“Artıq 2 aya yaxındır ki, boyu qısa olan uşaqların boyunu artırmaq üçün dövlət tərəfindən verilən, büdcədən pul ayrılan bahalı “Norditropin” preparatı (Somatotrop hormon, somatropin, qiyməti təqribən 200 AZN-dir) TƏBİB tərəfindən xəstələrə verilmir”.
Yeniavaz.com xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa Diaqnostikası şöbəsinin müdiri, həkim-radioloq Aydın Əliyev sosial şəbəkə hesabında yazıb.
“Daha doğrusu “öz adamlarına” verilir, yüzlərlə ehtiyacı olan uşaqlara isə “naməlum” və “qaranlıq” səbəblərdən verilmir. Qələm şəklində olan bu preparatın təqribən həftədə 1 flakonu uşağa inyeksiya edilməlidir. Beləliklə, hazırki iqtisadi çətin durumda olan əksər valideynlər öz övladlarını bu preparatla təmin etmək üçün ayda 800-1000 manat pul xərcləməlidirlər! Bu insanlar çox çətin duruma düşüblər”, - deyə A. Əliyev bildirib.
Məsələ ilə bağlı TƏBİB-dən Turan-a bildirilib ki, uşaqlarda boy hormonunun müalicəsi üçün istifadə olunan dərman vasitəsi “Novo Nordisk” əczaçılıq şirkəti tərəfindən istehsal olunur:
“2020-ci ildən 2023-cü ilin avqust ayına qədər bu preparatın təminatı 1500-ə qədər uşağı əhatə edib. Lakin cari il ərzində dünyada boy hormonunun müalicəsi üçün nəzərdə tutulan preparatların xammalının əldə olunmasında yaranan çətinlik səbəbindən artıq 2 aydır ki, istehsalçı şirkət adıçəkilən preparatın təminatını dayandırıb”.
Qurumdan vurğulanıb ki, yaranmış problemin aradan qaldırılması məqsədilə TƏBİB tərəfindən dərhal zəruri addımlar atılıb:
“Növbəti aydan boy hormonunun müalicəsində istifadə olunan preparatın TƏBİB-in tabeliyində fəaliyyət göstərən Respublika Endokrinoloji Mərkəzinə təminatının başqa şirkət vasitəsi ilə bərpa olunması nəzərdə tutulub”.