Azərbaycanda “korona” “iri addımlarla geriləyir” - səbəblər



Ekspertə görə, vaksinasiya prosesi düzgün aparıldığı üçün yoluxma bu qədər aşağı düşüb
Dünyada koronavirus (COVİD-19) və onun yeni ştammı ilə bağlı vəziyyət gərginləşdiyi, Yeni il tədbirlərinin ertələndiyi bir vaxtda Azərbaycan “rekord”a yaxınlaşır.  Bir gün əvvəl infeksiyaya 306 yeni yoluxma faktı qeydə alınıb, 560 nəfər müalicə olunaraq sağalıb, analiz nümunələri müsbət çıxan 11 nəfər vəfat edib.
Qeyd edək ki, əhali sayına görə Azərbaycandan iki dəfə az olan həm Ermənistanda, həm Gürcüstanda vəziyyət ağırdır, eləcə də Rusiya, İran və Türkiyədə də yoluxma və ölüm statistikası yüksək olaraq qalır. Azərbaycanda isə hələ də yeni ştamma yoluxma faktı olmadığı deyilir. Amma ölkə əhalisi arasında xəstələnənlər çoxdur, bunun əksəriyyətinin isə mövsümi qrip olduğu deyilir. İddiaya görə, Azərbaycanda yeni ştammı üzə çıxaracaq laboratoriya yoxdur.
Yeni illə bağlı ölkədaxili və ölkəxarici səfərlərin artacağını nəzərə alsaq, 2022-ci ilin yanvarında virusa yoluxma artacaq. Bəs dünyadakı yoluxma sayı ilə müqayisədə Azərbaycanda kəskin azalma üçün kimə və nəyə borcluyuq? Bunu real rəqəmlər hesab edə bilərikmi?
Mövzu ilə bağlı Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının reanimasiya şöbəsinin müdiri Emil Qasımov “Yeni Müsavat”a bu və digər suallarla  bağlı cavab verib. O qeyd edib ki, son günlər xəstəxanaya COVİD xəstələrinin gəlişi xeyli azalıb: “Azərbaycanda yoluxma sayının azalmasının səbəbi vaksinasiya strategiyasının əvvəldən düzgün aparılması oldu. Hər şey peyvəndlərin sayı ilə bağlıdır. Peyvəndlərin sayı nə qədər çox olsa, buster doza nə qədər çox olsa, hətta ”Omikron“ bizim ölkəmizdə olsa belə, xəstəliyi yüngül keçirmə ehtimalımız çoxdur. Ona görə burada əsas məsələ vaksinasiyadır. Zatən mutasiyalar bitməyəcək. Biri bitəcək, bir başqası gələcək. Pandemiya davam etdikcə yeni mutasiyaların əmələ gəlmə ehtimalı çoxdur. Əldə etdiyimiz məlumatlara görə,  ”Omikron"la bağlı xəstəliyin kliniki gedişində yüngülləşmə var".

Həkim qeyd edib ki, hazırda ölkəmizdə başqa virus infeksiyaları yayılıb: “İndi elə bir mövsümdür ki, digər viral infeksiyaların olma ehtimalı çoxdur. İnsanlar da  bunu çox vaxt  koronavirusla səhv salırlar. Əgər bu, COVİD olsaydı, xəstələr ağırlaşaraq xəstəxanaya gələrdilər. Ancaq xəstə  sayında xeyli azalma var. Bu da peyvənd olunanların sayının çox olması ilə əlaqədardır. Xəstəxanaya gəliş səbəbinin azalması bütün dünyada olduğu kimi peyvəndlənənlərin sayının çoxalmasıdır. Hazırda insanlar xəstəliyi yüngül keçirirlər”.
Həkim koronavirusun kliniki gedişatında hər hansı dəyişikliyin olmadığını deyib: “Hazırda bizə müraciət edən xəstələrdə eyni simptomlar müşahidə edilir. Dəyişən heç nə yoxdur. Yalnız iybilmə-dadbilmə əvvəllər daha çox itirdi. Digər əlamətlər hərarət, halsızlıq, bədən ağrısı, öskürək yenə də var. Dəyişən bir simptom müşahidə etmirəm”.
Müsahibimiz “bəziləri hesab edir ki, bel, əzələ ağrısı yoxdursa, COVİD sayılmır, bu doğrudurmu” sualına belə cavab verib: “COVİD-dirsə, bel ağrısı olmalıdır deyə bir anlayış yoxdur. Bel ağrısı koronavirusa xas bir əlamət deyil. Ola da bilər, olmaya da. Düşməyən hərarət, bədənin hər yeri - baş, bel, oynaqlar, ağrıya bilər. Ümumi halsızlıq, öskürək... Əsas xüsusiyyətləri budur. Təbii ki, digər viruslarda da bu əlamətlər ola bilər. Bunu  bilmək üçün həkimə müraciət etmək lazımdır”.
E.Qasımov yeni, daha təhlükəli virusların olacağı barədə verilən proqnozlara da münasibət bildirib: “Mən bu cür şou xarakterli fikirlərə inanmıram, əhəmiyyət vermirəm. Bu kimi fikrilərin elmi əsası yoxdur. Hələ ki dünyanın əsas problemi COVİD-dir. Pandemiya davam edir. Bununla mübarizə aparmalıyıq. Məni insanların biganəliyi üzür. Ən narahat olduğum məqam budur ki, ətrafımda bir çox insanlar var ki, iki il keçib, hələ də COVİD-ə ciddi yanaşmırlar. Peyvənd olunmayıblar. Peyvənd olunanlar üçüncü doza almır. İnsanlarımıza 3-cü, buster dozanın vurulmasını məsləhət görürəm”.
Həkim 3-cü dozadan sonra vəziyyəti ağırlaşanların olması barədə iddialara münasibət bildirib: “Mənim ixtisasım budur ki, əsasən ağırlaşmış xəstələrə baxıram. Artıq ölkəmizdə bir il olacaq ki, vaksinasiya başlanılıb. Amma peyvənddən ağırlaşan xəstə heç mənə müraciət etməyib. COVİD-dən hər gün ağırlaşan xəstələrlə rastlaşırıq. Yenə də əvvəlki kimi yaşı 60-dan yuxarı olanlar, diabet xəstələri, yanaşı xəstəliyi olanlar əsasən ağır vəziyyətdə müraciət edirlər”.

