“Ola bilməz ki, ölkədə yeni ştam yayılsın və orada rəqəmlər yüksəlməyə doğru getməsin”
Ölkədə qrip epidemiyası tüğyan edir. Bu, klassik qrip virusudurmu? Yoxsa koronovirusun yeni ştamıdır? Orta məktəblərdə şagirdlər arasında da yoluxma sayı çoxalıb. Hətta müəllimlər arasında günlərlə dərsə gəlməyənlər var. Gənc, orta yaşlı insanlar da kütləvi qripə yoluxublar. Bəzilərində bu, güclü hərarətlə, bəzi adamlarda isə sadəcə burunaxma, boğazgəlmə, halsızlıq kimi özünü büruzə verir.
Mövzu ilə bağlı “Yeni Müsavat”a Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının assisenti, həkim-infeksionist Nilufər Məmmədova belə şərh edib: “Son günlər gələn müraciətlərdən də belə görürük ki, yuxarı tənəffüs yollarının simptomları ilə gedən xəstəliklərin sayı həm məktəblərdə, həm bağçalarda, həm də digər yaş qrupu insanların arasında artmaqda davam edir. Bu, gözlənilən haldır. Bunu hər il biz qış mövsümündə yaşayırıq. Hər il belə yuxarı tənəffüs yolları virusları ilə yoluxanların sayında artımları müşahidə edirik. Ancaq pandemiya dövründə olduğumuz üçün qoyulan tələblər belədir ki, bütün hərarətli xəstələrdə ilk öncə koronavirus inkar olunmalıdır ki, yoluxanların sayının qarşısını almaq mümkün olsun. Ümumi olaraq götürdükdə əgər koronavirusa qarşı testin nəticəsi neqativ çıxırsa, xəstələrə edə biləcəyimiz yalnız simptomatik terapiyadır. Yəni hərarətsalıcı preparatların istifadə olunması, ya evdə yataq rejiminin tətbiq olunması, bol mayenin qəbulu, bol vitaminli qidaların qəbul olunması ilə xəstələrə nəzarət edirik. Əgər temperatur üç gündən çox davam edirsə, antibiotiklə terapiyanın lüzumsuz istifadəsinin qarşısını almaq üçün müəyyən qan analizlərinə ehtiyac olur. Qeyd etmək istəyirəm ki, hazırda yayılan, hərarətlə müşahidə olunan xəstələr arasında koronavirus testinin nəticəsi heç də hər birində pozitiv gəlmir. Bu o deməkdir ki, onlar başqa virusa yoluxublar, başqa xəstəliyi keçirirlər. O xəstəliyin də özünəməxsus müalicəsi varsa, onu tətbiq edirik, yaxud da simptomatik müalicə tətbiq edirik. Yekun olaraq bir daha qeyd edim ki, hərarətlə müşahidə olunan hər bir xəstədə koronavirus inkar olunmalı və ona simptomatik və gərəkli olduğu zaman digər müalicə metodları tətbiq olunmalıdır. Qorunma qaydaları bütün yuxarı tənəffüs yolu infeksiyalarında oxşardır. Belə ki, məsafənin gözlənilməsi, qapalı məkanların havalandırılması, maskalardan istifadə olunması, əl gigiyenasının tətbiq olunması bütün yuxarı tənəffüs yolu viral xəstəliklərində eynidir”.
Nilufər MəmmədovaHəkim “Omikron” ştamının yaratdığı vəziyyətlə bağlı fikrini də bildirib: “Koronavirusun dünyada üstünlük təşkil etdiyi yeni ştam ”Omikron"dur, hazırda Azərbaycanda yeni ştam aşkar olunmayıb, bu, təsdiq olunmayıb. Yoluxma rəqəmlərinə baxsaq, buradan da aydın görünür ki, yeni ştam Azərbaycanda hələ ki müşahidə olunmur. Çünki “Omikron”un aşkar olunduğu ölkələrdə yoluxma statistikasında ciddi artım müşahidə olunur. Ona görə ki, bu ştam digərlərinə nisbətən daha yoluxdurucudur. Mümkün deyil ki, bir ölkədə yeni ştam yayılsın və orada rəqəmlər yüksəlməyə doğru deyil, geriyə getsin. Ona görə hazırda məktəblərdə, bağçalarda yayılan virusun “Omikron” ştamı ilə əlaqəsi yoxdur. Daha çox digər tənəffüs yolu xəstəliklər təsdiq olunur, amma uşaqlar arasında da koronavirusun təsdiq olunduğu hallar var. Burada da yanaşma taktikamız daha çox izləməklə simptomatik terapiyanın aparılmasıdır. Bu xəstələri biz daha çox müşahidə altına alıb, lazım olan vaxt simptomatik müalicə aparırıq. İstənilən viral infeksiyalarında hərarətin üç, maksimum beş gündən artıq davam etdiyi müddətdə mütləq şəkildə qanın müəyyən göstəricilərinə baxaraq xüsusi müalicə taktikası seçilir".
