COVID-19 gözləntiləri: yazda vəziyyət stabilləşəcək, lakin...



Nuran Abdullayev: “Yaz aylarına doğru “Delta” varinatının yaratdığı dalğa enməyə başlayacaq, yoluxma sayında azalma müşahidə edəcəyik, bircə “Omicron” vəziyyəti çətinləşdirə bilər”
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bu günlərdə yayımladığı açıqlamaya görə, gələn ilin yaz aylarına doğru COVID-19-a yoluxma sayında azalma müşahidə olunacaq. Açıqlamaya görə, indiyə qədər olan virusların ömrü üç il olub.
Azərbaycanın səhiyyə mütəxəsislərinin açıqlamalarına görə, hazırda ölkədə epidemioloji vəziyyət nəzarət altındadır və bu nəticəni qorumaq üçün peyvəndləmə prosesini davam etdirmək, sosial məsafəni qorumaq, tibbi maska tələbinə əməl etmək lazımdır.
Bəs ÜST-nin dediyi kimi gələn ilin yaz aylarına doğru yoluxma sayında daha da azalma müşahidə edə bilərikmi? Ölkəmizdə buna nail olmaq üçün hansı addımların atılmasına ehtiyac var?

Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının şöbə müdiri, tibb elmləri doktoru Nuran Abdullayev AYNA-ya açıqlamasında deyib ki, yaz aylarına doğru yoluxma sayında azalma müşahidə ediləcək: “Bu gün elmə məlumdur ki, koronavirusların may və noyabr aylarında yoluxduruculuğu artır. Yəni bu günə qədər bəlli olan viruslar həmin aylarda ciddi şəkildə aktiv olmağa başlayır. Bu gün sözügedən SARS-CoV-2 virusu da özünü bu cür göstərir. Aktivləşdikdə də müəyyən zamandan sonra dalğaya səbəb olacaq səviyyədə yoluxma sayı yaradır”.
“Artıq bir çox ölkələrdə “Delta” varinatına görə yaranan dalğada yoluxma sayı çox yüksəkdir, bəzi ölkələrdə pik həddə çatıb və bəzilərində də stabilləşərək aşağıya düşməyə istiqamətlənir. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, “Delta” varinatının yaratdığı dalğa yaz aylarına doğru enməyə başlayacaq, yoluxma sayında azalma müşahidə edəcəyik”, - deyə mütəxəssis bildirib.
Onun sözlərinə görə, buna baxmayaraq, “Omicron” ştammı vəziyyəti çətinləşdirə bilər: “Bu gün vəziyyəti çətinləşdirən və əvvəldə qeyd etdiyimiz elmi nəticəyə mane ola biləcək amil “Omicron” ştammıdır. Bu variant artıq bir sıra Avropa ölkələrində ciddi problemlər yaradıb. Təəssüf ki, “Omicron” ştammının yoluxuculuq əmsalının bu günə qədər olan variantlardan daha yüksək olması “Delta” ştammının yaratdığı dalğadan çıxmadan yeni bir dalğa ilə üz-üzə qalacağımıza səbəb ola bilər. Bunun da nəticəsində yaz aylarında yoluxma sayı ilə bağlı nəzərdə tutulan səngiməni uzun müddətli görməyə bilərik”
Abdullayev əlavə edib ki, “Omicron” ştammının bir neçə aydan sonra müəyyən ölkələrdə yeni dalğaya səbəb olacağı artıq qaçılmazdır və bunu nəzərə alaraq Azərbaycan da ciddi addımlar atmaldır: “Bəzi ölkələrdə “Omicron” ştammı ilə yoluxmaların sayı 2-3 gün ərzində iki dəfədən çox artır. Buna görə də ölkələr artıq elmə əsaslanan və effektiv peyvəndlərin əsas təşkil etdiyi strategiya seçib. Azərbaycanda da effektiv peyvəndlər əsasında təşkil edilm strategiya müəyyən edilməli, ciddi tədbirlər planı hazırlanmalıdır”.
Tarix: 23-12-2021, 08:31
Xəbəri paylaş





Xəbər lenti