Xəstə çox, dərman baha: Tibbi sığorta apteklərdə niyə keçərli olmur?


Xəstə çox, dərman baha: Tibbi sığorta apteklərdə niyə keçərli olmur?

Məlum olduğu kimi, bu il aprelin 1-dən ölkənin bütün bölgələrində icbari tibbi sığortanın tətbiqinə başlanılıb.
Əvvəla icbari tibbi sığortanın hansı xidmətləri əhatə etdiyini nəzərdən keçirək. İcbari Tibbi Sığorta layihəsi dövlət tərəfindən həyata keçirilir. Tətbiqinin məqsədi tibbi xidmətləri vətəndaşlar üçün əlçatan və tam pulsuz etməkdir. İcbari Tibbi Sığorta çərçivəsində təklif edilən Xidmətlər Zərfinə 2550 sayda tibbi xidmət daxildir. Xidmətlər Zərfinə təcili tibbi yardım xidməti, ilkin səhiyyə xidməti, stasionar şəraitdə aparılan tibbi xidmətlər, terapevtik müalicələr, cərrahi əməliyyatlar, habelə açıq və qapalı ürək əməliyyatları və s. kimi 950 sayda cərrahi əməliyyat daxildir. Məlumat üçün bildirək ki, kosmetik prosedurlar və plastik cərrahiyyə, stomatoloji xidmətlər, süni mayalanma və orqan transplantasiyası icbari tibbi sığortaya aid edilmir.
Bəs icbari tibbi sığortaya hansı dərman preparatları daxil edilib?
Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaydığı məlumata görə, yalnız stasionar müalicə və təcili təxirəsalınmaz tibbi yardım zamanı istifadə olunan dərman vasitələri icbari tibbi sığortaya daxildir. İki il öncə Azərbaycanda səfərdə olan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Səhiyyə məsələləri üzrə baş iqtisadçısı Melitta Jakab da bəzi dərmanların icbari tibbi sığorta paketinə daxil edilməsini qeyd etmişdi:
“Paketə qan təzyiqini aşağı salan, şəkər xəstəliyi üçün nəzərdə tutulan, uşaqları infeksiyadan, xüsusilə tənəffüs yolları infeksiyalarından qoruyan antibiotiklər, hamilə qadınlar üçün folik asid və dəmir əlavə edilə bilər”.
Qeyd edək ki, bu il Azərbaycana əczaçılıq məhsullarının idxalı kəskin bahalaşıb. Dövlət Gömrük Komitəsinin yaydığı məlumata görə, 2021-ci ilin 11 ayı ərzində Azərbaycana 477 milyon 149 min dollar dəyərində 19 min 901 ton əczaçılıq məhsulları idxal edilib. Ötən ilin 11 ayı ərzində isə Azərbaycana 331 milyon 175 min dollar dəyərində 20 min 633 ton əczaçılıq məhsulları idxal edilib. Bu, o deməkdir ki, əczaçılıq məhsullarının idxalı dəyər ifadəsində 44% artıb, miqdar ifadəsində isə 3,6% azalıb. Rəqəmlərdən də göründüyü kimi, Azərbaycana tibbi ləvazimat və dərman idxalı azlasa da, qiymətləri bahalaşıb. Bu ilin iyun ayında isə Tarif Şurası dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin artırılması haqqında qərar qəbul edib.
Beləliklə, ölkədə tibbi sığortaya pul ayıran vətəndaşın müalicəsinə lazım olan dərman preparatları nə zaman Xidmətlər Zərfinə daxil olacaq?
Mövzu ilə bağlı Cebhe.info-ya danışan həkim-farmokoloq Aydın Əliyev deyib ki, tibbi sığorta hesabına aparılan müalicədə istifadə olunan dərman vasitələri də tibbi sığortaya daxil olmalıdır:

“Şəxsi fikrimi deyim ki, hələlik icbari tibbi sığorta ölkədə oturuşmuş vəziyyətdə deyil. Bunun bir çox səbəbləri var. Azərbaycanda parodoksal bir hal var. Azərbaycan səhiyyəsində müalicənin təqribən 73-75 faizini camaat verir. İnkişaf etmiş ölkələrdə bu, ancaq 20 faizdir. Yəni biz səhiyyəyə çox xərc çəkirik. Hələlik icbari tibbi sığorta oturuşmayıb. Hətta fikir verirsinizmi, müəyyən xəstəliklər müalicə olunmalı yerlərdə də nə qəədr get-gəl, narazılıq var. O cümlədən, dərmanlala bağlı. Əgər müalicə tibbi sığorta hesabına aparılırsa, dərman da o hesaba daxil olmalıdır. Məsələn, həmin xəstəxana bilməlidir ki, bu xəstəlikləyin müalicəsinə lazım olan dərmanın bir hissəsini protokola əsasən verə bilir”.
O bildirib ki, Azərbaycanda əhalinin də bu cəhətdən kütləvi savadlılığında problem var:
“Biz hüquqlarımızı tələb eləmirik axı. İcbari tibbi sığorta bizdə yeni olduğuna görə, çox saylı problemlər var. Problemin ən birinci səbəbi əhalinin yüksək maaş almaması və tibbi sığortaya yüksək məbləğ ayırmamasıdır”.
Həkim hesab edir ki, problemlərdən biri də dərmanların çox hissəsinin idxalıdır: “İdxalda da monopoliya, keyfiyyətsiz dərmanların gətirilməsi var. Sağlamlıq təsərrüfatında problemlər çoxdur, amma bu problemlərin çoxu səhiyyə ilə bağlı deyil. İnsan sağlamlığına zərbə vuran keyfiyyətsiz sular və qidalardır. Öz pulumuzu , milyonlarımızı xaricə veririk. Dərd burasındadır ki, onlar da keyfiyyətli məhsul vermirlər, bəlkə işbazlar ucuz gətirib çox baha satırlar. Biz özümüzü çox vaxt tənqid edirik. Amma özünə demokrat deyənlər keyfiyyətsiz dərmanlar satmaqda daha çox maraqlıdırlar. Bu fakt onu göstərir ki, Azərbaycan mütləq əhalinin sağlamlığında yerli, keyfiyyətli qidalar istehsal edən müəssisələr və dərman zavodu açmağa məcburdur”.
Tarix: 23-12-2021, 22:53
Xəbəri paylaş





Xəbər lenti