Yeri gəlmişkən, yazını hazırladığımız zaman bəlli olan son statistik məlumatlara görə, ölkəmizdə COVİD-19 infeksiyasına 922 yeni yoluxma faktı qeydə alınıb, 1 621 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 19 nəfər vəfat edib.Ümumdünya Səhiyyə Təşkilatından isə bildirilib ki, “Omikron” ştamının daha çox yayılması xəstəxanaya yerləşdirilən insanların və ölüm hallarının sayını artıra bilər. Dünyada yeni ştama yoluxma hallarının sayı artdıqca, xəstəxanaya yerləşdirilən xəstələrin və həyatını itirənlərin statistikası çoxala bilər. ÜST ekspertləri məhz bu cür məlumatların yaxın zamanlarda yayılacağını güman ediblər.
""Omikron" ştamının dəhşətli nəticələri haqda yaxın həftələrdə ətraflı məlumatlar verilə bilər. Bunun üçün infeksiyaya yoluxma və nəticələr arasında vaxt olmalıdır. İndiyə qədər yalnız bir təsdiqlənmiş ölüm hadisəsi məlumdur. Belə ki, dünən Böyük Britaniyada koronavirusun "Omikron" ştamından ilk xəstə həyatını itirib” - ÜST bildirib.
Digər tərəfdən, qəzetimizə Azərbaycan hökumətinə yaxın qaynaqlardan daxil olan məlumatda iddia olunur ki, ÜST gələn ilin mart ayından sonra planet miqyasında elan olunan pandemiya vəziyyətini dəyişdirəcək. Buna səbəb kimi dünyanın əksər ölkələrində vaksinləşmənin müəyyən mərhələyə çatmasını və virusun nəzarətə götürülməsini, koronavirus və onun fərqli ştamları ilə yaşamaya alışıldığını, bu virusla artıq dərindən
‘’tanış olunduğunu’’ əsas gətirəcək. Onsuz da artıq dünya çapındakı vahimələr, ifrat qapanmalar aradan qalxıb, təyyarə uçuşları bərpa edilib, ölkələr hava sərhədlərini hətta turistlər üçün açıblar. Əvvəlki ‘’SOS’’ vəziyyəti daha yoxdursa, pandemiya statusunu saxlamağın da mənası qalmır. Bundan belə hər ölkə özü qapanma-açılma siyasətini həll edə bilər, koronavirusla mübarizə strategiyasını yürütməyi bacarar.
Nicat ƏzimliHəkim-infeksionist Nicat Əzimli bizimlə söhbətdə bu iddia ilə bağlı fikrini bildirib: “Ümumilikdə, indidən gələn ilin mart ayı üçün proqnoz vermək düzgün olmaz. Bu, gedişatdan asılıdır. Hər hansı yeni mutasiyanın çıxıb-çıxmayacağı, gedişatın hansı istiqamətdə olacağı vəziyyəti dəyişdirə bilər. Bəli, təbii gedişatla olarsa, yəni xəstəliyin klinik gedişatında virusun virulentliyinin azalması, xəstəliyin yüngülləşməsi - bu gedişat davam edərsə, yoluxma səviyyəsi artsa belə, həyati təhlükə kəsb etmədiyi üçün pandemiyanın artıq bir təhlükəli vəziyyət olaraq əhəmiyyəti qalmamış olur. Bu da imkan verir ki, artıq pandemik vəziyyətdən çıxış elan olunsun. Ancaq təbii ki, yerli olaraq epidemioloji vəziyyətə nəzarət edən qurumlar tərəfindən yenə də müəyyən tədbirlər görüləcək, necə ki, digər infeksion xəstəliklərdə də bu, icra olunurdu. Xüsusilə də koronavirus kimi hava-damcı infeksiyalarında əvvəllər də yoluxma saylarında artımı görürdük. Buna müvafiq tədbirlər, vaksinasiya lokal olaraq həyata keçirilirdi. Bu, təbii ki, koronavirus infeksiyasında da eyni şəkildə, sadəcə, daha irimiqyasla davam edəcək”.
Tarix: 16-12-2021, 09:44