İnfeksionist Nicat Əzimli isə “Omikron” variantı ilə bağlı əsas məqamlara diqqət çəkib: “”Omikron" variantının Cənubi Afrikada qeydə alınması o demək deyil ki, virus Afrikada əmələ gəlib. Virusun bu qədər mutasiyalarının olması özlüyündə şübhə yaradır, onun mütləq sələfləri olmalıdır. Aşkarlanan variantla özündən əvvəlki variantlar arasında oxşarlıq olmalıdır. 80-dən çox fərqli mutasiya ilə virusun ortaya çıxması gedişatı şübhə altına alır.
Bəli, virus qeydə alındı, bəs sələfləri haradadır? Həmin mutasiyaların əksər hissəsi aşkarlanan başqa bir variant da qeydə alınmalı idi. Bu, mərhələli gedən prosesdir və iki ehtimalı ortaya çıxarır. Birincisi, insandakı COVİD-in hər hansı variantı heyvan populyasiyasına yoluxub və heyvan populyasiyasında çoxalaraq, dəfələrlə mutasiya keçirərək sonda bu variant ortaya çıxıb. Yenidən insana yoluxaraq insanlar arasında yayılmağa başlayıb. İkinci ehtimala görə, bu, hər hansı laboratoriyada xüsusi prosedur nəticəsində hazırlanıb, süni yolla yayılıb. Bu, qeyri-mümkün görünür və çətin prosesdir. Fikrimcə, bu haqda düşünmək məntiqli deyil. Bunun heyvandan insana keçməsi daha real görünür. O ki qaldı vaksinlərin bu ştamma qarşı təsirinə, “Pfizer” vaksini “Delta” variantı üzərində effektivliyini qismən itirdi. Effektivlik azaldığı üçün məlum oldu ki, bir doza “Pfizer” vaksini olunmuş şəxslər "Delta" variantına yoluxarsa, xəstəliyin gedişatında heç bir yüngülləşmə və yaxud qorunma təminatı verilmir. İki doza “Pfizer” vaksini olunmuş şəxslər “Delta” variantına yoluxan zaman xəstəliyin ən ağır dərəcəsindən qorunmuş olur. Yəni “Pfizer”i 2 doza almış şəxs "Delta" variantından qorunurdu. Amma “Omikron”a yoluxma zamanı “Pfizer” vaksini olunmuş şəxslər 40 dəfə daha zəif qorunur. Bu, vaksin üçün çox aşağı effektdir.
Tədqiqatlar nəticəsində məlum olub ki, iki doza yox, üç doza “Pfizer” vaksin olunmuş şəxs “Delta” virusuna qarşı yaranmış qoruyuculuqla müqayisədə “Omikron” variantında 25 dəfə daha zəif qorunmuş olur. Lakin bu göstərici 25 dəfə daha zəif olsa belə, peyvənd “Omikron” variantının yarada biləcəyi xəstəliyin ağır formasından qorumuş olur. Bu o deməkdir ki, “Omikron” variantından bizi qoruyacaq vaksin “Pfizer”dir və 2 doza kifayət deyil, üçüncü doza “Pfizer” vaksini qoruyucudur".
Tarix: 29-12-2021, 08:54
Xəbəri paylaş





Xəbər lenti