Omicrona görə sərt karantin tətbiq edilir
Koronavirusun Omicron variantının çox sürətlə yayılmasının qarşısını almaq üçün Hollandiyada ciddi karantin rejimi tətbiq ediləcək.
Pravda.az xəbər verir ki, bu barədə ölkənin Baş nazir Mark Rutte mətbuat konfransında bildirib.
Baş nazir deyib ki, Hollandiya yenidən qapanmaya getmək məcburiyyətində qalıb: “Bu, Omicron variantının yeni dalğasına görə zəruridir. Peşəkar idman yarışları əvvəlki kimi tamaşaçısız davam edəcək. Bütün təhsil müəssisələri də bağlanacaq. Sakinlərə evdən işləmək və gündə ikidən çox qonaq qəbul etməmək tövsiyə olunur. Yeganə istisnalar Milad və Yeni il bayramında olacaq - dörd nəfərə qədər qonaq qəbul edilə bilər”.
Milli Sağlamlıq və Ətraf Mühit İnstitutunun rəhbəri Yaap van Dissel qeyd edib ki, Milad və Yeni il tətillərində Hollandiyada Omicronun yayılması üstünlük təşkil edəcək: “Bu ştamla bağlı hələ də çox qeyri-müəyyənlik var. Ancaq biz bilirik ki, peyvəndlər Omicrona qarşı o qədər də qorumur. Bu ciddi problemdir. Gücləndirici peyvəndlər toxunulmazlığı artırır, infeksiyadan qorumur, sadəcə xəstəliyin ağır gedişindən qoruyur”.
Baş nazirin müavini, səhiyyə, rifah və idman naziri Huqo de Jonqe isə bildirib ki, hakimiyyət ölkənin bütün yetkin əhalisinin immunizasiyasını artırmaq üçün təxirəsalınmaz kampaniyaya başlayır: “Kampaniya çərçivəsində yanvarın sonuna qədər təxminən 9,5 milyon insan əlavə preparatlar qəbul etməlidir”.
Tarix: 19-12-2021, 10:12