ ki, bu problemdən tamamilə xilas olmayıb. Digər maraqlı məqam isə odur ki, ÜST tərəfindən koronavirusla bağlı ardıcıl olaraq bədbin fikirlər səslənir. Bu isə onsuz da son illər pandemiya ilə bağlı psixoloji gərginlik yaşayan insanlar üçün əlavə problemlər yaradır.
AMEA-nın elmi işçisi, psixoloq Fatimə Bayramova bununla bağlı Cebhe.info-ya bildirib ki, artıq 2 ilə yaxındır bu virusla yaşamağa davam edirik:

“Çox az insana rast gələ bilərik ki, bu virusa əhəmiyyət verməsin. Əvvəl inanmayanların sayı çox olsa da, indi əksinə, özü və yaxınları üçün narahat olan şəxslərin sayı çoxalır. Buna səbəb koronovirusun hələ də tam geniş şəkildə əhaliyə bəlli olmayan tərəflərinin mövcudluğu, ÜST-ün yeni ştammlar haqqında açıqlaması, onların bir - birindən təhlükəli olduğu, “insanları daha da təhlükəli vəziyyət gözləyir" tipli məlumlatlarıdır.
Aydındır ki, mənfi rəsmi məlumatlar insanlara daha çox ümidsizliyə, pessimist düşüncələrə aparır. Nəticədə virusa yoluxmayan da narahatdır, yoluxan da, onlar ikinci dəfə virusa yoluxmaqdan qorxurlar. Əhali arasında COVID-19 virusu əvvəlki kimi aktual olaraq müzakirə edilməsə də, hər kəsin ürəyində qorxu var. Risk qrupuna aid insanlar əvvəlki həyat tərzlərini hələ də bərpa etməyiblər”.
Psixoloq deyir ki, bir qrup alimə görə, virusun mənfi təsirlərindən biri də neyrokoviddir:
“Bu zaman idrak proseslərimizdə diqqətdə, hafizədə zəiflik müşahidə olunur. Lakin müəyyən məşqlər sayəsində onları əvvəlki vəziyyətə gətirə bilərik. Vəziyyətə təsir göstərən səbəblərdən biri də insanların stress və depressiyaya düşməsidir. Pandemiyanın ilkin pilləsində həssas, depressiv insanlar narahatlıq, təşviş hissi yaşayırdılarsa, indi bu halı pozitiv insanlarda belə müşahidə edə bilərik. Yaxşı olar ki, insanlar özlərini daha çox pozitiv istiqamətə kökləsinlər, təbiətdə, təmiz havada vaxt keçirsinlər, sevdikləri, doğmaları ilə ünsiyyəti kəsməsinlər, hər çıxan ştammların xüsusiyyətlərini araşdırmasınlar”.
Tarix: 15-12-2021, 21:40
Xəbəri paylaş





Xəbər lenti