“Dedi ki, bir həkim tap, 8 min versin, onu sertifikasiya imtahanından keçirim” - Nazirliyə şok ittiham
Məlumdur ki, ölkəmizdə həkimlər üçün 5 ildən bir sertifikasiya imtahanı keçirilir. Lakin son illər keçirilən sertifikasiya imtahanı zamanı verilən suallar həkimlərin narazılığına səbəb olur. Məsələ ilə bağlı Yenisabah.az-a danışan radioloq, Azərbaycan Həkimləri İctimai Birliyinin sədr müavini Aydın Əliyev bildirib ki, sertifikasiya imtahanında tərtib edilən suallar arasında elələri var ki, bu peşənin sahiblərini rəsmən ələ salırlar: "Həkimlərin sertifikasiyası ilə bağlı narazılıq edənlər haqlıdır. Bu imtahanda sualların əksəriyyətində səhvlər var. O suallarda insan beynini inkişaf etdirəcək, düşündürücü məqamlar demək olar ki, sıfır səviyyəsindədir. Ancaq şablon suallar verilir. İmtahan üçün seçilmiş suallarda çox gülməli məqamlar var, biabırçılıqdır. Bundan əlavə, tərtib edilmiş suallarda çoxlu hərf səhvləri, cümlə quruluşu səhvləri var. Sanki sualları "Google Translate" ilə tərcümə edib, sonra da kopyalayıblar. Çox biabırçı orfoqrafik səhvlərə tez-tez rast gəlmək olur, bəzi suallarda şəkilçilər qeyd olunur. Siz gedib Amerikada Tibb Universitetini qırmızı diplomla bitirsəniz belə, gəlib bizim sertifikasiya imtahanından kəsiləcəksiniz. Yaxud bizim sertifikasiya imtahanını onların tələb etdiyi kimi cavablasanız, daha sonra işləməyə başlasanız, xəstələri öldürəcəksiniz. Sertifikasiya imtahanından keçəndən sonra 1 ay işləmək mələhət deyil ki, o 1 ay ərzində beynini "formatlayasan". Onun sözlərinə görə, bu sualları tərtib edənlər qətiyyən peşəkar insan deyillər. Bundan əlavə, həkimlərin sertifikasiya imtahanında rüşvətlə bağlı bir sıra problemlər də mövcuddur: "Sualları tərtib edənlər qətiyyən peşəkar insanlar deyillər. Orada çoxu rusdillilərdir, heç ana dilində düz-əməlli danışa bilmirlər. Təəssüflər olsun ki, sualları da bu tərzdə hazırlayıb gülməli şeylər yazırlar. Bu, biabırçılıqdır. Dərd orasındadır ki, onlar özlərindən qat-qat savadlı insanları sual-cavab edirlər. Suala baxırsan ki, məntiqi cavabı bəllidir, amma cavablarda tamam ayrı şey qoyublar və onların dediyi qaydada cavab verməsən imtahandan kəsiləcəksən. Təəssüf ki, absurd bir vəziyyət yaranıb, biz həkimlər nələr yaşayırıq, onu bir Allah bilir. Bir dəfə kosmetoloqlardan biri mənə dedi ki, bir həkim tap, 8 min versin, onu sertifikasiya imtahanından keçirim. Bir müddət sonra mühasiblərdən biri dedi ki, məni sertifikasiya şurasından divara dirəyiblər ki, həkim tap gətir, pulla sertifikasiya imtahanından keçirək". Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, Səhiyyə Nazirliyi tərəfindən bütün həkimlər və tibb bacıları sertifikasiya imtahanına cəlb olunur. İmtahanlardan keçən həkimlərə 5 il müddətinə praktiki tibbi fəaliyyətlə məşğul olmaq imkanı verilir. İmtahandan keçə bilməyən işçilər isə 6 aylıq kurslara göndərilir və bu müddət başa çatdıqdan sonra onlar 2-ci dəfə də imtahana dəvət olunur. İkinci halda da sertifikasiyadan keçə bilməyən həkimlərə praktiki tibbi fəaliyyətlə məşğul olmaq qadağan edilir.