AZƏRBAYCANDA "OMİKRON" ŞTAMI AŞKARLANDI - Əhaliyə müraciət



Azərbaycanda koronavirusun "Omikron" ştamı aşkarlanıb.
Bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumat yayıb.

Qeyd olunub ki, “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi davam edir: "Koronavirusun mutasiyaları nəticəsində son zamanlar meydana çıxan yeni "Omikron" variantı bütün dünyada olduğu kimi Azərbaycanda da ciddi narahatlıq doğurur. Ölkədə epidemioloji vəziyyətin nəzarətdə saxlanılması üçün görülən tədbirlər çərçivəsində virusunun genetik variantlarına dair mütəmadi analizlər aparılır".
Birgə məlumatda bildirilib ki, aparılan araşdırmaların növbəti mərhələsində ölkə xaricindən gələn şəxslərdən götürülən nümunələrdən 12-də SARS-CoV-2 21K Omicron variantı aşkarlanıb: "Aparılan tədqiqatların nəticələri bir daha göstərir ki, virusun yeni və sürətlə yayılan təhlükəli variantlarından qorunmağın ən effektiv yolu vaksinasiyadır. Əhalinin vaksinasiyada aktiv iştirakı nəticəsində Azərbaycanda epidemioloji vəziyyətin sabit qalmasına nail olunub.
Səhiyyə qurumları vətəndaşlarımızı yayılan yeni ştamdan qorunmaq üçün İkinci dozadan və yaxud xəstəliyə yoluxub sağaldıqdan 6 ay sonra qoruyucu immunitetin səviyyəsinin azalmasını nəzərə alaraq, bədənin anticisimlərini yenidən yüksək səviyyəyə çatdırmaq üçün gücləndirici (buster) doza ilə peyvəndləməyə çağırır. Vaksinasiya ilə yanaşı, xüsusi karantin rejiminin qaydalarına da riayət olunmalıdır. Fiziki məsafənin saxlanılması, maskalardan istifadə və əl təmizliyi kimi qaydalar, virusun variantından asılı olmayaraq, xəstəlikdən qorunmağın və normal həyata qayıtmağın yeganə yoludur".
Tarix: 10-01-2022, 14:09
Xəbəri paylaş





Xəbər lenti